Onlayn ictimai-siyasi qəzet
Bu il Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək.
Bunu Ajans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, İstanbulda baş verən zəlzələ göstərir ki, region yenidən aktivləşib:
"Həmişə qeyd etdiyim kimi, mütəmadi olaraq aktivləşəcək. Təbii ki, bu aktivləşmə nəticəsində ətrafda olan seysmik ocaqlar da yenidən aktivləşir, sabit qala bilməzlər. Amma İstanbulda olan zəlzələdən sonra Azərbaycanda da mütləq şəkildə zəlzələ olacağını demək doğru olmaz. Amma digər tərəfdən fiziki qanunlara nəzər salsaq, ətrafdakı piltələr aktivdirsə, Azərbaycan sabit qala bilməz - sanki başqa bir yerdə olan ada kimi".
Seysmoloq qeyd edib ki, istər-istəməz qonşu ocaqlarda da proseslər baş verəcək:
"Türkiyəyə yaxın olan ərazilərdə - Suriyaya, Gürcüstana, Azərbaycana da təsir göstərə bilər. Lakin Azərbaycanda dərinliklərdə baş verən geodinamik proseslərin surəti o dərəcə intensiv deyil. Amma yerdəyişmə prosesləri gedir, bəzən hiss olunmayan, bəzən hiss olunan zəlzələlər baş verir. Hissolunan zəlzələnin baş vermə ehtimalı var - 3,5, 4 və ya 4,5, 5 ballıq zəlzələ ola bilər. Amma burada dərinlik əsas faktordur. Bu il ərzində hiss olunan zəlzələlər qaçılmazdır, çünki region aktivləşib".
Xatırladaq ki, ötən gün İstanbulda 4 ardıcıl zəlzələ baş verib, bunlardan biri 6,2 bal gücündə olub. Təkanlar bəzi yerlərdə köhnə binaların dağılmasına, əhalidə "Böyük İstanbul zəlzələsi" ilə bağlı təşvişin yaranmasına səbəb olub.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ