Onlayn ictimai-siyasi qəzet
Bu gün Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasından bəri ilk dəfə London-Brüssel sammiti keçiriləcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Londonda Lancaster House-da baş tutacaq sammit müdafiə və ticarət sahələrində tərəflər arasında əməkdaşlığı gücləndirmək və Brexitdən sonra London və Brüssel arasında münasibətlərin tarixində yeni səhifə açmaq məqsədi daşıyır.
Tədbirdə Aİ-ni Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ Diplomatik Xidmətinin rəhbəri Kaja Kallas və Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç təmsil edəcək. Sammitin yekununda Böyük Britaniya və Aİ arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə dair razılaşmanın əldə olunacağı gözlənilir.
Financial Times-ın məlumatına görə, yeni müdafiə paktı Britaniya şirkətlərinə birgə silah alışında iştirak etmək imkanları açacaq və həmçinin iki tərəfin müdafiə qurumları arasında əməkdaşlıq səviyyəsini artıracaq. Reuters yazır ki, buna cavab olaraq Avropa ölkələri Londondan Britaniya sularında balıq ovu kvotalarını artırmağı tələb ediblər.
“The Guardian” qəzeti Böyük Britaniya və Aİ-nin sammitdən sonra “geosiyasi həmrəylik” bəyanatı dərc etməyi planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, sənədin müəllifləri ABŞ prezidenti Donald Tramp administrasiyasına dünya siyasətinin ən aktual problemlərinə dair Avropa ölkələrinin mövqelərinin birliyini göstərmək niyyətindədirlər.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ