İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsselin ikibaşlı oyunu: ermənilərə amnistiya istəyir - Bakının cavabı

Avropa Şurası Nazirlər Komitəsinin iclasından (AŞ PA-nın məlum anti-Azərbaycan qətnaməsindən) sonra Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan ətrafında yaranmış vəziyyətlə bağlı növbəti bəyanat qəbul edib.

“Aİ Azərbaycanın bütün Qarabağ erməniləri üçün hərtərəfli amnistiya elan etməsini, həmçinin 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini bir daha təsdiqləməsini gözləyir”, - bəyanatda deyilir.

Xüsusi vurğulanır ki, “Aİ Azərbaycanın 19-20 sentyabr tarixlərində apardığı hərbi əməliyyatlardan sonra Qarabağ ermənilərinin kütləvi surətdə köçürülməsi və Laçın dəhlizinin 9 aylıq blokadası nəticəsində yaranmış son dərəcə çətin vəziyyəti narahatlıqla izləməkdə davam edir”.

Qeyd edilir ki, “Azərbaycan Qarabağ ermənilərinin insan hüquqlarını, əsas azadlıqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində ləyaqətlə, qorxusuz və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməli, qaçqınların tarixinə, mədəniyyətinə və insan hüquqlarına lazımi hörmətlə könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərait yaratmalıdır”.

Bəyanatda həmçinin bildirilir: “Prezident Əliyevin Qarabağ erməniləri ilə sülh şəraitində yaşamağa, onların hüquqlarını qorumağa hazır olması barədə ictimaiyyətə açıqlamalarını diqqətə aldıq. Eyni zamanda, Azərbaycan qaçqınların bundan sonrakı taleyinə görə əsas məsuliyyəti daşıyır. Mühüm etimad quruculuğu tədbirləri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və bütün tərəflərin sərt ritorikadan çəkinməsini gözləyirik”.

Sonda qeyd olunur ki, Aİ Azərbaycanın və Ermənistanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir: “Biz Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliyini bir daha təsdiq etməyə çağırırıq”.

Doğrudur, sənəddə “etnik təmizləmə” ifadəsi yoxdur, amma “Dağlıq Qarabağ” ifadəsi dəfələrlə yer alır. Yəni Avropa İttifaqı bir yandan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyir, digər yandan isə sanki özü-özünü təkzib edərək, mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi işlədir.

İkinci yandan, rəsmi Brüsselin “Azərbaycan qaçqınların bundan sonrakı taleyinə görə əsas məsuliyyəti daşıyır” nə demək? Onlara qayıtmaq üçün yalvarmalıyıqmı? Nəhayət, geniş amnistiya mümkünmü, olacaqmı və söhbət Aİ-nin israr elədiyi hansı ermənilərdən gedir - saxlanılan və saxlanılmayan hərbi cani və terrorçular da bura daxilmi?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmzadə: “Avropa təsisatları yaxşı olar ki, boşboğazlıqdan əl çəkib...”

Deputat Bəhruz Məhərrəmzadə Avropa təsisatlarını boşboğazlıqdan əl çəkməyə çağırdı: “Son zamanlar Avrotəsisatların ermənilərin Qarabağa qayıdış hüququndan bəhs edən və Azərbaycana qərəzli çağırış edən, saxtakar bəyanatlarına şahidlik etməkdəyik. 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa İttifaqını, yaxud Avropa Şurasını bu gün hansı maraqlar danışdırır, təbii, bizə tam aydındır. Biz çox yaxşı xatırlayırıq ki, cəmi üç il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs, qadınlar, qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarlar necə və niyə susurdu. Bu mənada, Fransanın göstərişləri ilə hərəkət edən, ədalətsiz və qərəzli bir təşkilatın hər hansı qərar və tövsiyəsi bizim üçün mötəbər ola bilməz və real situasiyanı təhrif edən bu tip davranışlarla Avrostrukturlar sadəcə özlərini ifşa edir. 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılmasına susmaqla kifayətlənməyən Avropa təsisatlarının bir sıra aparıcı subyektləri Ermənistanın işğal, təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər. Baxmayaraq ki, Avropa Şurasının və Avropa İttifaqının Nizamnamələrində, Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğu bəyan edilir. Bu illər ərzində işğal və təcavüzə dəstək verən, separatizmi təşviq edən platformalar bəşəri dəyərlər naminə ”birlikdən" danışa bilərmi? Azərbaycan istər Vətən müharibəsində, istərsə də antiterror tədbirləri zamanı BMT Nizamnaməsinin 51-ci maddəsində ifadə olunmuş özünümüdafiə hüququnu həyata keçirib, işğalçı, təcavüzkar ilə mübarizə aparıb,  beynəlxalq hüququn aliliyini təmin edib. Bizim hədəfimizdə erməni yox, işğal, separatizm və terror olub və ermənilər məhz Ermənistanın və havadarlarının təhriki ilə Qarabağdan köçüb. Onlarla ləyaqətlə davranılıb, rahat gedişləri təmin olunub və proses də vizual formada sənədləşdirilib. Ona görə də Avropa təsisatları yaxşı olar ki, boşboğazlıqdan əl çəkib özünün davranışlarını təsis sənədlərində müəyyən edilmiş ehkamlara uyğunlaşdırsın. Avropanın regional mexanizmlərinə münasibətdə Azərbaycan həmişə vicdanlı davranıb. Biz hesab etmişik ki, əgər Avropa Şurası bəşəri haqları, yaxud Avropa İttifaqı əməkdaşlıq prinsipini təşviq edirsə bu bizim Konstitusiyamızda təsbit olunmuş niyyət və məqsədlərlə  üst-üstə düşür və ötən dövr ərzində də uğurlu əməkdaşlıq üçün bizdən asılı olan bütün addımlar atılıb. Lakin görünən odur ki, bu təsisatlar çoxdan ədalətli mövqedən uzaqlaşdığını və ayrı-ayrı qüvvələrin əlində alətə çevrilib. Təbii ki, bu tip davamlı riyakar və selektiv yanaşması ilə Avropa təsisatları, xüsusən Avropa İttifaqında əslində son bəyan olunanlar sadəcə çirkab yığınıdır".

Araikin bic davranışı - özünü həbsdən sığortalamaq üçün yeni cildə girir

Şəhla Cəlilzadə: “Avropanın onları azad etmək çağırışları tamamilə hüquq və ədalətdən kənardır”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu çağırışları mənasız sayır: “Maraqlıdır ki, 1 milyonadək insan Ermənistan, Qarabağın dağlıq hissəsi və ətrafındakı 7 rayondan qovularkən Avropa İttifaqı Ermənistanı bu insanların taleyinə görə məsuliyyət sahibi elan etməmişdi. Antiterror tədbirlərindən sonra Qarabağdan Ermənistana köç edən ermənilərin hamısı ya Ermənsitan, ya da üçüncü bir dövlət vətəndaşıdır və öz istəkləri ilə yaşadıqları evi tərk edib gediblər, yəni heç kəs onlara zorakılıq tətbiq etməyib və köçə məcbur etməyib. Hətta Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə səfiri Elçin Əmirbəyov da Qərb media nümayəndələrinin suallarını cavablandırarkən dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri (qeyri-qanuni köç edənlər xaric) Azərbaycana qayıda və sivil reinteqrasiya proqramına qoşula bilərlər. Bu çağırış cənab Prezident İlham Əliyevin 15 oktyabr tarixli xalqa müraciətində də yer almışdı. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin reinteqrasiya prosesi çərçivəsində digər vətəndaşlarımız kimi bütün hüquq və təhlükəsizlikləri təmin ediləcək. Öz dediyimiz sözü özümüzə xatırlatmağa gərək yoxdur. Avropa İttifaqı zəhmət çəksin, öz sənədlərini özlərinə və ermənilərə xatırlatsın. Avropa Şurasının 14 fevral 1995-ci il tarixli ”Azərbaycan və Ermənistandakı qaçqın və məcburi köçkünlərin humanitar vəziyyəti haqqında" hesabatında qeyd olunur ki, Azərbaycan əhalisinin 10-15%-i (900 min nəfərdən çox insan) qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb. Avropa qoy bu sənədini xatırlasın, Ermənistandan qovulan 230 minədək azərbaycanlının öz evlərinə qayıtmaq haqlarının Ermənistan tərəfindən təmin edilməsinə dair çağırış etsin. Bu sənəddə qeyd olunur ki, qaçqın və məcburi köçkünlərin təzminat tələb etmə haqqı var. Qoy görək, 100 min insanın təzminat tələbi çoxdur, yoxsa 1 milyonadək insanın?! Azərbaycan Ermənistandan 1987-2020-ci illər arasında törətdiyi qanlı cinayətlərə, insanlara və dövlətimizə vurduğu maddi-mənəvi ziyana görə təzminat tələb etsin! Avropa İttifaqı çox ədalətli mediatordursa bu tələbləri də səsləndirsin, öz sənədlərində. Onlar Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təkrar tanımağa çağırış edir. Bundan öncə Ermənistan Baş naziri Paşinyan Avropa tribunalarında Azərbaycanın guya Ermənistanın 150 kv2 torpağını işğal etdiyini bəyan etdiyi üçün Aİ belə bir çağırış edir. Avropa İttifaqı öz bəyanatlarında xatırlatma etsin ki, Ermənistan hələ də Azərbaycanın 8 kəndini, Azərbaycan anklavlarını öz işğalı altında saxlayır. Aİ bütün Qarabağ ermənilərinə amnistiya verilməsinə dair tələb irəli sürür. Xatırlasınlar ki, Nürnberq tribunalında II Dünya müharibəsinin canilərini məsuliyyətə cəlb edən məhz avropalılar idi. Müharibə cinayətləri bağışlanmır! Heç bir sivil dünya müharibə canilərini bağışlamır! Silahı yerə qoyan, təslim olan, müharibə cinayəti törətməyən ermənilər isə onsuz da bağışlanıb və hazırda Ermənistandadırlar. Cənab Prezidentin amnistiya ilə bağlı mövqeyini ABŞ dövlət katibi Blinken də müsbət qiymətləndirmişdi. Vardanyan kimi terrora çağırış edənlər, Arutyunyan kimi sivil insanları bombalayanlar, Gəncə, Bərdə terrorlarını törədənlər isə ömür boyu dəmir barmaqlıqlar arxasında qalacaqlar. Avropanın onları azad etmək çağırışları tamamilə hüquq və ədalətdən kənardır. İkibaşlı mövqe təbii olaraq hazırki Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasətindən, Ermənistanın Aİ inteqrasiyası yolu seçməsindən irəli gəlir. Bu halda Avropa siyasətçilərindən ədalətli mövqe və müvafiq çağırışlar eşitmək də bir az çətin məsələdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR