İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu diplomlarla yalnız işsiz qalmaq mümkündür!" – Ekspert həyəcan təbili çalır

"Əmək bazarında ən çox iş tapan məzunların siyahısı bir daha sübut edir ki, Azərbaycan universitetlərində yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq, real sektor yalnız konkret və məhdud sayda sahəyə tələbat göstərir".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert ən çox işə düzələn məzunların siyahısını bu cür açıqlayıb:

"Ən çox işə düzələn məzunlar iqtisadiyyat (2,554), maliyyə (1,806), mühasibat uçotu (1,746), menecment (1,574), sənayenin təşkili (1,515), biznesin idarə olunması (1,331), dünya iqtisadiyyatı (1,315), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (1,096), bədən tərbiyəsi (1,044) və hüquqşünaslıq (868) ixtisasları üzrə təhsil alıblar. Halbuki universitetlərdə hazırda 150-dən çox ixtisas mövcuddur. Bəs bu ixtisaslar kimə lazımdır? Onları bitirən minlərlə gənc hara gedir?

kamran.jpg (28 KB)

Niyə universitetlər əmək bazarının ehtiyaclarını deyil, öz resurslarını doldurmaq üçün qəbul planı tərtib edir? Niyə təhsil proqramları "işə düzəlmək ehtimalı sıfıra yaxın olan" ixtisaslarla doludur? Niyə bu qədər "etiketli, amma heç bir bazar dəyəri olmayan" diplomlar istehsal olunur?

Məsələ ondadır ki, bir çox universitet illərlə dövlət sifarişi və ödənişli əsaslarla kütləvi qəbul apararaq kadr yox, statistik rəqəm hazırlayıb. "Bizim 5,000 tələbəmiz var" demək, "biz bu il əmək bazarına 5,000 yeni işsiz əlavə etdik" deməkdir əslində. Çünki bu ali məktəblər nə əmək bazarı ilə koordinasiya qurur, nə işəgötürənlərlə əməkdaşlıq edir, nə də təcrübəyə əsaslanan proqramlar hazırlayır. Tələbəyə verilən təhsil əzbərdir, texnologiyadan uzaqdır, bazara deyil, sadəcə imtahana hazırlaşdırır.

Əgər məzunların yalnız 10 ixtisas üzrə təhsil alanları iş tapa bilirsə, bəs qalan 140 ixtisas üzrə oxuyan minlərlə tələbə nə üçündür? Niyə universitetlər hələ də heç bir praktikası olmayan, iqtisadiyyata töhfə verməyən, real sektorun tanımadığı sahələrə qəbul aparır? Səbəb aydındır: universitetlərin əksəriyyəti özünü "xidmət strukturu" yox, "kommersiya obyekti" kimi aparır. Tələbə onlar üçün gələcək kadr yox, bu günün maliyyə mənbəyidir. Təhsil müəssisələri planı doldurmaq üçün, büdcədən dotasiyanı almaq üçün, bəzən də süni statistik göstərici göstərmək üçün ixtisas siyahısını şişirdir.

Bu nəinki təhsil sistemini, bütövlükdə cəmiyyətin gələcəyini təhlükə altına atır. Universitetlərin əsas funksiyası cəmiyyətə faydalı, ixtisaslı, bacarıqlı kadrlar yetişdirməkdirsə, bu funksiya artıq çoxdan pozulub. Təəssüf ki, bir çox universitetin fakültə və kafedraları sadəcə "diplom fabriki"nə çevrilib. Elmi baza yoxdur, sənaye tərəfdaşlığı sıfıra bərabərdir, tədris planları müasir reallıqla uzlaşmır.

Əmək bazarı isə çox sərt davranır. Heç bir şirkət "professordan əla qiymət alıb" deyə məzunu işə qəbul etmir. Şirkətlər bacarıq istəyir, çeviklik istəyir, texnologiya bilikləri istəyir. Bunu verməyən universitet yalnız diplom verir – amma bu diplomun bazarda qiyməti sıfıra yaxın olur".

Kamran Əsədov qeyd edib ki, hazırda universitetlər kütləvi şəkildə yeni ixtisas açsa da, heç biri bu ixtisaslar üzrə bazarın tələbinin olub-olmadığını yoxlamır:

"Bu isə ciddi dövlət nəzarəti və sistemli islahat tələb edir. Ali təhsil haqqında qanunda ixtisas siyahısı və qəbul planları hər il əmək bazarı ilə uyğunlaşdırılmalı, reallığı əks etdirməyən ixtisaslar ya bağlanmalı, ya da restrukturizasiya olunmalıdır. Universitetlərin akkreditasiyasında yalnız akademik göstəricilər deyil, məzunların məşğulluq səviyyəsi əsas meyar olmalıdır.

Təhsil nazirliyi və Dövlət Məşğulluq Agentliyi bu reytinqi təqdim etməklə çox vacib bir addım atıb. Amma bu, başlanğıcdır. Növbəti addım – nəticəsiz ixtisasların siyahısının hazırlanması, ali təhsil sistemində məzmun islahatlarının aparılması və universitetlərin real bazara yönəldilməsi olmalıdır. Əks halda, hər il minlərlə gənc universitetə daxil olur və dörd il sonra "işsizlər sırasına" çıxış diplomu ilə daxil olur. Bu isə artıq sadəcə təhsil problemi deyil, bu, sosial ədalətsizlikdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR