Onlayn ictimai-siyasi qəzet
Rusiya şirkətləri ABŞ-ın ikinci dərəcəli sanksiyalarından yan keçməyə çalışaraq, xarici ticarət ödənişlərini getdikcə daha çox rublla həyata keçirirlər.
Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” nəşrinin hazırladığı materialda məlumat açıqlanır.
Nəşr Rusiya Mərkəzi Bankının son hesabatına istinadən yazır ki, fevralda rublun beynəlxalq əməliyyatlarda payı 7 faiz artaraq 40 faizə çatıb. Türkiyə və Çində iri banklar köçürmələrə xidmət göstərməyi dayandırdıqdan sonra xarici ticarətdə “dost” valyutaların payı eyni məbləğdə azalıb.
Rusiya xarici ticarət iştirakçıları bildirirlər ki, ikincili sanksiyaların yaratdığı problemlərə görə şirkətlər kriptovalyuta və nağd pul da daxil olmaqla alternativ ödəniş üsullarına müraciət etmək məcburiyyətindədirlər. Bu, ödəniş müddətini 2 həftəyə qədər uzadır və vasitəçilərə komissiyalar hesabına əməliyyatların dəyərini 5-15 faiz artırır.
Reuters xəbər verir ki, ikinci dərəcəli sanksiyalardan qorxan Çinli bizneslər Rusiyaya ödənişlər etmək üçün kiçik kənd banklarından istifadə edirlər. ABŞ Çinə qarşı Rusiya hərbi-sənaye kompleksini dəstəkləməkdə ittihamları gücləndirib.
İnvestorlardan biri nəşrə deyib: “Son nöqtə Rusiyanın İrana çevrilməsidir”.
Lakin bir sıra Rusiya ekspertlərinə görə, daxili bazarın imkanları geniş olduğü üçün Rusiyanın tam təcridinə nail olmaq mümkün olmayacaq.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ