İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buzlu havada bunu etsəniz...” - DYP rəsmisindən XƏBƏRDARLIQ

“Sürüşkən yolda avtomobil idarə etmək asan deyil. Qarlı hava şəraitində baş verən yol-nəqliyyat hadisələrinin bir neçə səbəbi var”.

Musavat.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev yol qəzalarının baş vermə səbəbləri barədə danışarkən deyib.

O qeyd edib ki, əsas səbəblərdən biri bəzi sürücülərin şinlərə diqqət etməməsidir: “Bəzi sürücülər şinləri dəyişmir. Bir çox ölkədə nəqliyyat vasitələri üçün yay və qış şinləri olur. Bizdə isə sürücülər buna fikir vermirlər. Çox güman düşünürlər ki, xüsusilə Bakıda qış mövsümü o qədər də sərt keçmir. Buna görə də şinləri dəyişməyə ehtiyac duymurlar. Digər səbəb təbii ki, yolların buz bağlaması səbəbindən sürüşmənin olmasıdır. Hətta təcrübəli sürücülər də nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, sürüşkən yollarda avtomobil idarə etmək qeyri-mümkündür. Təcrübəli sürücülər manevr edə bilirlər. Onu da qeyd edək ki, buzlu havada əyləcdən istifadə sürüşməni daha da artırır. Bütün sürücülərdən xahiş edirik ki, təcrübə kifayət qədər deyilsə, avtomobilin şinləri yollara uyğun deyilsə, ictimai nəqliyyatdan istifadə etsinlər”.

DYP rəsmisi piyadalara da müraciət edib: “Valideynlərdən xahiş edirik ki, uşaqlara nəzarət etsinlər. Bəzən avtomobil yollarının kənarında sürüşən uşaqları görürük. Bu da real təhlükə deməkdir. Valideynlərə tövsiyə edirik ki, uşaqların məhəlləarası ərazilərdə, parklarda əylənməsinə diqqət etsinlər”.

Qeyd edək ki, qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 3 nəfər həyatını itirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR