İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan Qərb paytaxtlarına “Azərbaycansız olmaz” mesajı

ABŞ və Fransanın Ermənistana dəstək tonu Londonu narahat edir

“Azərbaycan gözəl bir ölkədir”. Bunu Prezident İlham Əliyev tərəfindən qəbul zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib. O, səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb.

Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycanla çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib.

Leo Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı. Bu, bəyanat ilk növbədə Azərbaycanı Cənubi Qafqazda “gözdən çıxaran” Qərb paytaxtlarına çox ciddi mesajdır.  

Böyük Britaniya Cənubi Qafqaz üzrə maraqlarını təmin etmək üçün Azərbaycanla əməkdaşlığa indi daha ciddi önəm verir. Britaniyalı nazirin bu dəfə səsləndirdiyi bəyanat  Azərbaycanın təkcə regionda deyil, Avropada da hansı mühüm mövqedə olduğunu daha aydın ifadə edir.

Sülh sazişi başqa paytaxtda imzalansa... - Moskvadan açıq hədələr

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Böyük Britaniyanın Azərbaycan üçün olan mühüm əhəmiyyətindən söz açdı: “Cənubi Qafqaz regionu Böyük Britaniya üçün həmişə diqqət mərkəzində olan region olub. İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda isə bu diqqət daha da artıb. Həm Böyük Britaniya, həm də Azərbaycan ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır və uzun illərdir ki, bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Böyük Britaniyanın bir çox dövlət adamları Azərbaycanı Cənubi Qafqazdakı strateji müttəfiqləri olaraq gördüklərini dəfələrlə bəyan ediblər.  Leo Dokertinin Bakıya səfəri çərçivəsində ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulaması da bunun bariz sübutudur. Həqiqətən də iki ölkə arasında əlaqələrin tarixinə nəzər saldıqda biz Azərbaycan və Böyük Britaniya arasında bütün sahələr üzrə sıx əməkdaşlıq olduğunu görürük. Qarabağ məsələsində də Böyük Britaniya həmişə ədalətli və balanslı mövqe ortaya qoyub. Hətta Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməsinin qarşısının alınmasında da Böyük Britaniyanın rolu əvəzsiz olub. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması, təbii ki, həm də iqtisadi maraqlarla bağlıdır. Təsadüfi deyil ki, Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə lider ölkələrdən biridir. Məlumdur ki, "Əsrin müqaviləsi" imzalanan vaxtdan etibarən Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb.

Bundan savayı, Azərbaycan Böyük Britaniya üçün həm də Avropanın enerji bazarlarındakı roluna görə də əhəmiyyətli ölkələrdən biridir. Odur ki, Böyük Britaniya həm də öz maraqları baxımından regionda sülhdə maraqlı ölkə qismində çıxış edir.

Şübhəsiz ki, Dokertinin indiki məqamda Azərbaycana səfər etməsinin əsas səbəblərindən biri də son dövrlərdə Azərbaycanla Qərb arasında münasibətlərin gərginləşməsi ilə bağlıdır. Xüsusilə ABŞ və Fransanın Ermənistana dəstəyi Böyük Britaniyanı təbii olaraq narahat edir. Odur ki, Dokertinin səfərini və səfər zamanı səsləndirdiyi fikirləri müvafiq ünvanlara mesaj olaraq da qəbul etmək olar. Başqa sözlə, rəsmi Londonun Cənubi Qafqazda öz siyasi və iqtisadi maraqlarını qorumaq üçün hərəkətə keçdiyini deyə bilərik. Dokertinin Azərbaycanın Avropanın mühüm enerji təchizatçısı olması ilə bağlı etdiyi xatırlatma və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı bəyanatı da bu mənada Qərbə mesaj kimi qəbul oluna bilər".

Azərbaycanla İran arasında iqtisadi layihələr sual altına düşməyib" - Aqşin  Kərimov

Aqşin Kərimov 

Siyasi şərhçi Aqşin Kərimov bu səfərlə bağlı maraqlı bir status paylaşıb: “London Bakı-Vaşinqton gərginliyini sahmana salmaq istəyir. Leo Dokertinin səfəri Böyük Britaniyanın enerji siyasəti bazası əsasında regionda maraqlarını yüksəltmək və onun təhlükəsizliyini daimi əsaslara çevirmək planının ifadəsidir. Böyük Britaniya buna görə Azərbaycanla potensial hərtərəfli əməkdaşlığı şaxələndirmək üçün addımlar atmaq niyyətindədir. Bu, Azərbaycan üçün də mühüm aspektdir. Çünki Britaniya Azərbaycana qarşı olmaq xəttini tutmur və London-Bakı əlaqələrinin dinamikası nəzərəçarpacaq dərəcədə üzüyuxarı hərəkət edir.

Azərbaycanın “yaşıl enerji”yə keçid üçün atdığı addımlar və alternativ enerjini Avropaya ixrac etmək potensialı əlaqələrin yüksəlməsini stimullaşdıracaq başqa bir səbəbdir. Çünki yaşıl enerji Britaniyanın qlobal maraqlarında önəm verdiyi iqtisadi fazalardan biridir. Ona görə ki, hazırda geosiyasi trayektoriyaların müəyyən olunmasında alternativ enerjilərə çıxış böyük bir rola malikdir.

Bu mənada Böyük Britaniyanın Cənubi Qafqazda çəkmək istədiyi “şəkil”də Azərbaycanın yeri yaxşı mövqedə təsvir olunur. Lakin Britaniya görür ki, Azərbaycanla Qərb arasında münasibətlər gərginləşir, xüsusilə ABŞ və Fransanın Ermənistana dəstək tonu Londonu narahat edir.

Fransanın Cənubi Qafqazda öz toxumlarını səpib onu əbədi əsaslara çevirmək cəhdi Britaniyanın siyasəti ilə uyuşmur. Çünki bu iki ölkə arasında gizli bir rəqabət mövcuddur, üstəgəl, Parisin Bakıya qarşı davranışları Londonun bölgədəki enerji sahəsindən tutmuş təhlükəsizlik məsələlərinə qədər əhatə olunan maraqları ilə kəsişir. ABŞ-a gəlincə, o, qlobal teatrda Britaniyanın müttəfiqidir. Amma Cənubi Qafqaz orbitində ABŞ-ın Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistana dəstək verməsi London üçün sərfəli deyil.

Deməli, Dokerti Azərbaycan-Ermənistan sülh proqramını sabotaj edəcək xətləri müzakirə edib onların yoluna qoyulmasını müzakirə etmək üçün regiona gəlib. Britaniyalı nazirin səfərindən sonra belə hesablama aparmaq olar ki, Azərbaycanla ABŞ arasındakı siyasi gərginlik bir qədər səngiyəcək. Ona görə ki, Dokertinin səfərində yuxarıda bildirdiyimiz səbəbdən dolayı Azərbaycanla ABŞ-ın ortaq fikrə gəlməsi üçün çağırış da dayana bilər.

Ümumilikdə, qeyd etdiyimiz məsələlər Böyük Britaniyanın Zəngəzur dəhlizi layihəsi üzrə maraqlarını da əks etdirir. Sözsüz ki, London həmin proyektdə Bakının yanındadır.

Ermənistan, Azərbaycan və Gürcüstan turnesinə çıxan Dokertinin səfəri Londonun Cənubi Qafqazdakı nəbzi yoxlamaq metodudur. Bunlar Əliyevlə Dokertinin müzakirələrinin ikitərəfli və regional miqyaslı aspektlər üzrə gündəliyini göstərir.

Yekun olaraq, Böyük Britaniya Cənubi Qafqazda Azərbaycanın yaratdığı yenilənmiş reallıqların doğurduğu geosiyasi mübarizədən qətiyyətlə və nikbinliklə çıxmaq istəyir. London bu qətiyyətini Azərbaycanın maraqlarına əks gedə biləcək bir tərzə kökləmir ki, bu da Bakının İrəvanla münasibətlərində birincinin üstün mövqelərdə qalmasını qlobal cəhətdən stimullaşdırır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR