İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu fikirlər 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallığın ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər” - Deputat

“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə əlamətdardır. Çünki məktubda həm 30 illik müddət ərzində ABŞ – Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, həm əldə edilən ortaq nailiyyətlərə vurğu edilir, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri ilə bağlı mühüm fikirlər bildirilir”.

Bu fikirləri deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında söyləyib. O bildirib ki, ABŞ prezidenti ilk növbədə diqqəti hazırda dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək vaxtilə ABŞ və Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir:

“Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Göründüyü kimi, bizim adətən, Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi qiymətləndirdiyimiz gerçəkliyi ABŞ Pezidenti daha qlobal kontekstdə qiymətləndirir. Miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki, bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun yüksək qiymətləndirilməsi hesab edilə bilər. İkinci mühüm aspekt isə ondan ibarətdir ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu xüsusi olaraq qeyd edir. Şübhəsiz ki, buraya təkcə qlobal terorizmə qarşı mübarizədə ABŞ-ın antutrerror koalisiyasının dəstəklənməsi deyil həm də Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də daxildir. Əgər bunların üzərinə Cozef Baydenin Azərabycanın müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də gəlsək, bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi qiymətləndirilə bilər”.

H.Babaoğlunun sözlərinə görə, başqa bir mühüm məsələ Ermənistan və Azərbaycan arasında yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin fikirləridir:

“Bu da özlüyündə olduqca əhəmiyyətlidir. Cozef Bayden bildirir ki, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi, bizim sadəcə Qafqaz regionunda əməkdaşlıq perespektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını ABŞ daha geniş miqyasda, Trans-Xəzər region kontekstində qiymətləndirir ki, bu, əslində, Azərbaycanın regionun gələcəyində olyanayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR