Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdəki müzakirələrdə çıxış edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2023-cü ildən danışan zaman ağıla ilk gələn ərazi bütövlüyümüzün tam bərpası, Prezident İlham Əliyev tərəfindən bayrağımızın Xankəndidə, Xocalıda ucaldılması, Azərbaycan xalqının tam azadlığa qovuşmasıdır:
“Bu, əslində 100 ilin hesabatı oldu. Biz bu il ilk dəfə olaraq bir neçə gündən sonra Novruz bayramını bütün ərazilərimizdə qeyd edəcəyik, fürsətdən istifadə edib sizi də qarşıdan gələn bayram münasibətlə təbrik edirəm. Bu hadisənin miqyası o qədər böyükdür ki, digər bütün rəqəmlər onun kölgəsində qalır. Amma bu möhtəşəm qələbəmizin əbədi olması üçün fikrimcə, hər bir sahə inkişaf etməli, əldə edilən nəticələr daim təhlil olunmalı və dayanmadan səylər göstərilməlidir.
Bu kontekstdə təqdim olunan hesabat və Milli Məclisin yanında büdcə nəzarəti orqanı olan Hesablama Palatasının il ərzində təqdim etdiyi auditin nəticələri Nazirlər Kabinetinin fəaliyyətinə qiymət vermək üçün lazımi əsas yaradıb. Hesab edirəm ki, təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və informativdir, dövlət başçısı tərəfindən hökumətə verilmiş tapşırıqların icra səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təchiz olunub. Hesabata yeni bölmələrin əlavə edilməsi, Milli Məclis deputatlarının və Hesablama Palatasının 120-yə yaxın təklif və tövsiyələrinin icrasına da geniş yer ayrılması təqdirəlayiq haldır.
Ümumiyyətlə, Nazirlər Kabinetinin son illər bu istiqamətdə fəaliyyətini hər il daha da genişləndirməsi dövlət maraqlarına birgə xidmət etmək yolunda Milli Məclis - hökumət əməkdaşlığını daha da gücləndirir, dövlət başçısının sosial-iqtisadi siyasətinin daha effektiv icrasına və bundan ölkə vətəndaşlarının bütün sahələrdə daha çox fayda əldə etməsinə imkan yaradır”.
Tahir Mirkişili qeyd edib ki, hesabat ilində ölkəmizdə iqtisadi artımın qeyri-neft-qaz sektoru hesabına təmin edilməsini, neft-qaz sektorunun isə regional iqtisadi nüfuzumuzun güclənməsində aktiv rol oynamasını, strateji ehtiyatlarımızın artmasının iqtisadi müstəqilliyimizi daha da gücləndirməsini, makroiqtisadi sabitliyin qorunub saxlanılmasını yüksək qiymətləndirir: “Çünki bu vəzifələr böyük fədakarlıq tələb edir”.
Komitə sədri deyib ki, hesabat ilində orta illik inflyasiyanın 8.8% təşkil etməsini hökumət və Mərkəzi Bank tərəfindən görülən antiinflyasiya tədbirlərinin, monetar siyasətin müsbət nəticəsi kimi qəbul etmək olar:
“Bu il inflyasiya gözləntisinin 2.4% təşkil etməsi cəmiyyətlə qurulan aktiv kommunikasiyanın uğurlu nəticəsi kimi qeyd edilməlidir. 2023-cü ildə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq, xərclərinin 99.5% səviyyəsində icra olunmasını təqdirəlayiq hal hesab edirəm. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi baxımından çox vacibdir. Bu göstərici həm də müvafiq qaydalar çərçivəsində büdcə mexanizmlərinin effektiv işlədiyini deməyə əsas verir.
Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin yığılan vergilərə nisbətinin 5.7% olması yaxşı göstərici sayılır. İşğaldan azal olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün həyata keçirilən işləri yüksək qiymətləndiririk”.
Tahir Mirkişili gələcək fəalyyətin təkmilləşməsi baxımından bir neçə təklif də səsləndirib:
“Fikrimcə, Nazirlər Kabinetinin öz fəaliyyəti haqqında hesabatını hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi daha məqsədəuyğun ola bilərdi. Bu həm də hesabatda təqdim edilmiş məlumatların daha dolğun və daha tam olmasına imkan verərdi. Hesabatda dövlət proqramlarının icrası haqqında daha geniş məlumatın verilməsi məqsədəuyğun olardı. Bu həm də deputatların öz dairələrində görülən işlər haqda daha geniş məlumata sahib olmasına, deputat-seçici münasibətlərinin inkişafına səbəb olardı. Publik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərində əsaslandığı qaydalar və bu qaydaların Nazirlər Kabinetinin qaydaları ilə uyğunluğunun təhlil edilməsinə fikrimcə, böyük ehtiyac var. İstehsal sahəsi üçün tələb olunan torpaqların təyinatı və istifadəsi qaydalarında çevik və iqtisadi cəhətdən səmərəli mexanizmlərin yaradılmasına fikrimcə, böyük ehtiyac var”.
Komitə sədri bildirib ki, bu təkliflərin nəzərdən keçirilməsi iqtisadi səmərəliliyi daha da artıra, nəzarət mexanizmlərini isə gücləndirə bilər.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ