Onlayn ictimai-siyasi qəzet
Xəzərin dibi ilə Azərbaycandan Qazaxıstana fiberoptik kabelin çəkilməsinə başlanması çox mühüm hadisədir.
Musavat.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu fikirdədir.
Onun sözlərinə görə, uzun müddət bu məsələ “ilişib” qalmışdı:
“Bu meqalayihə 2019-cu ildə Azərbaycan tərəfinin, daha doğrusu “AzerTelecom” şirkətinin təşəbbüsü ilə gündəmə gətirilib.
Layihənin icrası ilə bağlı hələ 2019-cu ildə Azərbaycan və Qazaxıstan arasında hökumətlərarası sazişlər imzalanıb. Bu istiqamətdə son illərdə xeyli müzakirələr aparılıb, icra məqsədilə birgə müəssisələr yaradılıb. Podratçılar seçilmişdi.
Lakin Qazaxıstanda yeni prezident seçiləndən sonra layihənin icraçıları ilə bağlı dəyişikliklər oldu. Bu dəyişikliklər tikinti-quraşdırma işlərini xeyli ləngitdi. Bu gün “AzerTelecom” şirkətinin rəhbəri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin sənədi imzalayıblar.
Beləliklə, neçə illərdir ki gözlənilən hadisə, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiqlənməsi baş tutub.
Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun imzalama prosesində iştirakı da onu göstərir ki, artıq bu sahədə işlərə dərhal start veriləcək.
Transxəzər layihəsi Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsindən biridir. Əvvəllər bu layihənin 2022-ci ilə yekunlaşması nəzərdə tutulurdusa, indi elan olunub ki, 2026-cı ildə başa çatacaq. Maraqlıdır ki, əvvəlki sənədlərdə uzunluğu 380 km olan bu magistral optik kabelin Azərbaycan tərəfdən Siyəzən rayonunda quruya çıxarılacağı nəzərdə tutulurdu.
Bu gün açıqlanan məlumatda isə marşrutun Aktau - Sumqayıt istiqamətində olacağı buildirilib.
Xatırladıram ki, əvvəllər bu layihənin dəyərinin, yəni Qazaxıstan və Azərbaycanın birgə investisiyasının 50 milyon dollardan çox olacağı bildirilmişdi”.
Osman Gündüz qeyd edib ki, “AzerTelecom” tərəfindən icra olunacaq bu layihənin digər bir qolu da Azərbaycan-Türkmənistan (Siyəzən-Türkmənbaşı) arasında nəzərdə tutulub:
“Bu marşrutun uzunluğu 300 km-dir. Bu da strateji bir layihədir. Beynəlxalq internet trafikinin Avropadan Türkmənistana, oradan da Əfqanıstan , Pakistan və digər qonşu ölkələrə daşınmasını nəzərdə tutur. Hələlik bu istiqamətdə nə zaman işlərə başlanacağı haqqında açıqlama olmayıb.
Azərbaycanın rəqəmsal mərkəzə və tranzit mərkəzinə çevrilməsi, qlobal şirkətlərin Azərbaycana maraq göstərməsi və resurslarını Azərbaycana daşıması, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya infrastrukturunun əsas hissəsinə çevrilməsi baxımından Transxəzər layihəsi strateji əhəmiyyət kəsb edir”.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ