Onlayn ictimai-siyasi qəzet
Britaniyanın nüfuzlu “Daily Express” qəzetində dərc olunan məqalədə jurnalist Paul Baldwin Ermənistan və Azərbaycan arasında münasibətlərə, Zəngəzur dəhlizinə və bu layihənin regiondakı güc balansına təsirinə toxunub.
Musavat.com xəbər verir ki, müəllif bu barədə öz şəxsi müşahidələrinə əsaslanaraq yazır.
Geniş məqalədə müəllif öncə İngiltərə Kilsəsinin (Anglikan Kilsəsi) son vəziyyətini və gələcək başçısının hansı prioritetləri nəzərə almalı olduğunu sərt şəkildə tənqid edib.
Məqalədə deyilir ki, əslində bu vəzifə – Kenterberi Arxiyepiskopu postu – möhtəşəm maaş, böyük siyasi nüfuz, geniş səlahiyyətlər və dəbdəbəli iqamətgahlar təklif edir. Tarix boyu bu posta Müqəddəs Avqustin, Tomas Beket, Tomas Kranmer və Baldwin of Ford kimi məşhur dini liderlər başçılıq edib. Amma indi vəziyyət dəyişib: yeddi aydır ki, bu prestijli kreslo boşdur və daxili mənbələrə görə hələ uzun müddət də belə qalacaq. Çünki artıq heç kim bu “zəhər dolu qədəhi” götürmək istəmir.
Sitat: "Katolik Kilsəsində Roma Papasının seçilməsi bir qədəh çianti şərabı və pizza dilimi bitənə qədər həll olunsa da, Anglikan Kilsəsi yeni rəhbər üçün aylarla axtarış aparır". Məqalədə qeyd olunur ki, səbəb aydındır: bu vəzifə artıq mənəvi aləmlə, ilahi dəyərlərlə yox, “woke” adlandırılan – sosial ədalət, gender və LGBT ideologiyası ilə həddən artıq məşğul olan, zəhərli qarışıqlıqlarla doludur.
Müəllif xatırladır ki, Milad ərəfəsində uşaqları ilə Şimali London kilsələrindən birində gecə ayinine gedib. Orada cəmi 16 adam olub və rahib onların kilsəyə gəldiyinə demək olar ki, acınacaqlı dərəcədə minnətdarlıq ifadə edib. Məqalədə açıq deyilir:
“İngiltərə Kilsəsi artıq iflas etmiş, bəlkə də tamamilə çökmüş bir qurumdur. Amma yenə də əksəriyyətin təsəvvür edə bilməyəcəyi qədər sərvət və gücə sahibdir.”
Bu sərvətin istifadə formasına gəlincə isə vəziyyət daha da təəccüblüdür. Lambet Sarayı (Kenterberi Arxiyepiskopunun iqamətgahı) bu pulları məhz İngiltərədə dağılan, boşalan kilsələri bərpa etmək üçün sərf etməli olduğu halda, 100 milyon funt sterlinqlik xüsusi fond yaradaraq transatlantik qul ticarətindəki iştirakına görə “tövbə” etməyə çalışır.
Bundan başqa, müasir dövrdə dini mənəviyyata əsaslanan və İngiltərədə kök salan bir sistem yaratmaq əvəzinə, kilsə qanunsuz miqrasiyaya qarşı tədbirləri “ilahi deyildir” adlandırıb qınamağa başlayıb. Halbuki o pullar məhz müasir Britaniyada mənəviyyatsız qalan Z nəslinə mənəvi dayaq və cəmiyyət hissini yaratmağa sərf olunmalı idi.
Azərbaycan-Ermənistan kontekstində Anglikan kilsəsinin “sülh oyunu”
Məqalə daha sonra çox maraqlı hissəyə keçir – Azərbaycan üçün birbaşa maraqlı məqam budur. Müəllif etiraf edir ki, özü ötən il Azərbaycan və Ermənistanda olub. Bu iki qonşu ölkənin 30 il ərzində necə amansız qarşıdurmaya girdiyini müşahidə etdiyini yazır. Amma indi, Ermənistanın Qərbyönlünbaş naziri Nikol Paşinyan Azərbaycan və ən əsası Türkiyə ilə böyük transkontinental yol və dəmir yolu layihəsini – “Zəngəzur dəhlizini” razılaşdırır. Bu, müəllifin sözləri ilə desək:
“Son iki nəsil ərzində bölgədə davamlı sülh üçün ən böyük addımdır.”
Eyni zamanda bu layihə Ermənistanı Rusiyanın caynağından alır. Çünki Putin Ermənistanı (və Azərbaycanı) hələ də öz keçmiş Sovet mülkləri hesab edir. Elə bu diplomatik addımlar atılan vaxtda Ermənistan Kilsəsinin yüksək rütbəli arxiyepiskopları və Putinin Qazprom ilə biznes quran erməni-rus oliqarxları Moskvaya bağlı çevriliş planlaşdırırdılar. Hətta ötən həftə bununla bağlı həbslər də olub.
Ən maraqlısı isə odur ki, çevrilişdə ittiham edilən baş şəxs – Arxiyepiskop Baqrat Qalstanyan – Birləşmiş Krallıqda, Lids Universitetində təhsil alıb. Orada “Yaşıl ilahiyyat” (Green Theology) öyrənib ki, bu da müəllifin fikrincə, İngiltərə Kilsəsindəki tipik “woke” düşüncəyə çox uyğundur. Amma Qalstanyan Kir Starmer kimi deyil, daha sərt siyasi oyunçudur: öz partiyasını yaradıb, baş nazir olmağa və ən dəhşətlisi, Azərbaycanla yenidən müharibəyə başlamağa hazır olduğunu açıq bəyan edib. Bu isə Azərbaycanın maraqları üçün birbaşa təhlükədir.
Müəllif yazır ki, Qalstanyan bunu Ermənistan Kilsəsinin səssiz razılığı ilə edirdi. Çünki onun başçısı – Katolikos II Qaregin – Vladimir Putindən “Şərəf ordenləri” qəbul edir və Ukraynanı işğaldan sonra belə Putinə təbrik məktubları göndərir.
Bu fonda İngiltərə Kilsəsinin keçmiş arxiyepiskopu Castin Velbinin 2023-cü ildə Ermənistana səfər edib II Qareginlə görüşərək “Azərbaycan ərazilərini işğal edən ermənilərin boşaltdığı torpaqlarda sülhü möhkəmləndirmək” adı altında foto çəkdirməsi tənqid hədəfinə çevrilir. Məqalədə deyilir:
“Bəli, Velbi deyirdi ki, o, sülh üçün ora gedib. Amma inanın, o orada görüşdüyü bəzi şəxslər – və bu gün də – növbəti bölgəsəl müharibə üçün daha çox can atırlar.”
Müəllif sonda deyir ki, belə olduğu halda, niyə Anglikan Kilsəsi minlərlə kilometr uzaqda, heç nə başa düşmədiyi məsələlərə burnunu soxur, halbuki öz ölkəsində kilsələr boş qalır?
Bütün bunlara görə müəllif təklif edir ki, növbəti Kenterberi Arxiyepiskopu – bukmeykerlərin favorit hesab etdiyi, İranda anadan olmuş Rt Rev Dr Quli Frensis Dehqani – vəzifəsinin iki əsas sözünü unutmamalıdır: Kilsə və İngiltərə. Çünki bu vəzifənin həqiqi məğzi məhz bundan ibarətdir.
Mənbə: Express.co.uk
Musavat.com
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ