İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün “mahmudovçu” generalın məhkəməsidir

Dövlət ittihamçısı Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan şəxslərə üst-üstə 48 il azadlıqdan məhrumetmə cəzası istəyib

Bu gün - avqustun 30-da Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

İş üzrə sonuncu məhkəmə prosesi iyulun 26-da keçirilmişdi. Həmin prosesdə dövlət ittihamçısı Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan şəxslərə üst-üstə 48 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra iş üzrə Azərbaycan məhkəmə praktikasında görülməmiş bir fasilə yarandı. Hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlara çıxışa hazırlaşmaq üçün 1 ay 4 gün fasilə verdi. Halbuki Azərbaycan məhkəmələrində dövlət ittihamçısının çıxışından sonra müttəhimlərə çıxışa hazırlaşmaq üçün maksimum 10 gün zaman ayrılır.

10 aya yaxın davam edən prosesdə hakim Elbəy Allahverdiyev tutduğu mövqe ilə daha çox Mövlam Şıxəliyevə yönəlik ittihamların təsdiq edilməməsinə yaxın olub. Bu da zərərçəkənlərin diqqətindən yayınmayıb. Onlar ötən aylar ərzində dəfələrlə hakimə etiraz bildiriblər. Vəsatətlərində Elbəy Allahverdiyevin hakimlikdən uzaqlaşdırılmasını tələb ediblər. Etirazlarını belə əsaslandırmışdılar ki, Elbəy Allahverdiyev vaxtilə Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyib. 2003-2004-cü illərdə MTN-in İstintaq İdarəsinə ezam olunub. Həmin dövrdə Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsində rəis vəzifəsində xidmət edib. O dövrdə Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərib.  Zərərçəkənlər vəsatətlərində qeyd etmişdilər ki, Mövlam Şıxəliyevlə hazırda iş üzrə hakim olan, o zaman müstəntiq işləmiş Elbəy Allahverdiyev xoş ünsiyyətdədirlər. Sübut kimi Elbəy Allahverdiyevin məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Mövlam Şıxəliyevə  “Mövlam müəllim” xitabı ilə müraciət etməsini göstərmişdilər. Qeyd etmişdilər ki, hakim bu xitabla təqsirləndirilənə müraciət etməklə əslində hakim kimi fəaliyyətini şübhə altına alıb, tərəf olduğunu göstərib. Buna görə də Elbəy Allahverdiyevin hakim kimi fəaliyyətini davam etdirməsi iş üzrə çıxarılacaq hökmü bu başdan şübhə altına alır. Əsaslı və qanuni hökm çıxarılacağına böyük şübhələr yaradır. Hakim heç bir əsas göstərmədən ona etiraz ifadə olunan vəsatətləri təmin etməyib.

Xatırladaq ki, Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR