İnsanlara hürriyət, millətlərə istiqlal!

“Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür”-Bakıdan baxış

 

“Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən öncə ona görə ki, Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpacaq razılaşmalar əldə edildi”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan növbəti görüşün nəticələri barədə Musavat.com-a açıqlamasında söylədi. Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məsələlər deyil, həm də müzakirə edilməyən məsələlər oldu:


“Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq, heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə, Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bununla da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cədlərinə birdəfəlik son qoyuldu. Görünür yalnız bu həqiqətlər Paşinyan tərəfindən yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən-birə yaxınlaşma baş verdi. Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir. İkincisi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələlərdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində, danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi”.

H.Babaoğlu bildirdi ki, danışıqlarda digər mühüm istiqamət humanitar blok idi: “Burada da minaların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələsi idi ki, beş saatlıq görüşdə bu da müzakirə edildi. Xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq. Bu da özlüyündə iyul - avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür”.

“Ermənistan hakimiyyətinin qütblərarası manevrləri, daxili siyasətə hesablanmış və xarici amillərdən qaynaqlanan manipulyativ davranışları, həmçinin revanşçı qrupların kənardan stimullaşdırılan, bəhanə xarakterli pozucu addımları Bressel gündəliyini dəyişə bilmədi. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən növbəti üçtərəfli görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr də təsdiqləyir”.

Bu fikirlər isə siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Analitikin sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra mətbuat üçün açıqlamasında yer alan istiqamətləri əsas götürsək, müzakirə olunan məsələlərin siyahısı kifayət qədər geniş olub:

“Bu məsələlərin bir hissəsi, xüsusilə də, Cənubi Qafqazdakı vəziyyət və Azərbaycanla Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ilə bağlı məqamlar ümumi xarakter daşıdığı, həm də sülh prosesinin nəticəsindən asılı olduğu üçün diqqəti bir o qədər də cəlb etməyə bilər. Amma nəzərə alsaq ki, Ermənistan Azərbaycandan fərqli olaraq, daha öncə Brüsseldə keçirilən iki görüşdə əldə olunan nəticələrlə bağlı mövqeyini bir neçə dəfə dəyişib, o zaman rəsmi İrəvanın öz öhdəliklərinə sadiqliyi baxımından, həm Avropa İttifaqı ilə münasibətlərinə, həm də sülh gündəliyi ilə bağlı dəyişkən davranışlarına aydınlıq gətirməsinə, ola bilsin ki, daha çox ehtiyac duyulub. Hər halda 5 saat davam edən görüşdə regiondakı reallıqları və tərəflərin mövqelərini detallı şəkildə ifadə edən bütün məqamlara aydınlıq gətirildiyi şübhə doğurmur. Avropa Şurası Prezidentinin mətbuat üçün açıqlamasında, daha öncəki bəyanat və açıqlamalarda olduğu kimi “Daqlıq Qarabağ” ifadəsinin işlədilməməsi, bu söz birləşməsinin 44 günlük müharibədə Azərbaycanın qələbəsinin nəticəsi olaraq, qlobal siyasi gündəmdəm çıxarıldığını və bu məsələdə rəsmi Bakının, ölkənin inzibati ərazi bölgüsünə əsaslanan mövqeyinin qəbul edildiyini sübuta yetirir.

Şarl Mişelin açıqlamasında yer alan “Qarabağ” ifadəsi isə Azərbaycan Respublikasının iqtisadi rayonlarından birinin adı kimi, ölkəmizin etnik ermənilərin də yaşadığı əraziləri üzərində suveren hüquqlarının istisnasız olaraq tanındığını nümayiş etdirir. Görüşdə, artıq tarixin arxivinə yola salınmış “status” məsələsinin müzakirə predmeti olmaması, həmçinin Azərbaycanda yaşayan erməni əhalisinin hüquqlarından söz açılması, mahiyyət etibarilə dövlətimizin mövqeyi ilə hər hansı bir formada ziddiyyət təşkil etmir və rəsmi Bakının daha öncə açıqladığı baxış bucağı ilə üst-üstə düşür. Azərbaycan həm müharibədən öncə, həm də postmüharibə dövründə ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini, ölkə Konstitusiyasının Azərbaycan vətəndaşlarına verdiyi hüquq və azadlıqların onlara da şamil edildiyini dəfələrlə bəyan edib. Məhz bu baxımdan, bu, ölkəmiz üçün hüquqi və siyasi baxımdan öz həllini tapmış məsələ hesab oluna bilər”.

E.Mirzəbəyliyi bildirdi ki, görüşdə işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin müzakirəsi, sözügedən istiqamətlərdə də rəsmi Bakının mövqeyinin dəyişmədiyini etdirir: “Həmçinin proses iştirakçılarının diqqətinə bir daha çatdırır ki, Azərbaycan həllini tapmamış humanitar problemlərə sülh gündəliyinin tərkib hissəsi kimi yanaşır. Üçtərəfli görüşdə əldə olunan nəticələr, prinsip etibarilə daha öncəki razılaşmalardan fərqlənməsə də, Ermənistanın manevr imkanlarının məhdudlaşdırılması baxımından əhəmiyyətlidir. Bu xüsusda, sərhədlərin delimitasiyası, sərhəddə sabit vəziyyətin təmin edilməsi ilə məşğul olacaq sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi, gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımalarının tənzimlənməsi, sərhəd idarəçiliyi, təhlükəsizlik, gömrük, torpaq haqları və digər bu kimi digər məsələlər üzrə əldə olunan razılaşmaları nəzərə alsaq, Ermənistanın bütün iddialarına, yayındırıcı manerlərinə baxmayaraq, Brüssel sülh gündəliyinin dəyişməyəcəyini söyləyə bilərik”.

 Siyasi şərhçi qeyd etdi ki, əgər rəsmi İrəvan, yenə də müxtəlif bəhanələrlə əldə olunan razılaşmaların yerinə yetirirlməməsi üçün vaxt qazanmağa cəhd göstərərsə, o zaman Avropa İttifaqının bu ölkəyə yardımlarının dayandırılması ilə bağlı məsələ gündəmə gətirilə və Aİ-Ermənistan münasibətlərinin perspektivinə yenidən baxıla bilər:

“Əks təqdirdə, Aİ-nin iştirakı ilə başladılan proses iflasa uğrayacağı və Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcək prosesin növbəti mərhələsinin həyata keçirilməsi üçün əlverişli zəmin yaranacağı daha real görünür. Ermənistanın mövcud sosial-iqtisadi problemlərindən öz imkanları hesabına çıxmaq potensialının olmadığını, bu ölkənin ənənəvi himayəçilərinin durumunu nəzərə alsaq, yaxın perspektivdə rəsmi İrəvan üçün Aİ-nin yardımlarının həyati əhəmiyyət daşıdığını söyləyə bilərik. Üçüncü Brussel görüşünün nəticələri sübuta yetirdi ki, Ermənistanın mövcud reallıqlar və şərtlər çərçivəsində sülh prosesini davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə, Ermənistanın əldə olunan razılaşmalarla ziddiyyət təşkil edən iddialarını, sonuncu Brüssel görüşündə olduğu kimi bu ölkənin rəsmilərinə tərsinə oxutduracaqlar. Bu proses hələlik diplomatik müstəvidə davam etdirilir. Amma hələlik...”

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR