İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu “sülh göyərçinləri”nin pasifizm nəzəriyyəsindən xəbəri yoxdur” - politoloq

Tural İsmayılov: “Ölkəmizdə terror, diversiya, təxribatlar edən düşmənə qarşı adekvat addımları gözdən salmaq, ermənilərlə əlbir olub təbliğat aparmaq bağışlanmaz səhvdir”

Ötən il Hərbi Qənimətlər Parkının açılışından sonra boş dəbilqələri görən “humanistlər” üzə çıxdı. Son günlər bu dəstə yenə fəallaşıb. Kimdir onlar? Reallıq hissini itirən, tarixi faktları görməzdən gələn, haqq savaşında qalib gələn ordunu və xalqı tənqid atəşinə tutan “sülhpərvərlər”in əsl məqsədi nədir?

Təəssüfedici məqam odur ki, onların arasında sosial statusu fərqli olanlarla yanaşı, ictimai şəxslər də var. Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən təxribatdan sonra sosial media hesabında paylaşım edən tarixçi alim Altay Göyüşovu xatırlayaq. Sitat: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”. Fürsəti fövtə verməyən ermənilər tarixçinin sözlərini  6  dilə tərcümə edərək bütün dünyaya yayıblar.

Kortəbii şəkildə, de-fakto ermənilərə dəstək anlamı daşıyan “Müharibəyə yox!” deyənlərin sayı çoxalır. Azərbaycanın hüquq müdafiəçisi, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, Fransanın   Şərəf Legionu Kavaleri Ordeni ilə təltif edilmiş  Şəhla İsmayıl sosial şəbəkələrin Ermənistan seqmentində başladılan,  #Nowar  həştəqi  ilə paylaşılan kampaniyaya dəstək verib.

Atəşkəs dövründə cinayət törətməkdən çəkinməyən, müharibə günlərində münaqişə zonasından uzaq ərazilərə-Bərdəyə, Gəncəyə raket atan, onlarla müharibə cinayəti törətmiş, uşaqların ölümünə səbəb olan, mülki vətəndaşların həyatına son qoyan, onlarla hərbi qulluqçuya qarşı ağlasığmaz təhqirlərə yol verən, məsciddə donuz saxlayan, bu günə qədər də mina basdırmağa davam edən topluma canı yananların ara-sıra səslərini duyuruq. Bir əsrdir köçürüldükləri torpaqlara iddialı olan, 1918-ci ildə, 1990-cı illərdə ard-arda soyqırımlar törədən ermənilərə dəstək verənlərin sayı çoxdur. İnformasiya savaşında Azərbaycanı haqsız, Ermənistanı haqlı çıxarmaq üçün proqramlaşdırılıblar. Bu prosesin təməli illər əvvəl qoyulub, plan incə-incə işlənib. Xatırlayırsınızsa, özünü “sülh göyərçinlərindən” biri hesab edən Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovu “qatil”, “cinayətkar” adlandırmışdı. Erməni fəallara qoşulub “Müharibəyə yox!” şüarı səsləndirən bu şəxslər bir məqamı unudurlar ki, ermənilər Azərbaycanı işğalçı adlandıraraq dövlətə dəstək olurlar, yəni bu, hər mənada dövlətin yanında olmağın göstəricisidir. Adı-soyadı azərbaycanlı olan milli “nowar”çılar isə hər çağırışda düşmənə nə qədər yaxın olduqlarını sübut edirlər.

Heç kim dövlətin diqqətindən kənarda qalmır”- Tural İsmayılov

Tural İsmayılov

Politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, özlərini pasifizmin alovlu təbliğatçısı adlandıranların pasifizm nəzəriyyəsindən xəbəri yoxdur: “Onlar Azərbaycanda milli və dövlətçilik məsələlərində xalqla eyni mövqedən çıxış etməyi bacarmırlar. Azərbaycan hər zaman sülhpərvər mövqe ortaya qoyub. 30 illik işğal dövrünə baxmayaraq, daim sülh və ədalət tərəfdarı olduğumuzu nümayiş etdirmişik. Sülhlə bağlı çağırışlarımıza məhəl qoymayan ermənilər isə  torpaqlarımızdan çıxmayıblar.

44 günlük müharibədə qazandığımız qələbədən sonra dünyada önəmli örnəklərdən birini formalaşdırmışıq. Azərbaycan işğal faktına hərbi gücü ilə son qoyduqdan sonra regionda sülhün vacibliyi ilə bağlı mövqeyini ortaya qoyan, eyni zamanda sülh sazişi təklifi verən  bəlkə də yeganə dövlətdir. Buna baxmayaraq, ölkəmizə hücumlar davam edir. Bu kontekstdə Azərbaycan özünün müdafiə qabiliyyətini və potensialını yüksəldərək adekvat reaksiya verir. Vətən torpağına təhdid olduqda, eyni zamanda cəbhə bölgəsində Azərbaycan əsgərinə silah tuşlananda ortaya qoyulan mövqe müdafiə xarakterlidir. Bunu savaş arealı prizmasından dəyərləndirmək, xaricdəki erməni lobbisinin apardığı ideoloji təbliğatda bilərək yaxud bilməyərək alətə çevrilmək doğru deyil. Biz “sülh göyərçinləri”ni həm Azərbaycanda, həm də beynəlxalq platformalarda tez-tez görürük. Onlar Azərbaycan xalqının mütləq əksəriyyətindən fərqli mövqe nümayiş etdirirlər. Üstəlik, sülhlə bağlı  idealları bəsitdir. Sülhlə bağlı çağırış edənlər Azərbaycanın sülhlə bağlı çağırışlarına militarist və faşist mövqedən reaksiya verən  Ermənistanı daha çox tənqid etməlidirlər. Təəssüf ki, bu günə qədər sülhə qarşı yönəlmiş provokasiya və təxribatlara qarşı mövqe ortaya qoymayıblar. Bəzən demokratiya və fikir azadlığının bəlli sərhədləri olmalıdır. Ölkəmizdə terror, diversiya, təxribatlar edən düşmənə qarşı adekvat addımları gözdən salmaq, bununla bağlı sosial medianın beynəlxalq seqmentində ermənilərlə əlbir olub təbliğat aparmaq bağışlanmaz səhvdir. Onlarla bağlı ciddi tədbirlər görülməlidir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR