İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsselin sülh təşəbbüsü Azərbaycanı Avropaya daha da yaxınlaşdırırmı - politoloqun şərhi

Şəhla Cəlilzadə: “Avropanın Cənubi Qafqaz regionuna dair uzunmüddətli perspektivə dair planları var”

Azərbaycan dünya birliyinə inteqrasiyanı xarici siyasətinin hər zaman əsas prioritetlərindən biri sayıb. Bunun üçün region ölkələri, o cümlədən xarici dövlətlərlə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın inkişafına daim üstünlük verib.

Təcavüzkar Ermənistan istisna olmaqla, bütün dünya ölkələri ilə yaxın və ya uzaq əlaqələrimiz var. Rəsmi İrəvanla da artıq sülh müqaviləsinin imzalanması an məsələsinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu gerçəkləşərsə, Azərbaycan dünya birliyinə inteqrasiyasına daha da müsbət töhfələr verəcək. Çünki etiraf edək ki, xristian ölkələri, həmçinin beynəlxalq təşkilatlar hər zaman Azərbaycana münasibətdə xristian təəssübkeşliyini gizlədə bilməyiblər...

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə beynəlxalq aləmlə əməkdaşlığın daha da inkişafı üçün sülh müqaviləsinin əldə olunmasının önəmli tərəflərinə toxundu: “Azərbaycan torpaqları 1990-cı illərdə işğal olunmağa başlayandan indiyədək sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam edirdi. Lakin hər iki tərəfi qane edən sülh sazişini əldə etmək indiyədək mümkün olmayıb. Buna ilk növbədə Ermənistan tərəfinin işğalçı iddiaları imkan vermirdi. Lakin 44 günlük Vətən müharibəsi Ermənistanın bu işğalçı siyasətinin birdəfəlik məhv edilməsini, yeni danışıqlar gündəliyinin formalaşmasını, masaya Azərbaycanın şərtlərinin qoyulmasını müəyyən etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, yaxud Ermənistanın kapitulyasiya aktına imza atmasından keçən il yarım müddət ərzində tərəflərin müxtəlif formatlarda, ikitərəfli və çoxtərəfli danışıqları mövqelərin daha da bir-birinə yaxınlaşdırılmasına şərait yaratdı. Bu müddət ərzində Azərbaycan Ordusu rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan, de-fakto qondarma rejimin qeyri-qanuni dəstələrinin rəhbərlik etdiyi ərazilərdə, xüsusilə strateji yüksəkliklərdə irəliləyərək ölkəmizin diplomatik masadakı qalibiyyətlərinin zəminini gücləndirməkdədir. Bu baxımdan 6 aprel 2022-ci il tarixindəki Brüssel görüşünün nailiyyətləri xüsusilə diqqətəlayiqdir. Qeyd edim ki, bu görüşə də Azərbaycan tərəfi məhz Fərrux kəndini və Daşbaşı zirvəsini fəth edərək getmişdi. Məhz bu görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd etmiş, bu məqsədlə müvafiq məsələləri həll etmək üçün ölkələrinin xarici işlər nazirlərini mükəlləf ediblər.

Putinin Ukraynada qandallanan agentinin xəyanət dosyesi

 Şəhla Cəlilzadə

Ermənistanın baş naziri və digər bir sıra yüksək çinli məmurlarının Qarabağın gələcəyini Azərbaycanın tərkibində gördüklərini ən son 12 aprel tarixli parlament çıxışı zamanı geniş ictimaiyyətə açıq şəkildə deməsi rəsmi İrəvanın sülhə artıq hazır olduğuna işarədir. Həmçinin Paşinyanın beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərdiyini, sülh müqaviləsinə nail olduqdan sonra Ermənistan ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqlarını, əks təqdirdə, beynəlxalq dəstəyə ümid bağlamamaq gərəkdiyini bildirməsi sülh müqaviləsinin imzalanmasından sonra bölgəyə xarici maliyyə-iqtisadi və siyasi kapitalın axını olacağının ilkin siqnalı olaraq dəyərləndirilə bilər. Bütün bu şirnikləndirici çıxışlara baxmayaraq Ermənistan administrasiyasının sülh müqaviləsinə dair qərarlı mövqeyi ölkə daxilindəki radikal müxalifəti kəskin narahat edir. Onlar Paşinyana qarşı etiraz mitinqləri və müəyyən hərəkat dalğası formalaşdırmağa çalışırlar. Bununla belə, regional proseslər öz axarı ilə davam etməkdədir. Avropanın Cənubi Qafqaz regionuna dair uzunmüddətli perspektivə dair planları var. Burada Azərbaycanın quruma inteqrasiyası deyil, Avropanın enerji təhlükəsizliyi konsepsiyası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə Şərq və Qərb arasında yeni və təhlükəsiz keçidi təmin edən kommunikasiya dəhlizlərinin yaranması, iqtisadi əlaqələrin genişlənməsi fonunda ölkəmizə və ümumiyyətlə, regiona artan maliyyə iqtisadi yardımları nəzərdə tutulmalıdır. Yəni Rusiya-Ukrayna müharibəsinin gedişində Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına qoşulmasını nəzərdə tutan bir inteqrasiya modelindən deyil, enerji və iqtisadi əlaqələrin, o cümlədən mədəni-humanitar münasibətlərin genişləndirilməsindən söhbət gedir”.

Ekspert hər keçən gün Azərbaycanın rolunun dünyada daha da artdığını qeyd etdi: “Ümumiyyətlə, yaranmış yeni dünya reallıqları fonunda Azərbaycanın Cənubi Qafqazın lideri kimi rolu daha da güclənmiş, bu isə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə olan rəğbəti daha da artırmaqdadır. Məsələn, məhz Vətən müharibəsindən keçən dövrdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddəti daha 1 il uzadılmış, İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin mövqeyini dəstəkləyən daha bir neçə qətnamə qəbul etmiş, Şuşada keçirilən, ölkəmizin BMT-yə qoşulmasının 30 illiyinə həsr olunan tədbir, BMT miqyasında dünyanın ölkəmizin ərazi bütövlüyünə dəstək olduğunun bariz nümunəsini təşkil edib. O cümlədən ATƏT də yaranmış reallıqları və Minsk Qrupunun faktiki qeyri-funksionallığını qəbul edərək yeni çərçivələr yaratmağa hazır olduğunu göstərib. Artıq yeni çərçivə Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olması üçün vətəndaş cəmiyyəti institutlarının ATƏT çərçivəsində aktiv qarşılıqlı fəaliyyətini özündə ehtiva edərək Trak II diplomatiyaya keçidin, sülh quruculuğunun diplomatik masadan şəxslərarası münasibətlər müstəvisinə endirildiyinin göstəricisidir. Sülh müqaviləsinin imzalanmasından sonrakı dövrdə ölkəmizə daha da artan rəğbətin, marağın, qlobal dəstəyin və investisiya axınının şahidi olacağımızı təxmin etmək olar”.

Cavanşir ABBASLI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR