İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu hadisə müvafiq qurumlar üçün ciddi siqnal olmalıdır" - Ekspert SƏRT danışdı

Məlum olduğu kimi, Tovuz rayonu, Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tüstülənmə nəticəsində 71 nəfərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Tovuz rayonu, Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə nəticəsində xəstəxanaya yerləşdirilən 71 nəfərə lazımi tibbi yardımlar göstərilib və onlar daha sonra evlərinə buraxılıblar.

"Bu hadisə təhsil sahəsindəki ciddi sistem çatışmazlıqlarını və təhlükəsizlik tədbirlərinin qeyri-adekvat vəziyyətini bir daha gündəmə gətirir. 71 nəfərin zəhərlənməsi artıq adi bir qəza deyil, məktəblərdə təhlükəsizlik və infrastruktur sahəsindəki ciddi problemlərin göstəricisidir", - məlumatda qeyd olunur.

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

kamran.jpg (28 KB)

"Bu hadisə göstərir ki, məktəblərdə təhlükəsizlik qaydalarına riayət olunmur. İstifadə edilən istilik sistemlərinin texniki baxımdan yoxlanılması ya heç aparılmır, ya da formal xarakter daşıyır. Məktəb binalarında təhlükəsizlik avadanlıqlarının olmaması, yanğın təhlükəsizliyinə diqqətsizlik və havalandırma sistemlərinin yoxluğu kimi hallar bu kimi faciələrə yol açır.

"Təhsil haqqında" qanunun 29-cu maddəsi açıq şəkildə bildirir ki, təhsil müəssisələri təhlükəsizlik, sanitar-gigiyenik və texniki tələblərə uyğun olmalıdır. Lakin belə görünür ki, bu normalar kağız üzərində qalır. Regional təhsil idarələri və müvafiq qurumlar bu tələbləri icra etmək əvəzinə yalnız formal hesabatlarla kifayətlənirlər. Təhsil sahəsində təhlükəsizlik tədbirlərinin icra olunmaması nəticə etibarilə həm şagirdlərin, həm də müəllimlərin həyatını təhlükə altında qoyur.

Digər tərəfdən, istilik məsələsi də hər il eyni problemlərlə gündəmə gəlir. Kənd məktəbləri xüsusilə istilik sistemlərinin keyfiyyətsizliyi və qeyri-adekvat vəziyyəti ilə üzləşir. İstilik təmin olunmadıqda, valideynlər narazıdır; istilik təmin olunduqda isə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün uşaqlar zəhərlənir. Bu, idarəçilik və nəzarət mexanizmlərinin tamamilə iflic olduğunu göstərir", - deyə ekspert qeyd edib.

Kamran Əsədov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə məktəblərin təhlükəsizliyinə dair çox ciddi standartlar mövcuddur:

"Məsələn, Almaniyada məktəblərdə hər il müvafiq orqanlar tərəfindən texniki baxışlar aparılır və standartlara cavab verməyən avadanlıqlar dərhal dəyişdirilir. Hər bir məktəbdə fövqəladə hallar üzrə xüsusi təlimat proqramları həyata keçirilir. Finlandiyada isə məktəblər həm təhlükəsizlik, həm də enerji effektivliyi baxımından ən yüksək səviyyədə təchiz olunur.

Azərbaycanda bu sahədə işlərin yalnız formal səviyyədə aparılması nəticə etibarilə belə faciələrə yol açır.

Bu hadisə hökumət və müvafiq qurumlar üçün ciddi siqnal olmalıdır. Təhsil müəssisələrində təhlükəsizliyin təmin edilməsi, istilik sistemlərinin müasir standartlara uyğunlaşdırılması və regional təhsil idarələrinin işinin tamamilə yenidən təşkil olunması təxirəsalınmaz məsələdir. Əks halda, bu cür hadisələr təkrarlanacaq və nəticədə uşaqların həyatına ciddi təhlükə davam edəcək. Təhsil yalnız bilik vermək deyil, həm də təhlükəsiz və sağlam mühitdə həyata keçirilməlidir. Bu məsuliyyət isə həm Elm və Təhsil Nazirliyinin, həm də regional təhsil idarələrinin üzərinə düşür".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR