Onlayn ictimai-siyasi qəzet
Əgər biz hüquqi dövlət quruculuğundan danışırıqsa, Qarabağ torpaqlarında addımlarımız da bura daxildir. Ölkənin bir tərəfində hüquq, digər tərəfində dərəbəylik ola bilməz. Ona görə Ermənistanın göndərdiyi yükləri Laçın yolundan buraxmış olsaydıq, bunun özü hüquqi bir dövlət olmağımızı şübhə altına ala biləcək qərar sayılacaqdı. Belə çıxacaqdı ki, Qarabağ hüququn və qanunların işləmədiyi cəngəllik əraziləridir, burada hansı dövlət nə istəsə edə bilər. Bura Əfqanıstanın, yaxud Somalinin sahibsiz, nəzarətsiz yerləri deyil ki, hansısa üçüncü, dördüncü əl burada “at oynatsın”. Ona görə hüquqi dövlətdə bütün iştirakçılıq, fəaliyyət qanuna söykənir. Bakı 19 yük maşınını qapıda saxladıb və postdan buraxmır. Hətta alternativ də göstərir. Amma öz ölkələrinə rəva bilmədiklərini bizdən tələb edirlər ki, hüququn işləmədiyi mənzərə yaransın. “Yeni Müsavat” son bir həftədə baş verənləri təhlil edərək yazır ki, bu hadisələrə vətəndaş cəmiyyətinin reaksiyası da daha təsirli və effektli ola bilərdi. Çünki Ermənistan bu addımı ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır, avropalı diplomatları sərhədə tamaşaya gətirir, xarici kampaniya aparır. Lakin beynəlxalq reaksiyalar da o səviyyədə olmadı ki, Azərbaycana güclü təzyiq göstərsinlər.
Onlar anlamaqdadır ki, hüquqi dövlətdə başqa ölkə icazəsiz hər hansı yardım karvanı ilə keçə bilməz. O yüklər həmin dövlətə təhvil verilə bilər ki, aidiyyəti üzrə çatdırılsın.
Ermənistan isə bildirir ki, karvan başqa dövlətdə yaşayan soydaşlarına həmin ölkədən icazəsiz çatmalıdır. Təxminən ona oxşayır ki, Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlılara rəsmi Tiflislə razılaşdırmamış yardım göndərir.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Yeni Müsavat”a dedi ki, Azərbaycan dövlətinin sərhəd-keçid məntəqəsinin qurmaqda haqlıdır: “Bura istənilən şəxs istədiyi şəkildə girib keçə bilməz. Sülhməramlı qüvvələr yola normal nəzarət etmirdilər. Humanitar yüklərə gəlincə, Ağdamdan keçməklə Xankəndiyə gedə bilər. Humanitar yükləri daşıyan şirkətin müharibə dövründə Gürcüstandan Ermənistana silah daşıdığı faktı var. Gürcüstan hökuməti dost münasibəti göstərərək həmin faktı aşkarlayıb ifşa etmişdi. Dünyanın heç bir yer ölkəsi kiminsə əl-qolunu sallayıb ərazisinə daxil olmasına göz yummur. Xocalı qatili Xaçatryanın da həbsi inteqrasiya prosesinə qarşı addım deyil və hərbi canilər cəzasını almalıdır ki, belə hallar bir də olmasın. Azərbaycan xalqların birgəyaşayışının nümunəsidir. Separatizmin əsasını qoyan ermənilərdir”.
S.Əsədli qeyd etdi ki, münaqişə dövründə Azərbaycan ermənilərin mülki əhalisinə qarşı cinayət faktı yoxdur: “Bu gün də mülki əhali incidilmir. Ermənilər gedir-gəlir, video sübutlar var. Azərbaycan yola nəzarət etməklə hüquqi dövlətlərin etdiyini həyata keçirib, yəni heç bir qeyri-qanuni iş görməyib. Beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi bu məsələdə bir-birini tamamlayır. Diasporamız, diplomatiyamız daha çox iş görməlidir ki, beynəlxalq ictimaiyyət əsl həqiqətləri bilsin, bizdən eşitsin. Yəni təkcə Prezident və Xarici İşlər Nazirliyi deyil, xaricdə olan bütün azərbaycanlılar dövlətimizin haqlı mövqeyini dünyaya çatdırmaqda dəstək olmalıdırlar. Biz təmasda olduğumuz beynəlxalq qurumlara, xaricdəki siyasi təşkilatlara məsələnin mahiyyətini çatdırırıq. Bizi ittiham edən dövlətlər isə öz addımlarına baxsınlar, onların ərazisinə qanunsuz girişə icazə varmı? Onlar icazəsiz hansısa yükü keçməyə razılıq verərmi? Ona görə də bütün iqtidarlı müxalifətli bu məsələdə bir mövqedən çıxış edərək haqlı mübarizəmizi aparmalıyıq”.
Yazını hazırladı: Emil SALAMOĞLU
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ