Onlayn ictimai-siyasi qəzet
Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı açıqlayıb.
Nazir bildirib ki, qərar İsrailin Qəzza zolağında yeni hərbi əməliyyata başlamasından sonra qəbul edilib: “Mən elan edirəm ki, biz hazırkı İsrail hökuməti ilə yeni azad ticarət sazişi üzrə danışıqları dayandırmışıq”. Nazir əlavə edib ki, London bu addımı İsrailin baş naziri Binyamin Netanyahunun anklava humanitar yardımı əngəlləyən və Qəzzada döyüşləri qızışdıran hərəkətlərinə görə atıb. Lammy əlavə edib ki, İsrailin Böyük Britaniyadakı səfiri Tzipi Hotovely çərşənbə axşamı Xarici İşlər Nazirliyinə çağırılacaq.
Britaniya XİN rəhbəri qeyd edib ki, Netanyahu hökumətinin siyasəti beynəlxalq aləmdə “İsrailin təcrid olunmasına gətirib çıxarıb”. Lammy bildirib ki, London terrorizm, antisemitizm və İrandan gələn təhdidlərlə mübarizədə İsrailə kömək etməyə sadiqdir, lakin “Qəzzadakı müharibənin gedişatı Britaniya-İsrail münasibətlərinə xələl gətirir”. O, “yüz minlərlə insanın aclıq təhlükəsi ilə üzləşdiyi” anklavın 11 həftəlik humanitar yardım blokadasını “bağışlanmayan və qəddar” adlandırıb.
Mayın 18-də İsrail “Gideonun arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzzanın şimal və cənubunda genişləndirilmiş hərbi əməliyyatlara başladığını elan edib. Mayın 19-da BMT İsrail hakimiyyətinin təşkilata Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə icazə verdiyini təsdiqləyərək, doqquz yük maşınının anklav ərazisinə daxil olmasına icazənin alındığını qeyd edib. Eyni zamanda Fələstin anklavı hökumətinin mətbuat mərkəzi bəyan edib ki, sakinlərinin ən əsas ehtiyaclarını ödəmək üçün hər gün Qəzza zolağına humanitar yardım daşıyan 500-ə yaxın yük maşını gəlməlidir.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ