İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya soyuqdan donsa da Rusiya ilə anlaşmayacaq

Trassdan sərt bəyanat;  politoloq: “Onlar anlayır ki, Rusiyanın tamamilə çökməsi ABŞ və Britaniyanın Avropa üzərində hakimliyini daha da gücləndirəcək”

Kollektiv Qərblə Rusiyanın savaşında ən sərt və barışmaz mövqe sərgiləyən ölkə Böyük Britaniyadır. Boris Consondan sonra bu xəttin yumşala biləcəyi haqda müəyyən rəylər olsa da, yeni baş nazir Liz Trass görəvə gəldiyi gündən bu düşüncələri dağıtdı. O, hətta Consondan da sərt mövqedədir.

“Böyük Britaniyanın uzunmüddətli təhlükəsizliyi naminə daha yüksək enerji ödənişləri ödəməyə dəyər”.

Bu sözləri Britaniyanın baş naziri Liz Trass BBC-yə açıqlamasında bildirib. O qeyd edib ki, Böyük Britaniyanın uzunmüddətli təhlükəsizliyi hər şeydən üstündür və Böyük Britaniya ucuz enerji naminə təhlükəsizliyini riskə ata bilməz.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən Britaniyada ev təsərrüfatlarının enerji ödənişləri ildə təxminən 2500 funt-sterlinqə yüksələcək, bu da qismən Ukraynadakı müharibə zamanı Rusiya qazının ixracının azalması ilə əlaqədardır. Belə aydın olur ki, Britaniya hətta soyuqdan donsa da, Rusiya ilə hansısa anlaşmaya getmək niyyətində deyil və prinsipiallığını davam etdirəcək.

Amma hara qədər? Britaniya Rusiyanın çökdürülməsi projesinin baş tutacağına əmindir, yoxsa bunun başqa anlamı var? Hansı Avropa ölkələri Britaniya ilə sonadək addımlayacaq?

Ayağımız altındakı “ölüm tələləri” - Ərazimiz minalardan neçə ilə  təmizlənəcək?

Şəhla Cəlilzadə

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Qərb tərəfindən Rusiyanın imperial maraqlarının birdəfəlik “dəfn edilməsi” layihəsinin start düyməsinə basılıb: “Bu layihə Rusiya ilə faktiki savaş meydanında can qoyan Ukraynaya hərbi dəstəyin artırılmasını, Rusiyadan enerji asılılığının aşağı salınmasını və yaxın gələcəkdə tamamilə sonlandırılmasını özündə ehtiva edir. Lakin 2022/2023 qışı yaxınlaşır və soyuq ayların havası duyulmağa başladıqca qaz kəsintisi və enerji qiymətlərinin artan qiymətləri ilə necə baş edə edəcəklərinə dair sualları artan Qərbin paralel olaraq həyəcanı da artır. Vaxtilə 1000 kub metr qaz üçün 500-600 dollar ödəyən Avropa bir ay öncə eyni həcm üçün 3100 dollar ödəniş etməyə məcbur qaldı, hazırda isə London birjasında qiymət 2000 dollar civarındadır. Bu, son on ildə qiymətlərin on qat artımı deməkdir. Rusiyanın ”Qazprom"u avqustun 31-də Avropaya axan qazın əsas ötürücü xətlərindən biri olan NordStream (Şimal axını) 1-i bağladığını, sentyabrın 2-də isə artıq bu xətlə Rusiyadan Avropaya qaz nəql olunmayacağını açıqlayıb. Sovet vaxtından rus qazını Qərbə ötürən Yamal xətti də hazırda işləmir. Rusiya daha öncə Ukrayna üzərindən qaz satmaq istəmirdisə, indi məhz Ukrayna üzərindən qazını Avropaya satmağa məcburdur. Həmçinin Türkiyə ilə əməkdaşlıq davam etdiyinə görə TurkStream (Türk Axını) da fəaliyyətinə davam edir.

Beləliklə, hazırda yalnız iki xətt (Ukrayna üzərindən Ujqorod sərhədinə və Türkiyə üzərindən olan xətlər) fəaliyyət göstərir və bu xətlər üzrə ixrac gedərək artırılır.

Ukraynada müharibədən az əvvəl Almaniya qaz ehtiyacının 55%-ni Rusiyadan alırdısa, müharibədən sonra bu rəqəm 30% civarına düşüb. Böyük Britaniya üçün isə Rusiyadan enerji asılılığı çox da qorxulu həcmdə deyil. Belə ki, hələ müharibədən əvvəl də BB-nin Rusiyadan qaz idxalı ümumi ehtiyacının sadəcə 4%-i həcmində idi. Eynilə neft idxalı ümumi neft ehtiyacının 9%-i idi. Odur ki, Britaniyanın Rusiya mövzusunda iddialı mövqe səsləndirməsi də təəccüb doğurmur. Bütün dünyada enerji layihələri (o cümlədən Azərbaycanda BP) həyata keçirən Britaniya (o həm də Aİ-ni tərk edib) enerji qıtlığı qorxusuna malik deyil və Avropanın enerji kəsintiləri və olası böhran ingilisləri daha az narahat edir. Bununla belə, Avropa Rusiya ilə münasibətlər və enerji siyasətində Britaniya ilə həmrəydir. 

Dövlətlər sıravi vətəndaşlarını və hədsiz yüksək enerji xərcləri qarşısında hətta bankrot olma həddinə çatan şirkətlərini qurtarmaq üçün subsidiyalar ayırmağa başlayıblar. Məsələn, Avropa Komissiyası gözlənilməz enerji xərclərini qarşılamaq üçün 140 milyard dollar vergi güzəştləri elan edib. Britaniya bu məqsədlə özünün Rusiya qazından minimal asılılığına baxmayaraq 46 milyard dollar ayırıb. İsveçdə bu rəqəm 20 milyard, Almaniyada 65 milyarddır. Almaniyanın hər gecə işıqlandırılan tarixi binaları artıq enerjiyə qənaət məqsədilə işıqlandırılmır. Ölkələrdə enerji verilməsi qənaət məqsədilə kəsintilərlə, müəyyən olunmuş limitlərdə baş verir. Etirazlar artıq başlayıb, sentyabrın əvvəlində Çexiyada 70 min insan küçələrə tökülüşərək “Öncə Çexiya Respublikası” tələbi ilə çıxış ediblər. Almaniyanın özündə Rusiya sanksiyalarına dair vahid mövqe olmadığı üçün partiyalarda parçalanmalar yaşanır. Bütün bunlar hələ Rusiyanın Avropaya qaz ötürülməsini tamamilə dayandırmadığı halda yaşananlardır. Bununla belə, məsələ “ölüm ya qalım” məsələsinə dönüb. Xüsusilə NordStream bağlandıqdan sonra Almaniya kansleri Şoltz daha da sərt çıxış edərək, Putinin müharibədə uda bilməyəcəyini anlaması gərəkdiyini bildirib və “Bəziləri bizi müharibənin siyasətin sıravi aləti olduğu, azad millətlərin özlərindən güclü qonşularına, yaxud kolonial liderlərə qoşulmağa vadar edildiyi, rifah və insan haqlarının sadəcə kiçik azlığın üstünlüyü olduğu dünya düzəninə geri çəkməyə çalışır və biz buna sadəcə seyrçi mi qalacağıq?!” ritorik sualını səsləndirib. Rusiya isə artıq yarı-səfərbərlik elan edir, rəsmi dövlət propoqanda maşını olan “60 dəqiqə” TV proqramında “Almaniyanın Ramstein hava bazasını vurmaq lazımdır” fikri açıq şəkildə səsləndirilir".

Siyasi şərhçi onu da bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin yeni dünya müharibəsinə sıçraması an məsələsidir: “Belə bir neqativ ssenari baş tutarsa, təbii ki, Britaniya, Aİ və ABŞ, yəni bütün Qərb bir cəbhədə olacaq, Türkiyə isə göründüyü kimi, II Dünya müharibəsində olduğu kimi, öz neytrallığını qorumağa çalışacaq. Baş verən dünya çalxantılarında İranda yaşanan hadisələr, Cənubi Qafqaz bölgəsindəki çalxantılar da regional konyukturu dəyişmək gücündədir. Xüsusilə enerji böhranının artdığı bir zamanda ABŞ-ın bəzi dairələri və lobbistlərinin Trans-Xəzər qaz layihəsini gündəmə gətirməyə çalışdıqları hiss olunur.

2 il öncə Trans-Xəzər Qaz Kəməri (TXK) haqda məqalə yazmışdım. Məqalədə xəttin çəkilməsi önündə duran əsas problemlərdən birinin Azərbaycan və Türkmənistan arasında “Kəpəz/Sərdar” qaz yatağı ilə bağlı anlaşmazlıq olduğunu qeyd etmişdim. Ötən ilin yanvarında Azərbaycan və Türkmənistan prezidentləri görüşərək memorandum imzaladılar və müvafiq yatağın daxil olduğu neft-qaz sahəsinin (Dostluq) birgə işlənməsi haqda razılıq əldə olundu. Odur ki, dünyada 4-cü qaz ehtiyatlarına malik olan Türkmənistan və TXK diqqət mərkəzinə gəlir. Cənab Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində italyan kanalına müsahibəsində qeyd etdi ki, Azərbaycan da müvafiq məsələdə dəstək göstərməyə (yəni tranzit yaratmağa) hazırdır. ABŞ nümayəndəsinin iyun ayında Bakıda baş tutan Enerji Forumunda dediyi kimi, TXK-ni çəkməyə 4 ay yetərlidir. Bəs problem nədir? Avropanın qışda qazsız qalması, qaz qiymətlərinin isə kəllə-çarxa qalxması fonunda Avropa niyə TXK-nı çəkmir? Avropa istəyir ki, ona xahiş etsinlər, yalvarsınlar, “siz Allah qazımızı alın” desinlər. Azərbaycan, sadəcə, “Avropalıların alqış tutması” üçün layihəyə milyardlarla xərc çəkmək istəmir (illik tranzit gəlirləri 250-300 milyon dollar civarında olacağı təxmin edilir). Türkmənistanın isə öz alternativi var - TAPİ. Buna baxmayaraq, digər maraqlı layihə Azərbaycan-Qazaxıstan liderlərinin görüşü nəticəsində ərsəyə gəlməkdədir: Trans-Xəzər neft boru xətti. Azərbaycanın qaz ehtiyatlarının artması (yeni yataqların istismarı səbəbilə) hələ ki, TXK-nı təxirə salmağa imkan verir, neft ixracımız isə kəskin (2010-la müqayisədə 2-qat) azalmaqdadır. Qazaxıstanın nefti BTC-nin və Bakı-Supsa kəmərinin doldurulması baxımından gələcək perspektivdə böyük əhəmiyyət kəsb edəcək. Odur ki, gələcəkdə Avropanın enerji böhranında Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit ölkə kimi dünyanın diqqət mərkəzində olacağı qaçınılmazdır. Burada həmçinin gələcəkdə rus qazının Azərbaycan üzərindən Avropaya daşınması da bağlı qapılar arxasında müzakirələrin getdiyi danışıqlar masasına yatırıla bilər. Avropanın Rusiya enerji resurslarından yaxın gələcəkdə qurtulması imkansız görünür. Dünyanın bölüşdürülməsi zamanı tərəfsiz və sabit rejim rolunda isə Azərbaycan uğurlu siyasət yürüdərək öz məqsədlərinə və hədəflərinə nail olur. Hələ dünyəvi konyukturun bu qədər Azərbaycanın xeyrinə işlədiyi bir dövr tarixdə olmayıb".

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı mövcud durumu bu cür dəyərləndirdi: “Ukrayna məsələsində ən prinsipial mövqeyi Britaniyanın sərgiləməsi bu ölkənin Avrasiya planlarından irəli gəlir. Çünki Putinin hücumu ingilislərin yeni planına mane oldu və qəribə görünsə də, ən çox ABŞ-a sərf etdi, xüsusilə Avropa cəbhəsində Vaşinqtonun təsir imkanının genişlənməsi baxımından. Britaniya və ABŞ Rusiyaya qarşı eyni cəbhədə yer alsa da, Ukrayna müharibəsinin necə nəticələnəcəyi məsələsində fikir ayrılığının olduğu fikrindəyəm. ABŞ bir müddət sonra ruslarla masaya oturmaq istəyirsə, Britaniya buna qarşıdır. Lakin bu vəziyyətdə Rusiyanın əlindəki rıçaqlar Avropaya daha çox təsir edir. Avropalılar Rusiya enerji resurslarından imtina edirlər, amma bu təkcə bu qış yox, gələcəkdə də problemlərə yol açacaq və problemlər təkcə əhalinin kommunal ehtiyacının ödənməsində yox, sənayenin inkişafında da olacaq. Fikrimcə, Almaniya, Fransa, İtaliya kimi ölkələr hazırkı vəziyyətə məcburi razılaşsalar da, onların sona qədər eyni mövqedə qalacağı şübhəlidir. Məsələ təkcə enerji yox, həm də bu ölkələrin Avropa İttifaqını ayrı güc mərkəzinə çevirmək planından qaynaqlanır. Onlar anlayır ki, Rusiyanın tamamilə çökməsi ABŞ və Britaniyanın Avropa üzərində hakimliyini daha da gücləndirəcək, eyni zamanda Çinlə əlaqələrinə təsir edəcək. Bu baxımdan, Britaniya ilə daha çox Şərqi Avropa ölkələrinin birgə addımlayacağı gözləntisi daha çoxdur, həmçinin Avropanın digər əsas ölkələri. O da istisna deyil ki, sonrakı proseslərdə ABŞ və Britaniyanın da mövqeyində toqquşmalar ola bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR