Onlayn ictimai-siyasi qəzet
""Calibre" bu məlumatı təsdiqlənmiş mənbələrdən əldə edib və görüntülərdən də aydın olur ki, ABŞ çoxlu sayda hərbi personalını Ermənistana gətirib.
Təhlilçilər Ermənistana gətirilən ABŞ hərbçilərinin erməni kökənli olmasının qənaətindədirlər".
Bu sözləri Musavat.com-a açıqlamasında tanınmış britaniyalı jurnalist-politoloq Neil Vatson deyib.
"Məsələ burasındadır ki, ABŞ və Fransa ən böyük erməni diasporasının yaşadığı iki ölkədir. Lakin ABŞ Ermənistanı hərbi silahı və şəxsi heyəti ilə, Fransa isə yalnız silahla dəstəkləyir.
Hesab edirəm ki, bunun əsas iki səbəbi var. Birincisi, Fransa və ABŞ hazırda seçki ərəfəsindədir, müəyyən siyasətçilərin və siyasi partiyaların dəstəyinin qazanılmasının bir yolu da Ermənistanı dəstəkləməkdir. Bundan əlavə, həm Fransada, həm də ABŞ-da biz islamafobun artdığını müşahidə edirik. Belə olan halda müsəlmanların çoxluq təşkil etdiyi ölkəyə qarşı açıq şəkildə xristian millətinə dəstək vermək daha çox səs qazandıracaq.
İkincisi, Rusiya Cənubi Qafqazda təsir imkanlarının böyük hissəsini itirib. Bu isə regionda Fransa və ABŞ-ın müəyyən qədər nüfuz və mövqe qazanması üçün bir şansıdır.
Təhlükəli olan isə ondan ibarətdir ki, bu, baş nazir Paşinyanı hələ də Azərbaycan ərazilərində iddialarla çıxış edən Ermənistan konstitusiyasına dəyişikliklər etməməyə və Azərbaycanla sülh sazişi imzalamaqdan çəkinməyə cəsarətləndirir", deyə Vatson əlavə edib.
Qeyd edək ki, Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb. Məlumatı “Caliber” yayıb.
Sayt daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və Boinq C-17-nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı.
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib.
Xatırladaq ki, bundan əvvəl Fransa Ermənistana öldürücü silahlar vermişdi.
Xalidə Gəray
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ