Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın Qərb tərəfindən silahlandırıldığı artıq heç kəsə sirr deyil. Ermənistan-Aİ-NATO-nun bu ilin 5 aprelində həyata keçirdiyi birgə görüşünü xatırlaya bilərik. Burada Paşinyanla yanaşı, Aİ Ali Komissarı Ursula fon der Lyayen, Aİ-nin yüksək təmsilçisi Jozef Borrel, ABŞ Dövlət katibi Entoni Blinken, USAİD administratoru Samanta Pauer iştirak edirdi. Bundan az sonra bu ilin iyulunda verilən qərarla Avropa Sülh Fondundan (ing.- European Peace Facility) Ermənistana 10 milyon avro məbləğinin hərbi dəstək üçün ayrılması da xatırlana bilər. Belə ki, bu fondun sadəcə adında “sülh” var, özü isə Qərb maraqlarına cavab verən ölkələrə hərbi dəstək üçün maliyyə-hərbi mexanizmi sayılır. Aprel ayında bu fonddan Ermənistana hərbi yardım ayrılmasına Aİ üzvü, Azərbaycanla çox isti münasibətləri olan Macarıstan veto qoyduğu üçün dəstək göstərilə bilmirdi. Ən son olaraq iyulda bu veto aradan qaldırıldı. Görünür ki, Qərb institutlarının başında ciddi şəkildə erməniləri silahlandırmağa çalışan, buna veto qoyan dövlətlərin vetolarını aradan qaldırmaq üçün müvafiq tədbirlər görən qüvvələr var”.
Bu fikirləri Musavat.com-a şərhində Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.
Ekspert hesab edir ki, bu qüvvələrin qlobal erməni şəbəkəsi ilə birbaşa bağlantısı danılmazdır: “İndi isə həmin qüvvələr Qərbin birbaşa təsir dairəsində olan dövlətlərin Ermənistanla hərbi əməkdaşlığını təşviq edirlər. Ermənistan Müdafiə naziri Suren Papikyanın Asiya turu, Cənubi Koreya və Yaponiya səfəri məhz bu çərçivədə qiymətləndirilə bilər. Onu da xatırlayırıq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan rəsmilərinin Hindistana səfərləri, xüsusilə 2022-ci ildə müdafiə nazirinin səfərindən sonra Hindistan Ermənistanın yeni silah təchizatçılarından birinə çevrildi. İndi isə Ermənistan Cənub Şərqi Asiya “pələngləri”nin yüksək texnoloji və hərbi arsenalına göz dikib. Hindistanın mövqeyini qətiləşdirməsində Azərbaycanın Pakistanyönümlü siyasəti rol oynayıb. Halbuki Azərbaycanın Cənubi Koreya ilə də, Yaponiya ilə də mühüm iqtisadi-siyasi əməkdaşlığı var və bu əməkdaşlıq ötən illərdə gedərək artıb. Hətta Yaponiya Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında iştirak edən azsaylı xarici dövlətlərdən biridir. Ona görə ilk baxışda bu dövlətlərin Ermənistanla birdən-birə hərbi əməkdaşlığın dərinləşdirilməsi qərarı tərəfimizdən anlaşılmaz qarşılana bilər”.
Ş.Cəlilzadənin fikrincə, qlobal nizamın yenidən formasiyaya məruz qaldığı və dövlətlərin qütbləşməyə getdiyi bir dövrdə Ermənistan özünü daha çox Qərb cəbhəsində yerləşdirmək, onlarla iqtisadi-siyasi və hərbi əməkdaşlığı dərinləşdirməyə çalışır. “ABŞ və NATO isə öz təsir dairəsində olan dövlətlərə bu istiqamətdə müvafiq təzyiqlər edir. Bu, orta-uzaq perspektivdə ölkəmizin milli maraqlarının təmin olunması baxımından təhdid amili kimi dəyərləndirilə bilər”, -deyə ekspert bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ