İnsanlara hürriyət, millətlərə istiqlal!

Budapeştdə “qırğın” futbol – Macarlar 1956-cı il qətliamının qisasını 1963-cü ildə almaq istəyiblər

Rəsmi turnirlərlə yanaşı, ayrı-ayrı ölkələrin futbol klublarının, həmçinin milli yığmalarının yoldaşlıq görüşləri keçirməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Belə matçlarda heç bir kubok uğrunda mübarizə getməsə də, azarkeşlər yoldaşlıq görüşlərini də böyük həvəslə seyr edirlər, stadionlarda böyük izdihamlar yaşanır. Əslində yoldaşlıq görüşü adı altında keçirilən oyunlarda çoxları gərgin mübarizə gözləmir. Əgər afişalarda klubların adlarının altında “yoldaşlıq” sözü yazılıbsa, hansı gərginlikdən söhbət gedə bilər? Amma heç də belə matçlar həmişə “yoldaşcasına” bitmir. 1963-cü ildə olduğu kimi...

original (2).jpg (177 KB)

Həmin ilin avqust ayında Macarıstanda futbol üzrə ölkə çempionu olan “Ferensvaroş” klubu SSRİ çempionu olan Moskvanın “Dinamo” komandasını Budapeştə dəvət edib. Komandalar arasında yoldaşlıq görüşü avqustun 11-də nəzərdə tutulub. Sovet futbolçuları Macarıstanın paytaxtına iki gün əvvəl yollanıblar, bu günlər ərzində onlar şəhər gəzintisinə çıxıblar, idman tədbirlərində iştirak ediblər. Sonralar özlərinin söylədiklərinə görə, iki gün ərzində onlar macarlardan heç də isti münasibət görməyiblər. Sosialist blokunda olan Macarıstanda SSRİ-dən gələn idmançılara bu cür soyuq münasibət heç də gözlənilməz olmayıb.

Görüş Budapeştin mərkəzi “Ne-pştadion” stadionunda keçirilib. Matçı yetmiş mindən artıq azarkeş seyr edib. Sovet futbolçuları oyundan əvvəl azarkeşlərin aqresiv münasibətini də hiss ediblər. Belə ki, bir ay əvvəl Moskvada keçirilən yoldaşlıq görüşü zamanı “Ferensvaroş” “Dinamo” ya 2-6 hesabı ilə məğlub olduğundan azarkeşlər üçün bu matç revanş oyunu sayılıb. Bununla yanaşı, macarların moskvalılara aqresiv münasibətinin başqa bir səbəbi də olub – 1956-cı ildəki macar inqilabı və bu üsyana Kremlin silahlı müdaxiləsi, qırğın törətməsi, ölkə rəhbərlərini edam etməsi...

ooo.jpg (131 KB)

Oyunun ilk dəqiqələrindən ayaqlarla bərabər əllər də işləyib. “Dinamo”nun hücumçusu Gennadi Qusarov rəqib komandanın qapısı qarşısında manevrlər edəndə “Ferensvaroş”un müdafiəçisi ona qarşı kobud rəftar edib. Qusarov ona məhəl qoymadan hücumunu davam etdirəndə müdafiəçi ona arxadan vurmaq istəyib. “Dinamo”nun digər oyunçusu Viktor Sarev cəld tərpənərək macarıstanlı futbolçunu zərbəsi ilə “zərəsizləşdirib”. Demək olar ki, 90 dəqiqəlik matçın hər beş dəqiqəsindən bir yaşıl meydançada bu cür insidentlər davam edib.

Birinci hissədə macar futbolçularının kobudluğuna qarşı sovet futbolçuları maksimum təmkin nümayiş etdiriblər. “Ferensvaroş”un oyunçularının arxadan dinamoçulara tüpürməklərinə tüpürcəklə, yarırus, yarımacar dilində söyüşlərinə söyüşlə cavab verməklə kifayətləniblər. Fasilə zamanı Lev Yaşin baş məşqçidən ikinci hissəni necə davam etdirəcəklərini soruşanda, Aleksandr Ponomaryovun cavabı qısa olub:

- Mən sizə icazə verirəm. Onlar sizinlə necə rəftar edirsə, siz də onlarla elə davranın.

original.jpg (176 KB)

İkinci hissə idman tədbirindən daha çox yumruq davası ilə müşayiət olunub. Macarlar yaşıl meydançada moskvalıları öz dillərində söyərək onları “lənətlənmiş kommunistlər” adlandırıblar. Dinamoçular bu “şüar”ları “yaramaz faşistlər” ifadəsi ilə cavablandırıblar.

Matçın hər üç hakimi macar olduğundan Budapeşt futbolçularının kobudluğuna göz yumublar. Yumruq davalarında “Dinamo”nun iki oyunçusu oyundan uzaqlaşdırılıb. Oyun zamanı sovet futbolçuları macarlara həm ayaqla, həm də əllə müqavimət göstəriblər. Görüş 3-2 hesabı ilə moskvalıların xeyrinə bitib.

Görüşdən sonra rəsmilər komandalar arasında süni barışığa nail olublar. Amma bununla yanaş,ı hökumət nümayəndələri Kremllə əlaqə yaradaraq “Dinamo”nun futbolçularının kobudluğundan ciddi narazılıqlarını bildiriblər. Qalib futbolçuların növbəti problemi də bu narazılıqdan sonra başlayıb.

original (1).jpg (147 KB)

Futbolçular Moskvaya qayıdanda onları hava limanında klubun avtobusu yox, dustaqları daşıyan avtomobilə bənzər bir maşın gözləyib. Həmin maşın futbolçuları birbaşa İdman Komitəsinə aparıb.
Mərkəzi Komitənin, Xarici İşlər Nazirliyinin və DTK-nın nümayəndələri futbolçulatrı sorğu-suala tutublar, az qala onları cinayətkar kimi qələmə veriblər. Ancaq çox keçmədən “cinayətkar”lar qalib qəhrəmanlar kimi İdman Komitəsini tərk ediblər.

Belə ki, Budapeştə keçirilən “yoldaşlıq” görüşündə həmin vaxt SSRİ-nin Macarıstanda səfərdə olan mədəniyyət naziri Yekaterina Furtseva da iştirak edib. O, Moskvaya dönən kimi futboldakı qalmaqal haqqında Nikita Xruşova ətraflı məlumat verib. Mədəniyyət naziri eşidəndə ki, futbolçuları cəzalandırmaq istəyirlər, yenidən Xruşova müraciət edib, sovet futbolçularını sovet liderinə əsl qəhrəman kimi təqdim edib.

452.jpg (114 KB)

Xruşov məsələyə elə həmin dəqiqə müdaxilə edib. O, İdman Komitəsinə zəng vurub, sovet lideri ilə komitənin sədr müavini Nikonov danışıb. Xruşov bu dəfə də çılğınlığı ilə fərqlənib:

- Siz kimsiniz?

- Nikita Sergeyeviç, idman komitəsinin sədr müavini Nikonov.

- Mən elə bilirdim, siz Ali Məhkəmənin sədrisiniz. Kim sizə səlahiyyət verib ki, İdman Komitəsində məhkəmə qurasınız? Cavab verin! Bəlkə sizin statusunuz dəyişib, mənim xəbərim yoxdur? Təcili komandanın siyahısını mənə göndərin!

RIAN_169362.HR-pic905-895x505-41029.jpg (122 KB)

Beləliklə, Xruşovun müdaxiləsindən sonra dinamoçulara Mərkəzi Komitənin fəxri fərmanları verilib. Bununla yanaşı, futbolçulara 200 rubl həcmində pul mükafatı da verilib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR