Onlayn ictimai-siyasi qəzet
Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.
Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.
Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.
Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.
Dağıstanda kifayət qədər məşhur biznesmen olan Cabirin qətli ilə bağlı ərazidəki kameralara baxış keçirilərkən həmin müddətdə binaya 2 nəfərin daxil olması və ya çıxması müşahidə edilməyib. Bu zaman müşahidə kameralarında hicaba bürünmüş kişinin binanı tərk etməsi əks olunub.
Bundan sonra Röya yenidən ifadəyə çağırılıb. O, ikinci ifadəsində ərini özü öldürdüyünü bildirib. Cabirin ona və övladlarına daim şiddət göstərdiyini iddia edən qadın onun Dubaydan gəlməsini gözlədiyini, yatan kimi plintusla zərbələr endirərək öldürdüyünü deyib.
Lakin bu ifadə də hüquq-mühafizə orqanlarına kifayət etməyib və hadisə baş verən gecə binadan hicaba bürünmüş halda çıxan kişinin kimliyi üzərində araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxs 20 yaşlı idmançıdır və Röya ilə sevgi münasibətləri olub.
3-cü ifadəsində binanın girişindəki müşahidə kamerasına düşən gəncin qaydasız döyüşlə məşğul olduğunu və onunla sevgili olduğunu deyən qadın bu dəfə hər şeyi etiraf edib. O, bildirib ki, Cabir Dubaydan qəfil qayıdıb və həmin vaxt sevgilisi onların evində olub. Cabir həmin şəxsi döymək istədikdə 20 yaşlı gənc onu döyərək qətlə yetirib. Hadisədən sonra isə idmançı hicab geyinərək oradan uzaqlaşıb.
Cabir Nəsirovun yaxınları “Qafqazinfo”ya açıqlamalarında Röya Nəsirovanın və onunla əlbir olmaqda şübhəli bilinən sevgilisinin artıq saxlanıldığını bildiriblər. Onlar həmçinin iddia ediblər ki, hadisədən sonra evdən xeyli miqdarda bahalı əşyalar oğurlanıb.
Fotoda: Cabir Nəsirov
Fotoda: Röyə Nəsirova
Fotoda: Qətldə şübhəli bilinən idmançı Süleyman Süleymanov
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ