Onlayn ictimai-siyasi qəzet
Bu gün, Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur.
Binəqədi Məhkəməsində Ağadadaş Ağayevin tərəf olduğu 2 məhkəmə prosesi keçirilir. Proseslərdən birində o, müttəhim, digərində zərərçəkəndir. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi.
Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi. Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”. Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib.
Ağadadaş Ağayevə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ