Onlayn ictimai-siyasi qəzet
Ölkə turizmində təkcə istiqamətlər deyil, tendensiyalar da dəyişir
Tətil mövsümünün qızğın vaxtıdır. On minlərlə insan məhz ilin yeddinci ayında - iyulda məzuniyyətə çıxır və hərə üzünü bir tərəfə tutur. Öz doğulub-böyüdüyü rayonlara yollananlar, ölkənin sərin və yaşıl məkanlarına üz tutanlar, tətilini dəniz qırağındakı qəsəbələrdə keçirmək istəyənlər, xarici ölkələrə səfər edənlər var.
Ökəmizə turist olaraq gələnlər də az deyil. Bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 25,8%-i Rusiya, 17,6%-i Türkiyə, 9,4%-i Hindistan, 8,2%-i İran, 4,2%-i Gürcüstan, 3,7 %-i Qazaxıstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Pakistan, 2,1%-i Çin, hər birindən 1,9% olmaqla İsrail və Özbəkistan, 1,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,6%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,9%-i kişilər, 32,1%-i qadınlardır.
1 il əvvələ nisbətən İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan -1,8 dəfə, Çindən-1,6 dəfə, Yaponiyadan - 44,3%, Qırğızıstandan - 40,5%, İordaniyadan - 20,7%, Niderlanddan - 19,1%, Qazaxıstandan - 18,3%, ABŞ-dan - 17,7%, Pakistandan - 16,7%, Kanadadan - 16,0%, İtaliyadan -13,2%, Cənubi Koreyadan-13%, Almaniyadan-11,1%, Özbəkistandan - 10,3% artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4% artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7% azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3% azalaraq 422,9 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 5,8% artaraq 558,8 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3%-i hava, 24,3%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayına gəlincə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azalaraq 988,2 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə vətəndaşlarının 38,1%-i Türkiyəyə, 16,7%-i Rusiyaya, 11,1%-i Gürcüstana, 10%-i İrana, 24,1%-i digər ölkələrə səfər edib. Gedənlərin 66%-i kişilər, 34%-i qadınlardır.
1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 14,2%, Gürcüstana gedənlərin sayı 25,3% artıb, Türkiyəyə gedənlərin sayı 4,3 5, Rusiyaya gedənlərin sayı isə 24,6% azalıb.
Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 28571 (il ərzində 17% çox), İsraildən 20088 (+149%), BƏƏ-dən 19 588 (+18%), Küveytdən 10 149 (-17%), Omandan 6 916 (-10%), Misirdən 2 984 (+11%), İordaniyadan 2 334 (+44%), İraqdan 1 739 (-32%), Bəhreyndən 1 551 (-22%), Yəməndən 1 143 (+10%), Qətərdən 996 (-14%), Livandan 566 (+15%), Fələstindən 350 (ötən il turist gəlməyib) və Suriyadan 164 (-5%) olub.
Qeyd edək ki, cari ilin hesabat dövründə Azərbaycanı 979 951 xarici vətəndaş ziyarət edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 14,77% artaraq 266 326 nəfərə çatıb:
Ümumilikdə 2017-2024-cü illər ərzində Yaxın Şərq ölkələrindən Azərbaycanı 1 milyon 824 min 259 nəfər ziyarət edib.
Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a şərhində bildirdi ki, ölkədən getmə turizmi hələ tam bərpa olunmayıb: “Keçənilki statistikaya görə, təxminən 2 milyondan çox insan xarici ölkələrə səfər edib. Yəni getmə turizmi daha az bərpa olunub. Nəzərə alsaq ki, 2019-cu ildə bu rəqəm 5,5 milyon nəfər idi. Bu il aktivlik o qədər də yüksək olmayıb. Ümumiyyətlə, xarici bazarda olan inflyasiya, bahalaşma, turpaketlərin qiymətinin artması, əlbəttə ki, insanların səyahət qərarlarına təsir edir. Buna baxmayaraq, getmə turizmində cüzi artım var. Yay mövsümündə Türkiyə, Gürcüstan kimi ənənəvi istiqamətlərdə təyyarə biletlərinin, turpaketlərin qiymətinin müəyyən qədər baha olması turistlərin bir qisminin Şərqi Avropa ölkələri, Orta Asiya ölkələrinə maraq göstərməsinə səbəb olur. Buna baxmayaraq, Türkiyə və Gürcüstan ən çox səyahət edilən ölkələr siyahısında ilk sıralardadır. Eyni zamanda azərbaycanlı turistlər Balkan ölkələri, bəzi Avropa ölkələrinə səyahət etməyə də üstünlük verirlər. O ki qaldı ölkə daxilindəki vəziyyətə, xarici ölkələrdən Azərbaycana səfər edən turistlərin sayında artım var idi. Lakin son aylarda baş verən siyasi gərginliklərlə əlaqədar proses bir qədər ləngidi. Buna baxmayaraq, digər ölkələrdən də Azərbaycana turistlərin gəlməsi gözləniləndir. Çin, Orta Asiya, Türkiyədən ölkəmizə maraq hiss olunmaqdadır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ