İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, antiterror əməliyyatlarını qaçılmaz edir” - RƏY

“44 günlük müharibədən sonra Ermənistan öhdəlikləri yerinə yetirməyib və üstəlik, Qarabağ məsələsini yenə də Minsk Qrupu çərçivəsində müzakirə etməkdə israrlıdır. XİN rəhbərlərinin birbaşa təmaslarında bunun yenidən dilə gətirilməsi göstərir ki, Ermənistanın siyasəti dəyişməyib”.

Bunu Musavat.com-a açıqlamasında İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı deyib.

qafar_caxmaqli.jpg (32 KB)

Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti hələ də güman edir ki, Qarabağda qalan ermənilər üçün hansısa beynəlxalq haqqı alacaq: “Bu, məğlub ölkənin həyasızlığıdır və bundan sonra da Ermənistanın mövqeyinin baş tutacaq növbəti danışıqlarda dəyişəcəyini düşünmürəm. Belə olan halda onlarla danışmağın, dialoqa girməyin mənası yoxdur. Rusiya da bunları bilir və ona indiki halda bu durum sərf edir. Bu görüş Azərbaycanın məsələyə yeni yanaşma prinsipləri ortaya qoymasını vacib edir”.

Q.Çaxmaqlı qeyd edib ki, Prezident İlham Əliyev son çıxışlarında dövlətimizin mövqeyini ortaya qoyub: “Ermənistan Azərbaycan ərazilərindən hərbi birləşmələrini çıxarmırsa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görmürsə, deməli, yeni ciddi addımlar atılmalıdır. Məsələni kökündən həll etmək lazımdır. Bu isə yeni antiterror əməliyyatlarını qaçılmaz edir. Azərbaycan 2020-ci ildə atdığı addımları təkrarlamaq məcburiyyətindədir”.

Politoloq İlyas Hüseynov da sərt qərarların qəbulunun vaxtının yetişdiyini düşünür: “Cari ilin 6 ayının yekununa həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyev bir sıra mühüm hərbi, siyasi, iqtisadi və sosial aspektlərə toxundu. Ən diqqətçəkən məqam Ali Baş Komandanın Rusiya və Ermənistan tərəfinə xəbərdarlığı idi. 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli birgə bəyanatın 4-cü maddəsi icra edilməmiş qalır. Bu da regionun təhlükəsizliyi baxımından təhdid hesab olunur. Regionda müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlılar nəinki erməni terrorçularının regionu tərk etməsinə şərait yaradır, həmçinin bir sıra hallarda həmin terrorçuların çox rahatlıqla sülhməramlıların gözü qarşısında hərəkət etmələri kamera görüntülərində qeydə alınır. Bütün bu halların qarşısını almaq üçün rəsmi Bakı səbr nümayiş etdirdi. Amma artıq bu qanunsuz hallara dözmək mümkün deyil”.

ilyas.jpg (91 KB)

İ.Hüseynovun sözlərinə görə, erməni quldurlarının sülhməramlılarla pərdələnərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı istənilən məkrli niyyətinin qarşısı qətiyyətlə alınacaq: “Rusiya tərəfi 4-cü maddənin icrası ilə bağlı iyun ayına qədər vəd versə də, implementasiya həyata keçirilmir. Bu xüsusda rəsmi Bakı da öz haqlı tələblərini irəli sürür. Hazırda Avropa İttifaqının regionda fəallaşdığı, Gürcüstanın paytaxtında Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüş keçirdiyi, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dönəmdə üçtərəfli bəyanatlarda tərəflərdən biri olan və zəmanətçi qismində özünü göstərən Rusiya Azərbaycanın çağırışlarına adekvat münasibət göstərməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR