İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən növbəti diplomatik həmlə - Paşinyan “daşları” ətəyindən tökəcək"mi?

Avropalı emissar İrəvandan sonra Bakıda, Ermənistan hakimiyyəti yenə cığallığa başlayıb; Azərbaycandan sərt etirazlar

Xəbər verildiyi kimi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qısamüddətli səfərlə İrəvanda olub. O, Nikol Paşinyanla görüşüb, sosial şəbəkələrdə bu görüşlərin “çox vacib olduğunu” yazıb.

Bundan sonra isə Klaar Bakıya səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. “Yeni Müsavat” xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şarl Mişelə çatdırmağı xahiş edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi  nümayəndəsini qəbul edib

Heç şübhəsiz, “nala-mıxa” vuran Ermənistandan fərqli olaraq, Azərbaycan dövlətinin konstruktiv mövqeyi çoxdan ortadadır: beynəlxalq hüquqa əsaslanan Azərbaycan bu yanaşmaya sadiqdir. Bakı Ermənistanla düşmənçilik səhifəsini qapatmağa və gələcəyə fokuslanmağa hazırdır. Bu barədə ölkə rəhbərliyi dəfələrlə birmənalı bəyanatlar verib, İrəvana xoşməramlı mesajlar göndərib.

Əfsus ki, İrəvandan adekvat reaksiyalar olmayıb. Ümumiyyətlə, olacaqmı? Şarl Mişelin nümayəndəsi Paşinyanı “daşları ətəyindən tökməyə” inandıra biləcəkmi? Bu mövzuda ekspertlərimizə müraciət etdik.

İrəvan Türk Cümhuriyyətinin başqanı, ermənişünas alim Qafar Çaxmaqlının sözlərinə görə, Aİ nümayəndəsinin İrəvana, ardınca Bakıya səfəri göstərir ki, bu qurum Ermənistanla Azərbaycan arasında barışın əldə edilməsində yeni missiyanı davam etdirəcək: “Faktiki olaraq fəaliyyətsiz duruma düşən ATƏT-in Minsk Qrupunu əvəzləmək bu ittifaqa həvalə olunur. Brüsseldə başladılan missiya davam etdirilir. Bu önəmli ölçüdə Rusiyanın da manevr imkanlarını məhdidlaşdıracaq. Paşinyan son bəyanlarından birində demişdi ki, onun ölkəsi kommunikasiya xətlərinin açılmasına bir an öncə başlamağı istəyir. Güman ki, bu məsələ müzakirə edilib”.

Q.Çaxmaqlı qeyd etdi ki, Klaarın Bakı görüşlərindən sonra çox şey məlum olacaq: “Dəfələrlə ifadə etdiyimiz kimi, Ermənistanın ayrı yolu yoxdur. Sadəcə olaraq, özünü bir şey ifadə edən qüvvə kimi aparmaq istəyir, bu danışıqlarda özünə uyğun variantları tətbiq etmək istəyir. Ermənistan Azərbaycanın xoş məramını anlamasa, onda sürəc özünün zərərinə işləyəcək”.

azertag.az/files/2019/3/1200x630/15759636403559463...

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Klaarın İrəvana səfərində xoş olmayan proseslər baş verdi: “Ermənistanın bu görüşdə hansısa olmayan ”erməni mədəni irsinin dağıdılması"ndan danışması riyakarlıqdır. Problem ondadır ki, 30 il ərzində Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktları ilə bağlı nə Avropa İttifaqı, nə də YUNESKO tərəfindən heç bir addım atılmayıb. Bu günə qədər Azərbaycanın davamlı çağırışlarına baxmayaraq, maddi və mədəni irsimizin dağıdılması ilə bağlı YUNESKO tərəfindən hansısa tədbir görülməyib. Nəinki tədbir görülməyib, ümumiyyətlə, buna etiraz belə etməyiblər. YUNESKO rəhbəri Orle Azurenin bu məsələ ilə bağlı tutduğu qeyri-obyektiv mövqe nəticəsində Azərbaycanın dağıdılan maddi-mədəni irs nümunələri, ekologiyanın məruz qaldığı terror barədə heç bir hesabatda məlumat öz əksini tapmayıb".

T.İsmayılovun sözlərinə görə, təqdiredici hal ondan ibarətdir ki, indiyədək Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən ABŞ Dövlət Departamentinin sonuncu hesabatında ölkəmizin mədəniyyət abidələrinin məhv edilməsi öz əksini tapıb: “Lakin yenə də ümid edirik ki, Dövlət Departamentinin növbəti hesabatlarında, YUNESKO-nun addımlarında bu öz əksini tapacaq. Çünki Ermənistan tərəfindən Azərbaycana qarşı çoxvektorlu mədəni terror həyata keçirilib.

Bütün bunlara rəğmən, Aİ-nin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarın erməni təbliğatının təsiri altına düşməsi təəssüf doğurur. Onun erməni rəsmiləri ilə görüşdə Azərbaycan mədəniyyət abidələrinin başına gətirilən oyunu vurğulamaması təəssüf doğurur. Bu, T.Klaarın nə qədər cəsarətsiz siyasətçi olduğunu göstərir. Hansısa “erməni irsindən” danışır, amma Azərbaycanda törədilən vandalizm aktlarını görməzdən gəlir. Birinci Qarabağ müharibəsində itkin düşən 4 min nəfər azərbaycanlı barəsində danışmır. Halbuki Avropa İttifaqı itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün Ermənistana təzyiq göstərməlidir. Əfsuslar olsun ki, bütün bunlar baş vermir".

Ekspert qeyd etdi ki, Azərbaycanın sülh çağırışları qarşısında hələ də İrəvan qeyri-səmimi cavablar verir: “Ermənistanın qeyri-konstruktiv, dağıdıcı mövqeyi dayanmaq bilmir. Aİ prosesdə aktiv olmalıdır. Ermənistana real təzyiqlər edilməlidir. Lakin nə Aİ, nə də Moskva aqressora lazımlı təzyiqləri etmir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a söylədi ki, Ermənistan aprelin 6-dan başlayan və müəyyən dərəcədə ciddi dönüşə gətirib çıxara biləcək Brüssel formatından yayınır: “Ermənistan sülhdə maraqlı deyil. May ayında növbəti görüşün iyulun sonunda keçirilməsi razılaşdırılmışdı. Nikol Paşinyanın destruktiv mövqeyi, danışıqlardan yayınması Brüsseli hərəkətə keçirib. Ermənistan çalışır ki, sülh müqaviləsi tezliklə bağlanmasın. Ümid edir ki, geosiyasi vəziyyət dəyişə və Ermənistana dəstək verilə bilər. Ona görə də Ermənistan ”gözləmə" mövqeyinə keçib.

Regionun siyasi nizamı dəyişəcək

Məhəmməd Əsədullazadə 

Amma regionda geosiyasi şərtlər sürətlə dəyişir və Avropa İttifaqı da Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıdır. Məhz Avropa İttifaqının Prezidenti Şarl Mişel də Azərbaycanın sülhdən yana olduğunu, Prezident İlham Əliyevin bu istiqamətdə mövqeyi ilə yaxından tanışdı. Brüssel də Bakının gündəliyi ilə razıdır. Çünki rəsmi Bakı beynəlxalq hüquqdan çıxış edir və Ermənistanla sülhün əldə edilməsində maraqlıdır. Klaarın İrəvan və Bakıya səfərində məqsəd avqust ayında Brüsseldə liderlərin görüşünü təşkil etməkdir". M.Əsədullazadə qeyd etdi ki, Ermənistanın baş naziri bu görüşdən yayınır: “Hesab edirəm ki, Klaar Ermənistanın növbəti mesajını Bakıya gətirib. İndiki situasiyada İrəvan görüşə razılıq verəcək. Amma görüş xətrinə görüş kimi manipulyasiya edəcək. Ona görə də Avropa İttifaqı konkret şəkildə Ermənistana ciddi təzyiq etməlidir və bu ölkəyə maliyyə dəstəyini tam kəsməlidir.

Göründüyü kimi, Ermənistan tərəfi danışıqları pozur və bunu Avropa İttifaqı da görür. Azərbaycan tərəfi sülhə hazırdır. Ermənistan Rusiyanın Ukraynada mövqeyinin hansı istiqamətdə gedəcəyini gözləyir. İrəvan sülhə getmək üçün Azərbaycanın ərazi bütövlyünü tanımalı, Qarabağa iddialarından geri çəkilməlidir. Paşinyan buna getməyə cəsarət edə biləcəkmi, bunu payız aylarında görəcəyik..."

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial  xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

 İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə qeyd etdi ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar etdiyi bağışlanılmaz səhvdən və ziddiyyətli fikirlərdən sonra Avropa İttifaqının regionda siyasi proseslərdə mövcudluğu sual altında qalmışdı: “Məhz bu xüsusda Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşə rəsmi Bakı icazə verməməklə öz təpkisini göstərdi. İndi yenidən T.Klaar regiona səfərə gəlməklə, reabilitasiya qazana bilər. Artıq bizim üçün qırmızı cizgilər ona çox yaxşı bəllidir. Ermənistanda səfərdə olandan sonra Klaar Azərbaycana səfərə gəlib və artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu qəbul edib.

Şarl Mişel moderatorluğu ilə Brüsseldə keçirilən görüşlər öz məhsuldarlığı ilə seçilir. Bakıda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğuladı. Bu, çox önəmli məqamlardır. Çünki Ermənistan məsuliyyətdən boyun qaçırır və siyasi müzakirələrin nəticəsi açıq qalır. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı regionda siyasi aktivliyini artırmağa çalışır və “sülh gündəliyi” adını almış formatı genişləndirir. Bütün diplomatik treklərdə inkişafa nail olmaq üçün Avropa İttifaqı Ermənistana təsir rıçaqlarını da işə salmalıdır".

Ekspertlərimizin dediklərindən ortaya çıxan qənaət budur ki, Avropa təsisatının əsas hədəfi tormozlanan danışıqların bərpasına nail olmaqdır. Amma bu danışıqların sonsuza qədər uzadılması da mənasızdır, Azərbaycan 30 il ərzində danışıqların hansı nəticələr verdiyini görüb və beynəlxalq qurumların yenidən eyni ssenarini işə salmasına çətin ki, razılaşsın.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR