İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu layihə Rəqəmsal İpək Yolunun əsasını qoyur

Azərbaycan və Qazaxıstan hökumətləri arasında Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə sənədin imzalanması xüsusi əhəmiyyət kəsb edir.

Musavat.com xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov imzalanan sənədi “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm tərkib hissəsi və rəqəmsal nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış növbəti addım kimi qiymətləndirir.

AQİL.jpg (244 KB)

Ekspertin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı və inteqrasiya proseslərində rolunun artması rəqəmsallaşmanın əhatə dairəsini sürətlə genişləndirir:

“Beynəlxalq əlaqələrin intensivləşdiyi, həmçinin yük daşınmalarının şaxələndiyi dövrdə rəqəmsallaşma zərurəti daha da artır. Bu baxımdan Ümumilikdə, Sumqayıt və Aktau şəhərləri arasında 380 km-lik məsafəni Xəzərin dibindən (sualtı) çəkilməklə əlaqələndirəcək kabel yüksək sürətli internet bağlantısını təmin edəcək ki, bu da rəqəmsal nəqliyyat dəhlizinin formalaşmasını tezləşdirərək tranzit daşınmaları üçün cəlbediciliyi artıracaq.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” sürətli internet əlaqələrini təmin edəcək ki, bu da ölkələrarası elektron sənəd dövriyyəsi və çevik məlumat mübadiləsi üçün çox vacibdir. Beynəlxalq daşımaların daha səmərəli və çevik təşkili baxımından fiber-optik kabelin əhəmiyyəti danılmazdır. Sualtı kabelin çəkilişi daşınmalara dair məlumatların, tranzitə dair normativ-hüquqi bazada edilən dəyişikliklərin, sərhəd-keçid məntəqələrində olan mövcud vəziyyətin daha çevik şəkildə müxtəlif ölkələrə, daşıyıcı şirkətlərə çatdırılması istiqamətində müsbət təsirini göstərəcək”.

Aqil Əsədov bildirib ki, Transxəzər fiber-optik kabel xətti məlumatların daha sürətli və stabil ötürülməsinə imkan verəcək ki, bu da internet istifadəçilərinə daha yüksək keyfiyyətli xidmətlər vəd edir, eləcə də internet bağlantılarının daha etibarlı olmasına kömək edir:

“Fiber-optik kabelin yüksək məlumat ötürmə qabiliyyəti sayəsində müxtəlif xidmətlər, o cümlədən video axını, bulud xidmətləri və məlumat mərkəzləri daha səmərəli işləyə bilər. Bu kabel xətti Xəzər regionunun dünya ilə əlaqəsini möhkəmləndirəcək və əhəmiyyətli beynəlxalq kommunikasiya bağlantılarını təmin edəcək. Bu, bölgədəki iqtisadi və sosial əlaqələrin inkişafına kömək edə, eyni zamanda region ölkələri arasında informasiya mübadiləsinin daha sürətli və effektiv şəkildə həyata keçirilməsini təmin edə bilər.

Məlumatların daha sürətli ötürülməsi ilə ticarət və biznes əlaqələrinin genişlənməsi, investisiya qoyuluşları daha asan və sürətli həyata keçirilə bilər. Bu tip yüksək texnologiyalı infrastruktur layihələri, həmçinin innovasiyaların inkişafını təşviq edəcək. Xəzər regionu üçün bu cür layihələr, məlumat ötürülməsinin daha sürətli və daha etibarlı şəkildə həyata keçirilməsini təmin edərək, yeni texnologiyaların tətbiqinə və daha geniş bir bazara daxil olmağa imkan verəcək”.

İİTKM-in şöbə müdiri əlavə edib ki, fiber-optik kabel xətti Xəzər regionunda enerji və nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə paralel olaraq, informasiya infrastrukturunun gücləndirilməsinə xidmət edəcək:

“Beləliklə, “Rəqəmsal İpək Yolu”nun yaradılması tezləşəcək ki, bu da Xəzər dənizi boyunca regionlar arasında əlaqələri gücləndirmək və beynəlxalq kommunikasiya şəbəkələrini inkişaf etdirmək baxımından vacibdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR