İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu müharibə bitdi, amma növbəti qarşıdurma ehtimalı aradan qalxmayıb” - ŞƏRH

“Yaxın Şərqdə müharibə bitdi, amma təhlükə hələ də qalır. İyun ayında İran və İsrail arasında baş vermiş silahlı qarşıdurma hərbi baxımdan məhdud miqyaslı olsa da, siyasi baxımdan bölgədə dərin dəyişikliklərə səbəb oldu. ABŞ-ın da dolayısı ilə bu münaqişəyə qoşulması regionun geosiyasi balansına ciddi təsir göstərdi”.

Musavat.com xəbər verir ki, bu fikriləri Bakı politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

EdP4LVV.jpg (92 KB)

Onun sözlərinə görə, İran-İsrail qarşıdurması uzun illərdir davam edən gərginliyin açıq müharibəyə çevrilməsi ilə nəticələndi:

“Münaqişəyə təkan verən əsas amillər sırasında İranın beynəlxalq nəzarətdən imtina etdiyi nüvə proqramı, bu ölkənin Livan, Suriya, Yəmən və İraqda artan təsiri, İsrailin isə İran obyektlərinə qarşı həyata keçirdiyi kiber və dron hücumları göstərilir. Diplomatik səylərin uğursuzluğa düçar olması, həmçinin "müqavimət oxu" adlandırılan qüvvələrin – HƏMAS, “Hizbullah” və İraq şiə dəstələrinin aktivləşməsi də münaqişənin hərbi mərhələyə keçməsinə zəmin yaradıb.

Müharibə zamanı İran İsrail şəhərlərini ballistik raket və pilotsuz uçuş aparatları ilə vurdu. İsrail isə Suriyadakı İran obyektlərinə və ölkə daxilindəki nüvə obyektlərinə – o cümlədən Fordo və Natanz kimi strateji məntəqələrə zərbələr endirdi. ABŞ isə formal olaraq müharibəyə qoşulmasa da, İsrailə hərbi-logistik dəstək göstərdi, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat məlumatları təmin etdi. ABŞ həmçinin SEPAH-a (İran İnqilab Keşikçiləri Korpusu) qarşı dron zərbələri həyata keçirdi”.

Politoloq əlavə edib ki, hərbi planda tərəflərdən heç biri tam üstünlük qazanmasa da, bu müharibə nəticəsində regionda yeni reallıq formalaşdı: “İsrail özünün strateji zərbə qabiliyyətini nümayiş etdirdi. İran isə rejimin əsas sütunlarını qorusa da, regional təsirini qismən itirdi və daxildə dəyişiklik zərurəti ilə qarşı-qarşıya qaldı. ABŞ müttəfiqliyini sübut etsə də, eyni zamanda, "növbəti Yaxın Şərq müharibəsinə" sürüklənməkdə ittiham olundu.

Bu müharibə eyni zamanda yeni mərhələnin – qlobal qarşıdurmaların yerini regional münaqişələrə buraxdığı bir dövrün başlanğıcı hesab olunur. Artıq müasir dövrdə “qələbə” torpaq qazancı ilə deyil, gələcək beynəlxalq münasibətlər sisteminə təsir gücü ilə ölçülür. Hazırda siyasi analitiklərin qarşıya qoyduğu əsas suallar belədir: İran islahatlara gedəcəkmi və xarici siyasət kursunu dəyişəcəkmi? İsrail antiran ittifaqının mərkəzinə çevriləcək, yoxsa strateji təmkin nümayiş etdirəcək? ABŞ isə müttəfiqləri dəstəkləmək və yeni müharibələrə cəlb olunmamaq arasında hansı yolu tutacaq? Tarix növbəti mərhələyə keçmək üzrədir – bu müharibə bitdi, amma növbəti qarşıdurma ehtimalı aradan qalxmayıb”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR