İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, qorxulu və qızışdırıcı bir bəyanatdır”-Arzu Nağıyevdən İranın iddialarına sərt reaksiya

 

“Bu, absurd və heç bir fakta söykənməyən bir bəyanatdır. Məlumdur ki, istənilən bir aktın məqsəd və səbəbi olur. Bu gün Azərbaycan dövləti terrorla mübarizə aparan bir dövlətdir, eyni zamanda beynəlxalq səviyyədə də bunu ictimaiyyət bilir və dama Azərbaycanla bağlı bu fikirlər səsləndirilir”.

Musavat.com xəbər verir ki, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri İrandan Azərbaycan əleyhinə səslənən əcaib ittihamlara münasibət bildirərkən söyləyib.
 Qeyd edək ki, İranın İnformasiya və Kəşfiyyat Nazirliyi “Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub”-iddiası ilə çıxış edib. İddia olunub ki, hazırda 26 nəfər həbs olunub, onların hamısı qeyri-İran vətəndaşıdır. “Hücumun əsas koordinatoru Azərbaycan Respublikası vətəndaşı olub. Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir. 

Millət vəkili A.Nağıyevin sözlərinə görə, verilən bəyanatdan da hiss olunur ki, söhbət məzhəb qarşıdurmasından gedir və İŞİD-in adı hallandırılır:

“Bu gün tək müsəlman dövlətlər deyil, digərləri də bu terror qrupunun üzvü ola bilərlər. Azərbaycan da terror təşkilatlarına qoşulmuş hər bir şəxslə mübarizə aparır və bununla bağlı kifayət qədər faktlar var. Zənnimcə, bu bəyanatın verilməsi ölkədəki inqilabi kütlənin diqqətini daxili problemlərdən kənar düşmənə yönəltmək istəyindən doğur. Məsciddə, müqəddəs bir yerdə törədilən terror hadisəsindən istifadə etməklə insanları xaricdən olan təhlükə və təhdidə qarşı guya hazırlamaq və ya xəbərdar etməkdir”.

 Deputatın fikrincə, birmənalı şəkildə belə nəticəyə gəlmək olar ki, Tehranın bu bəyanatla çıxış etməsində əsas maraq İran tərəfindən əməkdaşlığa cəlb edilmiş bir qrup terrorçunun ölkəmizdə həbs edilməsinin qarşılığıdır: “Maraqlısı da odur ki, İran bu terrorda birinci İsraili, sonra isə ABŞ-ı günahlandırıb. Sonra artıq müsəlmanları qarşı qarşıya qoymaq üçün fikrini dəyişib. Son illər İŞİD-in tərkibində vuruşan Azərbaycan vətəndaşları haqqında statistikaya baxsaq, onların heç 1 faizi də İranda olmayıb, çünki onların “mübarizəsi” İrana qarşı yönəlməyib.

Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bu, qorxulu və qızışdırıcı bir bəyanatdır.

Qeyd etmək lazımdır ki, bizim siyasətimizə heç cürə uyğun da deyil, çünki, Azərbaycan hər zaman dini ekstremist təşkilatlarla, radikal qruplarla mübarizə aparan dövlətdir...”


ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR