İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hadisə tanınmışları özündən çıxardı: “Allahdan qorxsunlar!”

Övladı qız olacaq deyə bətnində 6 aylıq körpəsi və digər uşaqları ilə birgə evindən qovulan qadınla bağlı müzakirələr səngimir. Həmin anaya qarşı bu hərəkəti edən şəxslər isə insanlar, tanınmışlar tərəfindən qınaq atəşinə tutulmaqda davam edir.

“Yeni Sabah”a bu barədə münasibət bildirən tanınmış yazıçı Seyran Səxavət bu davranışın heç bir bəraətinin olmadığını vurğulayıb:

“Əslən qarabağlı, Füzulidən olan bir uşaqlıq dostumun bu barədə çox gözəl bir sözü var. Deyir ki, əgər bir adamın 7 oğlu da olsa, əgər bir qız övladı yoxdursa, o elə sonsuz kimidir. Bu fikri illərdir ki, atalar sözü olaraq qəbul etmişik.

Tutaq ki, sən mənə hər kəsin içində bir pay verirsən, mən isə onu tullayıram ki, bu mənə lazım deyil, filan şey lazımdır. Bu davranış nə dərəcədə etik, əxlaqi, tərbiyəvidir? Onun heç bir bəraəti yoxdur. Qızı olacaq deyə ananı çölə atanları tanımıram, bilmirəm onlar kimdir. Ancaq Allahdan qorxsunlar. Allahın payını belə laqeydcəsinə çölə atmazlar. Bu ilahi hədiyyəyə əsəbləşmək yox, onu şükrlə qəbul etmək lazımdır. Bugün evdən qovulan xanımın nələr çəkdiyini təkcə Allah bilir. Bu hərəkəti edən kəslərə səslənirəm. Siz bətnində gələcəyin anasını daşıyan bir xanımı çölə atırsınızsa, qorxun ki, Allah da sizi dünyadan qovar”.

"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, orta məktəb müəllimi Fatimə Hacıbəyli Yenisabah.az-a açıqlamasında məlum davranışla bağlı öz iradını bildirib:

“Qız övladı bir nemətdir, Allahdan verilən hədiyyədir. Mən həmişə demişəm ki, qızı olmayan ata-ana sonsuzdur. Allah ürəyi istəyən hər kəsə qız övladı nəsib etsin. Övlad qızdırsa, qadını qəbul etməmək, onu gözümçıxdıya salmaq, qolundan tutub çölə atmaq cahillikdir. Birincisi, övladın qız yaxud oğlan olmağını Allah bilir, eyni zamanda genetik olaraq, bu, atadan asılıdır. Həkimlər də təsdiq edir ki, uşağın cinsiyyəti ataya görə müəyyənləşir. O zaman ananı yox, elə atanı çölə atsınlar. Mənim bu şəxslərə münasibətim çox pisdir. Qadını çölə atan o adam ki var, onu da bu dünyaya bir ana, qadın gətirib. Yəni, həmin qadın dünyaya gəlməzsə, adam da olmazdı. Ətrafımda belə cılız düşünən insan yoxdur. Elələrini gördüyüm zaman sərt reaksiya verirəm. Çünki qız övladı Allahın bəxş etdiyi möcüzədir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR