Onlayn ictimai-siyasi qəzet
Kiçik çillə həm hava şəraitinin daha ağır keçməsi, həm də insanların həyatına daha çox çətinliklər gətirməsi ilə seçilir...
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), Ala çillə və ya Ala çolpav (“Boz ay” da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.
Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Deyilənlərə görə, Qş” adlı bir kişinin Böyük çillə, Kiçik çillə, Boz ay adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini - Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Aralıq ayının - yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. İnsanlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. O zaman bilirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə Böyük çillə özünün qar atını belədən-elə, elədən-belə çapacaq.
Bu həftə, yəni fevralın 1-də Azərbaycanda Kiçik çillə başlayır. Kiçik çillə ilə bağlı Azərbaycanın öz qədim adət-ənənələri, inancları var.
Böyük çillə daha mülayim və sakit təbiətli, Kiçik çillə isə sərt və qəzəbli xarakterlərlə obrazlaşdırılır. Kiçik çillə həm hava şəraitinin daha ağır keçməsi, həm də insanların həyatına daha çox çətinliklər gətirməsi ilə seçilir.
Qeyd edək ki, bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.
Kiçik çillənin daxilində keçirilən Xıdır İlyas bayramı xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır, məsələn, bəzi yerlərdə “Xıdır Nəbi” adı ilə də adlandırılır. Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə qeyd edilir və fevralın 10-na qədər davam edir. Bayram bəzi bölgələrdə cümə axşamlarına təsadüf edir ki, bu da İslam dininin qəbulundan sonra formalaşmış bir ənənədir. Xıdır İlyas bayramı həm Novruz bayramına, həm də qədim inanclara dərin köklərlə bağlıdır. Şumer, Zərdüştlük, xristianlıq və İslam təsirlərini özündə əks etdirən bu bayram zamanla müsəlman ənənələri ilə harmoniya təşkil edib.
Xıdır İlyas xalq yaddaşında xilaskarlıq simvolu kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişinə ümidlə bağlayır və böyük səbirsizliklə qeyd edirdilər. Bayram zamanı evlərdə buğdadan hazırlanan qovğa və qovut xüsusi yer tutur.
Xüsusilə Naxçıvanın şəhər və kəndlərində undan və şərbətdən hazırlanan qovut istilikyaradan yemək kimi ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. Bu da insanların “ərköyün və ziyankar” Kiçik çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir. Havaların olduqca soyuq keçməsindən ehtiyatlanan etnos təbiətin ona xoş davranması üçün qurbanvermə, itaətnetmə rituallarını həyata keçirirdi. Bu ritualların müəyyən elementləri hazırda qovutun hazırlanması mərasimində özünü qoruyub saxlamaqdadır.
Qovut hazırlayan qadınlar Kiçik çillə girəndən buğda tədarükünü aparırlar. Beləliklə, buğda qovrulur. Qovrulan buğda əl dəyirmanında döyülür. Döyülən buğda una çevrilsə də, iri dənələrin qalması qovutu daha dadlı edər. Bu unun üzərinə yağ, şərbət də əlavə olunar, əldə sıxılmaqla balaca kündə və oval şəklində forma verilər. Əvvəllər qovut üçün seçilən buğda şirin buğda növündən olardı və ona şərbət əlavə edilməzdi. Belə qovut daha dadlı olardı. Hazırlanan qovut kiçik qablarda evin dörd küncünə qoyulur. İnanca görə, bayram gecəsi qovut qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib bu izləri yoxlayacağına inanılırdı. Əgər səhər oyananda qovutda izlər görünərdisə, bu, Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bu cür inanclar çətin qış günlərində xalqın yazın gəlişinə olan ümidlərini artırırdı.
Kiçik çillə qışın ən sərt və çətin günlərini gətirdiyi üçün insanlar həm mənəvi, həm də fiziki hazırlıqlara böyük əhəmiyyət verirdilər. Qışı daha rahat keçirmək üçün ailələr qida və yanacaq ehtiyatlarını toplayır, mal-qaranın qış ərzağı üçün xüsusi tədarük görürdülər. Həmçinin qış xəstəliklərindən qorunmaq üçün sağlamlıq tədbirləri də görülürdü. Çünki Kiçik çillə hər zaman ağır şaxtalar, sərt hava şəraiti və həyatın çətinləşməsi ilə yadda qalmışdır.
Kiçik çillənin bitməsi ilə Boz ay başlayır. Boz ay həm Novruzun yaxınlaşmasını, həm də təbiətin oyanışını simvolizə edən bir dövr hesab edilir. Bu ayda xalq arasında çox məşhur olan çərşənbələr qeyd olunur. Su, Od, Yel və Torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Xalq arasında dörd əsas çərşənbədən əvvəl üç “yalançı” çərşənbənin də olduğu barədə inanclar mövcuddur. Bu yalançı çərşənbələr “oğru çərşənbələr” kimi tanınır və onlar əsas çərşənbələrdən fərqlənir. Su çərşənbəsi ilə başlayan əsas mərasimlər torpaq çərşənbəsi ilə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.
Kiçik çillədən Boz aya keçid xalqın qədim ənənələrini, inanclarını və təbiətə olan bağlılığını əks etdirir. Xıdır İlyas bayramı, çillə mərasimləri və çərşənbələr Azərbaycan xalqının min illər boyu formalaşmış zəngin mədəniyyətinin bir parçasıdır. Bu mərasimlər həm keçmişin izlərini qoruyub saxlayır, həm də xalqın gələcəyə olan ümidlərini yaşadır. Beləliklə, bu ənənələr həm mənəvi dəyərlər, həm də sosial həmrəylik baxımından böyük əhəmiyyət daşıyır.
Yazını hazırladı: XALİDƏ GƏRAY
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ