İnsanlara hürriyət, millətlərə istiqlal!

Cani erməniləri və Avropadakı “müxalif”ləri ekstradisiya etmək asanlaşdı

Dördüncü Protokolun təsdiqlənməsinin hansı faydaları olacaq; deputat Elşən Musayev: “Bəzən dövlətlər nəinki cinayətkarı təhvil vermək haqda düşünmürlər, hətta onlara viza dəstəyi belə göstərirlər”

“Təxribatçı fikirlərlə çıxış edən insanlar haqqında təcili cinayət işi başlanmalıdır”

Milli Məclis “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolu təsdiq edib.

Bu protokolun məğzini şərh edən deputat Azay Quliyev deyib ki, Milli Məclis bu protokolu ratifikasiya etdikdən sonra onun müddəalarından və bütövlükdə, konvensiyanın verdiyi imkanlardan maksimum istifadə edərək ölkəmizə və vətəndaşlarımıza qarşı ən müxtəlif cinayətlər, xüsusilə hərbi, soyqırım və insanlıq əleyhinə cinayət törətmiş ermənilərin ədalət mühakiməsinə cəlb olunmasına və layiqli şəkildə cəzalandırılmasına nail olmağa çalışmalıyıq.

Azay Quliyev: “Şirnikləndirici iş elanları araşdırılmalıdır” - VİDEO

Azay Quliyev

Sitat: “Qeyd olunduğu kimi, Dördüncü Protokol "Ekstradisiya haqqında" Avropa Konvensiyasının bir sıra müddəalarını, xüsusilə müddətin keçməsinə dair 10-cu maddənin, sorğu və əlavə sənədlərə dair 12-ci maddənin, üçüncü dövlətə verilməyə dair 15-ci maddənin yeni redaksiyada verilməsi və təkmilləşdirilməsi bizə imkan verəcək ki, cinayət törətmiş həmin şəxsləri tələb edə bilək. Dünən Baş Prokurorluqdan aldığım son məlumata görə, təkcə 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri və digər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasına, mülki vətəndaşlarına qarşı müxtəlif beynəlxalq cinayətlərin törədilməsi faktları aşkar edilməklə başlanılmış ümumilikdə 87 cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

87 cinayət işindən 9 cinayət işi üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Ermənistanın cinayət törətmiş bu şəxsləri hələlik bizə verməyəcəyi bəllidir, lakin biz konvensiyanın müddəalarından istifadə edərək Rusiya, Fransa və Gürcüstandan olan təqsirləndirilən şəxslərin Azərbaycana gətirilərək cəzalandırılmasına nail olmalıyıq. Düzdür, təəssüflə qeyd etməliyik ki, cinayət törətməkdə şübhəli bilinən şəxsləri qırmızı bülletenlə də olsa beynəlxalq axtarışa versək də, İnterpol bir çox hallarda onların tutulması üçün lazımi tədbirlər görmür, bəzən isə saxladıqları şəxsləri siyasi motivlərlə azad edirlər. Ancaq bütün bu maneələrə baxmayaraq, ümid edək ki, Dördüncü Protokolun ratifikasiyasından sonra yuxarıda qeyd olunan şəxslərin ölkəmizə ekstradisiya edilməsi asanlaşacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər".

Belə aydın olur ki, bu protokolun təsdiqi Azərbaycana qarşı cinayətlər törətmiş erməni canilərin İnterpol vasitəsilə ekstradisiyasına nail olmağa imkan verəcək.

Eyni zamanda deputat Siyavuş Novruzov parlamentdə müzakirə zamanı maraqlı açıqlama verib. O bildirib ki, belə konvensiyalar qəbul olunanda qarşılıqlı şəkildə öhdəliklərə əməl olunmalıdır: “Bu gün Avropa ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən kifayət qədər adamlar var. İnsanları təhqir edirlər, şərəf və ləyaqətini təhqir edirlər, dövlət başçısına, deputatına, sənət adamına qədər hər kəsi. Amma bu barədə məsələ qaldırılan kimi, həmin şəxsləri Fransa İtaliyaya, İtaliya Almaniyaya ekstradisiya edir. Halbuki Azərbaycana ekstradisiya olunmalıdır, məsələnin Almaniya, ya İtaliyaya aidiyyəti yoxdur”.

Buradan həm də belə qənaət formalaşır ki, Avropada Azərbaycana qarşı fəaliyyət göstərən, özünü toxunulmaz hiss edən bəzi “yutuberləri” də bu protokolun ratifikasiyasından sonra rahatlıqla ölkəmizə gətirmək, məsuliyyətə cəlb etmək mümkün ola bilər.

Bəzi ekspertlər isə bildirir ki, məlum protokolun təsdiqindən sonra beynəlxalq cinayətlərdə, korrupsiya qalmaqallarında adı keçən məmurları, şəxsləri də Azərbaycan qarşılıqlı öhdəlik olaraq onları şahid və ya digər qisimdə tələb edən ölkələrə təhvil verə bilər. Məsələn, hazırda Londonda çirkli pulların yuyulması üzrə işdə bir neçə məmurun adı keçir və onlar istintaqa cəlb edilmək üçün istənilsələr də, baş tutmayıb. Amma bundan sonra verilə biləcəklərinə dair iddialar var.

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist  qərarını alqışlayır - AZƏRTAC

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev çox vacib qərarın qəbul edildiyini söylədi: “Bu protokol cinayət törətmiş şəxslərin təhvil verilməsi üçün yeni və daha konkret əsasları müəyyən edir. Təbii, bu, olduqca əlamətdar haldır və gələcəkdə ekstradisiya ilə bağlı bir çox hüquqi prosedurların gedişatında öz müsbət rolunu oynayacaq. Amma nəzərə almaq lazımdır ki, ekstradisiyanın özü bir hüquqi mexanizm olaraq son nəticəyə qədər bir sıra mərhələdən keçir: cinayət işinin başlanması, danışıqlar, yazışmalar və sair...

Əvvəla qeyd edim ki, beynəlxalq cinayətlər: soyqırım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri ilk öncə ərazi yurisdiksiyası üzrə təqib edilir. Yəni hadisənin törədildiyi yerin hüquq-mühafizə orqanları cinayət işi açır, istintaq aparır və iş qiyabi xarakter aldıqda cinayətkarlar beynəlxalq axtarışa verilir.  Sırf ermənilərin törətdiyi cinayətlərə hüquqi qiymətin verilməsi məsələsinə gəlincə isə söyləməliyəm ki, burada əsas problem canilərin hazırda Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda olmasıdır.  Məlum fakt isə artıq milli qanunvericiliyin daha qlobal zonaya - beynəlxalq qanunvericiliyə transferini zəruri edir. Qısası, belə məqamda beynəlxalq hüququn devrəyə girməsi mütləqdir.

İkincisi, məlum kontekstdə ən kuryoz məqamlardan biri İnterpolun bu tip cinayətlərin törədicilərinə münasibətdə səssiz, fəaliyyətsiz qalmasıdır. Misal üçün, Xocalı soyqırımında adı keçən, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən ittiham olunaraq beynəlxalq axtarışa verilən cinayətkarların xarici tranzit ötürümündə, bir dövlətdən digərinə adlamasında heç bir problem yoxdur. Yəni demək istədiyim odur ki, bəzən dövlətlər nəinki cinayətkarı təhvil vermək haqda düşünmürlər, hətta onlara viza dəstəyi belə göstərirlər.

Nəhayət, üçüncü məqam. Hazırda  ölkədən kənarda yaşayan və Azərbaycan dövlətinə qarşı, sözün gerçək anlamında, mənəvi terror siyasəti yürüdən antimilli qüvvələr var. Onlar şübhəli şəkildə qorunur və təhvil verilmir. Səbəb isə tam aydın deyil. Və bəzən xaricdəki hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta bayaq haqqında danışdığım İnterpolun nümayəndələri bəlli və motivli cinayətləri “siyasi mənsubiyyət” adı ilə pərdələməyə çalışırlar. Amma bu belə deyil. Çünki siyasi mənsubiyyət cinayət təqibindən kənarda qalmaq, cəzalanmamaq üçün əsas ola bilməz. Üstəlik, həmin insanlar təkcə bizim qanunlarımızla deyil, elə Avropanın öz qanunları ilə də cinayət törədirlər. Yəni hadisəyə haradan, hansı rakursdan baxırsansa bax, cinayətdir. Yox, əgər Avropa həmin cinayətkarları təhvil vermək istəmirsə, o zaman özü sorğulasın, özü islah etsin, özü tədbir görsün. Amma bunu da eləmir. Demək ki, burada aydın məqsədlər var və həmin cinayətkarların da rahatlığı elə məlum səbəbdəndir.

Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə məskunlaşan cinayətkarların ekstradisiyası ilə bağlı bütün mümkün işləri görür. Amma sürəti daha da artırmaq lazımdır. Ölkənin ən təcrübəli və peşəkar istintaqçıları bu işə cəlb edilməlidir. Çünki hazırda Azərbaycana qarşı fəaliyyət göstərən həmin antimilli dəstə sıradan bir məişət cinayəti deyil, məhz dövlətçilik əleyhinə cinayətlər törədir və mütləq cəzalarını almalıdırlar".

Deputat çağırış da etdi: “Bir vacib məqama mütləq toxunmalıyam. Düşünürəm ki, sentyabr ayında ermənilərin törətdiyi növbəti təxribatlar zamanı ermənidən betər erməni olan, erməni üçün ermənidən çox ağlayan, Azərbaycan dövlətini açıq hədəfə alan, təxribatçı fikirlərlə çıxış edən insanlar haqqında təcili cinayət işi başlanmalıdır. Misal üçün, Altay Göyüşov. Görəsən, onun haqqında cinayət işi başlanılıbmı? Dəqiq bilmirəm. Amma başlanılmayıbsa, başlanılmalıdır. Və ya Gültəkin Hacıbəyli. Bu adam hər facebook statusu, hər fikri, hər açıqlaması ilə dövlətə terror edir. Onu ki, ekstradisiya etməyə ehtiyac yoxdur. Bakıdadır. Oturub, dövlətin verdiyi lüks evində və həmin dövləti də hədəfə alıb. Niyə imkan veririk belə davranışa? Niyə cəzalandırılmır? Adamın cümləsini demirəm, hətta hər nöqtəsində, vergülündə belə cinayət detalı, cinayət tərkibi var. İndi müxalifətçidir deyə ağlına gələni etməlidir? Kim verib ona bu ixtiyarı?

Sözümün canı odur ki, təkcə ekstradisiya haqda yox, eyni zamanda bir addımlığımızda olan cinayətkarların islah edilməsi, cəzalandırılması haqda da düşünməliyik. Milli Məclisdə təsdiq olunan yeni Konvensiya Protokolunun isə cinayətkarların təhvil verilməsi prosesində daha böyük imkanlar yaradacağına əminəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR