İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Moskva paradıdır

İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad müddətində Rusiyada internet məhdudlaşdırılacaq

Bu gün Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş parad keçiriləcək. Paradda 29 xarici ölkə başçısının iştirakı gözlənilir. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Həmçinin paradda 13 ölkənin hərbçiləri iştirak edəcək. Bundan əlavə, 31 ölkənin müdafiə nazirliklərindən nümayəndə heyətlərinin gəlməsi gözlənilir.

Bunlar aşağıdakı ölkələrin liderləridir: Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Slovakiya, Serbiya, Efiopiya.

Uşakovun sözlərinə görə, Hindistan, İndoneziya, Nikaraqua və Cənubi Afrika da “yüksək səviyyədə” təmsil olunacaq. Moskvanın Ukraynaya qarşı müharibədəki əsas tərəfdaşı olan Kim Şen In isə parada qatılmayacaq və KXDR yalnız səfir səviyyəsində tədbirdə iştirak edəcək.

Moskva paradına 29 ölkə lideri gedəcək - Siyahı AÇIQLANDI - FOTO -  Turkustan.az

Mayın 9-da səhər, Uşakovun sözlərinə görə, xarici ölkə liderlərinin nümayəndə heyətlərinin qarşılanması mərasimi keçiriləcək, bundan sonra onlar Moskva vaxtı ilə saat 10:00-da paradın başlayacağı Qızıl Meydana gedəcəklər. Burada xarici hərbi kontingentlər də iştirak edəcək və onların keçidi olacaq. Rusiyanın müdafiə naziri Andrey Belousov deyib ki, paradda iştirak etmək üçün 19 ölkədən hərbi birləşmələr dəvət olunub. Bunların ən böyüklərindən biri 102 nəfərin daxil olduğu Çin hərbi kontingenti olacaq.

Onun sözlərinə görə, Moskvaya Rusiyada akkreditə olunmuş bütün diplomatik missiyaların rəhbərləri və bir sıra ölkələrin müdafiə qurumlarının rəhbərləri dəvət olunub. Kremldə xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri üçün təntənəli qarşılanma mərasimi keçiriləcək.

Uşakov əlavə edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin Moskvaya səfəri çərçivəsində tərəflər iki birgə bəyanat qəbul edəcək və mətbuat üçün çıxış edəcəklər.

Qələbə paradında həmçinin ABŞ və İsraildən olan veteranların da iştirakı nəzərdə tutulur. ABŞ-ın Rusiyadakı səfiri Linn Treysiyə də parad üçün dəvət göndərilib.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Qələbə paradında iştirak etməyəcək. APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib. Qeyd olunub ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat-istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Eyni zamanda bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Kremlin divarları önündə videomüraciət yayımlayıb. Serbiya lideri bildirib ki, Moskvaya səfərinə müxtəlif ölkələrin necə reaksiya verdiyi onun üçün əhəmiyyət kəsb etmir. Vuçiçin sözlərinə görə, o, yaxşı bilir ki, nə edirsə-etsin, həmişə tənqid olunacaq, çünki Serbiyanın artıq avropayönlü yoldan çıxdığını deyəcək adamlar həmişə tapılacaq. Aleksandr Vuçiç vurğulayıb ki, onu nə Latviya, nə Estoniya, nə Litva, nə də başqa bir ölkə seçir.

Serbiya Prezidenti əmin olduğunu bildirib ki, respublika Avropa yolunda qalacaq. “Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”, - deyə Vuçiç əlavə edib. Prezident Vuçiç yaxın günlərə Patriarx Kirill ilə görüşəcək və ona orden təqdim edəcək.

Avropa Parlamentinin beş nəfərdən ibarət qrupu da Moskva paradında iştirak edəcək.  “Sahra Vaqenkneht İttifaqı - Ağıl və Ədalət Uğrunda Partiyasından olan Avropa Parlamentinin deputatları Rut Firmenih və Mixail von der Şulenburq bu həftə İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı anım tədbirlərində iştirak etmək üçün Moskvaya gedəcəklər. Çexiya, Slovakiya və Kiprdən olan deputatların da Moskvaya gedəcəkləri gözlənilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, parad zamanı internetdən istifadə məhdudlaşdırılacaq. Kreml məhdudiyyəti anlayışla qəbul etməyə çağırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, söhbət hansısa nasazlıqdan yox, mobil internetin fəaliyyətinə tətbiq edilən məhdudiyyətdən gedir.

Kremlin sözçüsü əlavə edib ki, qələbənin ildönümü ilə əlaqədar xarici ölkələrdən gələn qonaqların Moskvada olduğu müddətdə, yəni may ayının 10-na qədər insanlar mobil internetin fəaliyyətində məhdudiyyətlərə hazır olmalıdır.

Ukrayna dronlarının Qələbə günü ərəfəsində Rusiya regionlarına kütləvi hücumları Kiyev üçün ədalətli addımdır. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Artıq Rusiya hava məkanının da narahatlıq hiss etməsi ədalətlidir”, - Zelenski bildirib.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR