İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il sülh sənədi BUNA GÖRƏ imzalanmadı

Praqmatizm həmişə uğurlu və uzaqgörən siyasətin qayəsində durub. Bunu ciddiyə almayan siyasilər gec-tez öz uğursuzluqlarını saymağa başlayacaqlar. Əgər belə birisi üstəlik, ölkə sükanı arxasında dayanıbsa, vay o ölkənin və xalqın halına. Çünki qeyri-rasional, populist siyasətin altını ən əvvəl xalq çəkəcək, bədəlini böyük ölçüdə toplum ödəyəcək. Təəssüf ki, bəzən bundan qonşu xalqlara da “pay” düşür...

“Başına gələn başmaqçı olar”. Bizim orta və yaşlı nəslin nümayəndələri Qərbin, özəlliklə ABŞ-ın “demokratiya” adı ilə Azərbaycanda nə axtartdığını artıq yaxşı bilirlər. Maraqlıdır ki, demokratiya və insan haqları dəyər olaraq Birləşmiş Ştatların xarici siyasət strategiyasında heç vaxt birinci yerdə olmayıb. Ən yaxşı halda üçüncü olub. İndiki kimi.

Nə demək bu? O demək ki, Amerika dünyada öz maraqlarını təsbit etmək uçun sonuncudan sırf alət kimi istifadə edir. Əlbəttə ki, ən çox da Qərbin (ABŞ-ın) xarici siyasət prioritetlərini yanlış oxuyan ölkələrdə. “Ərəb baharı”nı və onun yerli xalqlara gətirdiyi müsibətləri yada salmaq yetər.

Kapitulyant Ermənistanın “qərbçi” hökuməti də bu bəsit gerçəyi nə qədər tez anlasa, həm öz xalqına yaxşılıq eləmiş olar, həm də bir o qədər bölgədə dinclik və əmin-amanlıq tez bərqərar edilər. O halda Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi də aradan qalxar. Çünki bu baş tutmamış dövlətin əsas varlıq qarantı nə Qərbdir (və ya olacaq), ya da Rusiya (olacaq). SSRİ-nin süqutundan keçən 32 il, Qarabağdakı separatçı hərəkatın faciəvi sonluğu buna barız sübutdur...

Əfsus ki, 44 günlük müharibədən sonra da erməni cəmiyyətində və onun iqtidarında soyuq başla düşünüb qərar vermək instinkti çox ləng işə düşür. Müşahidə edilən yalnız budur ki, indi də “qərbçi” baş nazir Nikol Paşinyan erməni xalqını bir ifratdan - Rusiyaya vassal olmaqdan çıxarıb, digərinə – Qərbin nökərinə çevrilmək yolu tutub.

Bu isə bölgədəki sərt gerçəyi görməyə əngəl olan növbəti ilğımdır, mirajdır. Az sonra ermənilərin hamısı buna əmin olacaq. Ancaq yenə iş-işdən keçəndən sonramı? Axı 2023-də Azərbaycanla sülh müqaviləsi imzalamağa nə mane oldu?..

Söz düşmüşkən, bu gün N.Paşinyan yenə deyib ki, “İrəvan sülh sənədinin imzalanması üçün Bakıdan özünün 3 prinsipinə cavab gözləyir”. Xüsusi vurğulayaq ki, bu prinsiplər arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması yer alsa da, gələcəkdə bir-birinə qarşı torpaq iddiasının irəli sürülməyəcəyi barədə heç nə yoxdur. Azərbaycanın 5 məlum baza prinsiplərindən biri isə (bax: 2-ci bənd) məhz bu haqdadır: revanşdan gələcəkdə də, yəni həmişəlik imtina! İndi hansı tərəf səmimidir?

Yaxud belə bir sual: nədən Ermənistan revanşdan imtina öhdəliyi də daxil, sülh sənədinin əsasında duracaq 5 baza prinsipini qəbul eləməkdən çəkinir? ABŞ-a, Fransaya, Avropa Birliyinə, Hindistana güvənib də nə vaxtsa revanş götürəcəyinimi xəyal edir? Yəqin ki. O zaman nəticələrinə də gərək hazır olsun. Öz xalqı ilə birgə.

Qərbə ümid olan “şamsız yatar”. Yəni yenə praqmatizm məsələsi. Paşinyan və komandası barı özününkülərə qulaq versin...

“Azərbaycanın Qərb platformalarında danışıqlar aparmaq istəməməsi təəccüblüdür, çünki əslində mənəvi qınaqlardan başqa Qərb Azərbaycana heç bir real təzyiq göstərmir”.

Bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə professoru Artur Xaçikyan deyib (Axar.az).

“Bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər: ABŞ öz maraqlarını müstəsna olaraq Azərbaycanda görür. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa Azərbaycan neft və qazının Birləşmiş Ştatlar üçün Ermənistandan daha vacib olduğu, Vaşinqtonun regionu Rusiya və İranın təsirindən çıxarmaq məqsədi güddüyünü bildirən məqalə dərc olunub. Orada qeyd olunur ki, ABŞ nümayəndələri Bakını Qafqazda əsas müttəfiqi kimi görür və Azərbaycanın başçılıq etdiyi Qafqazda Vaşinqtonun hökmranlığı olacaq. Bakı ABŞ-ın regiondakı siyasətinin episentrinə çevriləcək”, - Xaçikyan vurğulayıb.

Onun sözlərinə görə, artıq Fransa mediası da Qərbin Ermənistana real dəstək perspektivinin olmamasından yazır: “Avropa da regionda maraqlarının Azərbaycanın neft və qazı olduğunu açıq şəkildə ortaya qoyub. Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, amma Qərbdə nə baş verdiyindən xəbərsizdirlər”.

Əlavə edək: nə qədər ki, erməni siyasi elitasında belə bir dərk baş verməyib, ədalətli sülh müqaviləsi də, Ermənistan və onun xalqı üçün təhlükəsizlik və normal inkişaf zəmanəti də əlçatmaz olacaq. Xoşbəxtlik isə Ermənistanın cəmi bir addımlığında. Kaş ki, qonşuların “bəsirət gözləri” açılsaydı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR