İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada hakimiyyət dəyişdi - Bakı-London münasibətlərinin aqibəti ilə bağlı İLGİNC AÇIQLAMA

Məlum olduğu kimi, Böyük Britaniyadakı erkən seçkilərdə hakimiyyət dəyişikliyi baş verib. Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son verən Leyboristlər dönəmi başlayıb. Kir Starmerin liderlik etdiyi partiya indiyədək parlamentdəki 650 nəfərlik yerdən 392-ni qazanıb. Mühafizəkarlar Partiyası isə 101 yerə sahibdir. Beləliklə, Böyük Britaniyanın yeni baş naziri Kir Starmerdir.

LABOUR .png (317 KB)

Bəlli olduğu kimi, Böyük Britaniya-Azərbaycan münasibətləri öz istiliyi və strateji mahiyyəti ilə fərqlənir.

Bəs hakimiyyətin dəyişməsi rəsmi Bakı və London münasibətlərinə, strateji müttəfiqliyə hər hansı xələl gətirəcəkmi?

AZAY.jpg (88 KB)

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azay Quliyev Musavat.com-a açıqlamasında bildirib ki, Böyük Britaniya siyasəti stabil olan ölkələrdəndir:

“Belə bir deyim var ki, İngiltərənin daimi dostu yoxdur, daimi marağı var. Bu baxımdan Böyük Britaniyada hökumətlərin dəyişməsi onların xarici siyasətinə ciddi təsir etmir və korrektələr demək olar ki, olmur. Azərbaycanın Böyük Britaniyada hakimiyyət dəyişikliyi ilə bağlı əndişəsi üçün əsas yoxdur. Azərbaycanla Britaniyanı birləşdirən iqtisadi əlaqələr və iqtisadi əməkdaşlıq imkanları var. Xüsusilə, “British Petroleum” (BP) Azərbaycanın enerji sektorunda, neft və qaz istehsalında və satışında əsas tərəfdaşdır. Təsadüfi deyil ki, indiyə kimi Böyük Britaniya Azərbaycanın ən böyük xarici sərmayədarıdır. Bu günə kimi Böyük Britaniyadan Azərbaycanın iqtisadiyyatına 83 milyard dollara yaxın yatırım edilib. Digər tərəfdən, “British Petroleum” ilə Azərbaycan arasında əməkdaşlıq imkanları yeni mərhələyə qədəm qoyub. BP ilə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb”.

A.Quliyev qeyd edib ki, Böyük Britaniya bərpa olunan enerji sahəsinə də ciddi sərmayələr qoymaqdadır:

“Məlum olduğu kimi, BP Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. Bütün bunlar onu deməyə əsas verir k, Britaniya bundan sonra da praqmatik siyasətini davam etdirəcək. Odur ki, yeni hakimiyyət Azərbaycanın milli maraqlarına zidd olan addımların atılmasına imkan verməyəcək. Xüsusilə, biz Böyük Britaniyanın BMT-nin daimi üzvü olaraq indiyə kimi sərgilədiyi prinsipial, pozitiv mövqeyini davam etdirəcəyini gözləyirik. O cümlədən enerji və iqtisadiyyatın digər sahələrində əməkdaşlığımızın daha da irəliyə aparılacağına ümid edirik”.

Millət vəkili vurğulayıb ki, Britaniya parlamenti üzvlərinin ayrı-ayrı platformalarda Azərbaycan əleyhinə bəzi fəaliyyətləri olsa da, bu, epizodik xarakterli olub:

“Bu məsələlər ölkənin xarici siyasətini və yaxud rəsmi mövqeyini ifadə etmir. Əlbəttə ki, yeni hökumətlə əlaqələrin daha da dərinləşməsi üçün maksimum səy göstərməliyik. Şübhə etmirəm ki, yeni seçilən baş nazir Kir Starmerlə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında sıx əməkdaşlıq və dostluq münasibətləri yaranacaq. Bunu ölkələrimizin milli maraqları tələb edir. Mən yeni hökumətin dəyişməsindən hər hansı təhlükə, yaxud siyasətdə dəyişiklik görmürəm. Əksinə, Azərbaycanın Böyük Britaniyanın yeni hökuməti ilə işləməsi üçün həm resursları, həm siyasi iradəsi, həm də təcrübəsi var”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR