Onlayn ictimai-siyasi qəzet
Yeni Zelandiyalı əsgərlər Conkbayırında Haka rəqsi ifa etdilər – 110 illik anım mərasimindən görüntülər yayıldı
Çanaqqala döyüşlərinin simvol yerlərindən biri olan Conkbayırında Yeni Zelandiya əsgərləri unikal mədəniyyət nümunəsi olan Haka rəqsini ifa ediblər. Tədbir, I Dünya Müharibəsi zamanı bu bölgədə həlak olmuş Yeni Zelandiyalı əsgərlərin ölümünün 110-cu ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində təşkil olunub. Musavat.com xəbər verie ki, sosial şəbəkələrdə geniş paylaşılan görüntülərdə əsgərlərin Haka rəqsini böyük emosional coşqu ilə ifa etməsi diqqət çəkib.
Haka – Yeni Zelandiyanın yerli Maori xalqına məxsus ənənəvi döyüş rəqsidir. Bu rəqs həm qarşıdakı döyüşə hazırlıq, həm də həlak olanların xatirəsinə hörmət əlaməti kimi ifa olunur. Conkbayırında təqdim olunan Haka rəqsi də Yeni Zelandiyalı hərbçilərin ata-babalarının xatirəsinə ehtiram məqsədi daşıyır.
Tədbirdə həm Türkiyə, həm də Anzak ölkələrinin – Avstraliya və Yeni Zelandiyanın hərbi və diplomatik nümayəndələri iştirak ediblər. Sosial şəbəkədə bəzi istifadəçilər hadisəni “emosional və hörmətli jest” kimi qiymətləndirsə də, bəziləri bu rəqsin döyüş meydanında canlarını itirən digər xalqların xatirəsinə uyğun təqdim olunub-olunmaması barədə müzakirələr aparırlar.
Musavat.com bildirir ki, Azərbaycanlı yazar və ictimai fəal Telman İsa isə sosial şəbəkədə yayımladığı paylaşımda bu mənzərəni duyğusal şəkildə şərh edərək, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı məktubun məşhur hissəsini xatırladıb. Həmin məktubda Atatürk yazırdı:
“Bu məmləkətin torpaqlarında qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətənin torpağındasınız. Hüzur və sükun içində uyuyunuz… Artıq bizim övladlarımız olmuşsunuz.”
Mərasimdə təqdim olunan video görüntülər və Yeni Zelandiyalı əsgərlərin səmimi çıxışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Musavat.com hadisənin görüntüsünü oxuculara təqdim edir və tarixi yaddaşın mədəniyyətlə necə birləşə bildiyinin bu təsirli nümunəsini qeydə alır.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ