İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün ağıllı telefon “canavar”ı olan uşaq sabahın xəstəsidir

Mobil telefona aludəçilik uşaqları hansı xəstəliklərə düçar edir?

Bu gün uşaqlar mobil telefondan asılı vəziyyətə düşüb. 6 aylığından etibarən yemək yedizdirilən uşağın başını qatmaq üçün ona telefon verilir. Beləcə, uşaq daha sonra oyun oynamaq, vaxt keçirmək, ətraf mühitdə yox, mobil dünyada yaşamaq vərdişinə yiyələnir. Bunun fəsadları indi çox görünməsə də, gələcəkdə bilinəcək. Amerika alimlərinin fikrinə görə, uşaqların mobil telefondan istifadəsi uşağın yaşına görə dəyişir. Mobil telefon günümüzdə uşağın güvənliliyi üçün çox vacibdir. Bunun üçün uşaqlar ondan istifadə etməsinlər deyə bilmərik. Vacib olan uşağın telefonu necə  istifadə etməsidir. Tədqiqatlar göstərir ki, uşaqlar elektron əşyalardan istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır. Cəmiyyətə adaptasiya çətinləşir və dərslərində durğunluq yaranır. Mobil telefondan da ən çox ziyan vuran ağıllı telefonlardır ki, onlar uşaqları kütləşməyə aparır. Hər şeyə tez avtomatik nail olmaq istəyirlər.

Mobil telefonların uşaqlara təsiri MRT görüntüləri ilə sübut olunub. Telefon danışıqlarının uşaqlarda  korteksə daha çox təsir etdiyi araşdırılıb. Yəni  mobil telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox təsir edir. Çünki  o yaşda uşaqların şəxsiyyətinin formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu müəyyənləşməyib. Ancaq kiçik yaşlarda uşaqlarda elektromaqnit zonaların həssaslığı daha çox olur. Buna görə kiçik məktəblilərə mobil telefonların alınması məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə alsaq  lazım olmadıqda uşaqlara telefon alınmamalıdır. Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin bundan uzun müddət istifadəsinin nəticələrini hələ bilmirik. Əgər bu çox vacib olarsa uşağa sadəcə mesaj şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun fiziki və mənəvi ziyanlarını düşünsək kiçik məktəbli  uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr cəza və mükafat sistemində də cib telefonundan istifadə edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun istifadə edilərsə (məsələn, dərs saatlarının çıxış saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar çərçivəsində istifadəsinə icazə verilməlidir.

Ağlayaraq istəyən uşağa əsla cib telefonu verilməməlidir. Bu zaman uşağa “bizim pulumuz yoxdur onu almağa” da deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun haqqı olduğunu və valideynlərin telefonu ala bilməyəcəyini düşünürlər. Amma doğrusu bunu uşağa izah etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və sözündə durmalıdır.

Mütəxəssislər bildirirlər ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq. Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadırlar. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.

İngilis mütəxəssisləri 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.

Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.

Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.

Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.

Mobil telefon uşaqlarda hansı xəstəliyi tətikləyir?

Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır. Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

Ölkənin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır. Hər bir orta məktəb şagirdi tədris ilində, minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir.

Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi, qulaq cingildəməsi, diqqət pozğunluğu, eşitmədə keçici problemlər yarada bilər. Bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzunmüddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, embrion inkişafının zərər görməsi, qadınlarda uşaq salma riskinin artması, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir. Bir sözlə, uzun müddət mobil telefondan istifadə insanlıq üçün zərərdir. Gün içində 3-4 saat mobil telefona yaxın olmusunuzsa, baş ağrısı, unutqanlıq, diqqətsizliyin artımı, refleks itkisi, qulaqlarda cingildəmə, gözlərdə qaralma müşahidə edilə bilər. Əgər telefona baxarkən ürəyiniz bulanır və gözləriniz sulanırsa, bu, təzyiqin artmasının işarəsidir. Bununla yanaşı, həddən artıq əsəbilik də özünü büruzə verə bilər ki, bu da gələcəkdə nevrozla nəticələnər.

HAZIRLADI: Sevinc TELMANQIZI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR