Onlayn ictimai-siyasi qəzet
“Zəngəzurda Rusiya baş konsulluğunun açılmasında Rusiyadan çox, Ermənistan maraqlıdır”.
Politoloq, ermənişünas alim Qafar Çaxmaqlı bunu rəsmi Moskvanın Qərbi Zəngəzurda baş konsulluq açmaq niyyəti ilə bağlı Musavat.com-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, ermənilər bilirlər ki, burada konsulluq xidməti olmayacaq, Rusiyanın bu bölgədə həmin xidməti həyata keçirməsi üçün rus əhali olmalıdır:
“Bu ərazilərdə rus yaşamır, İranın da Qafanda baş konsulluq açması bu mənada anlamsızdır. Demək hər iki ölkə bura başqa maraq güdür”.
Qafar Çaxmaqlı qeyd edib ki, Rusiya 2020-ci il bəyannaməsinin 9-cu maddəsini əsas tutaraq burada strateji planlarını həyata keçirmək istəyir:
“İran da geosiyai mübarizədən kənarda qalmaq istəmir. Aİ-nin də, ABŞ-ın da maraqlarını nəzərə alsaq, Qərbi Zəngəzur maraqlı güclərin toqquşma yerinə çevriləcək. Burada azad ticarət zonası yaratmaq hekayədir, baş tutan iş deyil, özlərini buraya konsulluq adı ilə soxulmaq istəyən dövlətlərin uydurduğu bəhanədir”.
Ermənişünas alim xatırladıb ki, Rusiyanın Gümrüdə də konsulluğu var və orada da həmin xidmətin gərəksizliyi erməni mətbuatında diqqətə çatdırılır:
“Bu addımların hamısı Azərbaycan və Türkiyənin bölgədəki aktivliyini, varlığını əngəlləmək tədbirləridir. Amma mümkün olmayacaq”.
Qafar Çaxmaqlı ötən günlərdə Zəngəzur dəhlizi boyunca İran-Ermənistan birgə təlimlərinin keçirilməsini də təsadüfi saymır:
“Ermənistan açıq şəkiidə İranı özünün etibarlı müttəfiqi sayır və hərbi əməkdaşlığını genişləndirir. İran Ermənistanı gizlicə silahlandırır. Birgə hərbi təlimlərin keçirilməsi də bu ölkələrin əməkdaşlığının yüksək səviyyədə olduğunun göstəricidir. Bu təlimlərə birbaşa Zəngəzur dəhlizinin açılmasına maneə tədbiri kimi baxılmalıdır.
İran Ermənistanın Avropa İttifaqı və ABŞ ilə hərbi-strateji əməkdaşlığı haqqında da səfir Mehdi Sübhaninin dili ilə deyir ki, biz bütün bunlara qarşı deyilik, biz Ermənistanı anlayırıq”.
ELŞAD,
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ