Onlayn ictimai-siyasi qəzet
Leonid Brejnevin hakimiyyyətdə olduğu illər (1964-1982) tarixə “durğunluq dövrü” kimi düşsə də, Kreml daxilində heç də durğunluq və sakitlik hökm sürməyib. Əksinə, Brejnev hakimiyyətdə olarkən gələcək varisin kim olması ilə bağlı Kremldə illərlə gizli mübarizələr gedib. Xüsusilə də 1975-ci ildə baş katibin səhhətində yaranan ciddi problemlər bu mübarizəni daha da qızışdırıb.
Əslində, 1964-cü ildə Xruşşovu devirdikdən sonra Brejnevi hakimiyyətə gətirən komanda onun müvəqqəti bir müddətdə lider olacağını düşünüblər. Çünki Brejnev Kremldə o qədər də ciddi bir fiqur kimi, müstəqil siyasət apara biləcək bir siyasətçi kimi qəbul olunmayıb.
Məhz həmin ərəfədə nəzərlər Mixail Suslova daha çox yönəlib. Stalin dövrünün yetirməsi olan Suslov ən təcrübəli siyasətçi olmaqla yanaşı, ən təmiz, heç bir qalmaqallı hadisədə adı hallanmayan və partiyaya ən sədaqətli şəxs sayılıb. Bəlkə də elə buna görə bəzi Siyasi Büro üzvləri onun birinci şəxs olmasını istəməyiblər. Təbii ki, Suslov rejimində işləməyin çətinliyini, bəlkə də mümkünsüzlüyünü dərk ediblər.
Brejnev özü də Kremldəki siyasi atmosferi aydın hiss edib. Mövqelərini möhkəmlədə bilməyəcəyi halda taxtdan qısa bir müddətdə düşəcəyini anlayıb. Bu məqsədlə də o, onu hakimiyyətə gətirən “güclüləri” sıradan çıxarmağa başlayıb. Amma Brejnev Suslova toxunmayıb, əksinə, səlahiyyətlərini daha da artırıb.
Maraqlıdır, niyə Brejnev Suslova daha çox səlahiyyət verib, niyə məhz onu partiya xətti ilə ikinci şəxsə çevirib?
Sözsüz ki, ilk növbədə Brejnev öz cəbhəsini gücləndirib, birinciliyə iddialı olmayan Suslov baş katib iddiasında olan digər Siyasi Büro üzvləri üçün böyük maneəyə çevrilib.
Elə 1975-ci ildə varis məsələsi ortaya çıxanda Suslov bəyan edib ki, bu haqda danışmaq hələ tezdir. Həmin ərəfədə Aleksey Kosıginin adı varis kimi hallananda məhz Suslov çəkinmədən bu məsələyə sərt münasibətini bildirib:
“Hökumət öz işi ilə məşğul olmalıdır. Biz partiya rəhbəri seçkilərini müzakirə etməyi hələ ki, düşünmürük, Leonid İliç hələ uzun illər sədaqətlə partiyaya rəhbərliyini davam etdirəcək...”
İddialılar arasında Nikolay Podqornının da adı hallanıb. Onun bu iddiasına isə daha maraqlı münasibət bildirilib. Marşal Ustinov Podqornıya çəkinmədən məsləhət verib:
“Nikolay Viktoroviç, siz əvvəlcə Brejnevə daşıdığınız kağızlardan üstünüzə hopan tozları təmizləyin, sonra yenə də öz xəyallarınıza qayıdarsınız...”
Siyasi Büro üzvləri DTK sədri kimi Yuri Andropovdan çəkiniblər və onun da iddialılar sırasında olduğunu zənn ediblər. Amma Andropov bu məsələdə ehtiyatlı davranıb. Belə ki, DTK şefi Kosıginin və Suslovun daha güclü rəqib olduğunu dərk edərək birincilik iddiasını büruzə verməyib və o, Brejnevi müdafiə edib. Andropov məsələləri zamanın ixtiyarına buraxıb. Düşünüb ki, zaman özü həm Kosıgini, həm də Suslovu sıradan çıxaracaq. Ən azı ona görə ki, Andropov Suslovdan 12, Kosıgindən isə 10 yaş kiçik olub. Elə bu məqsədlə də Andropov sona qədər Brejnevi baş katib kürsüsündə hamıdan çox qoruyub və sonda da öz istəyinə nail olub.
Kəskin xəstəliyindən, 1975-ci ildən sonra hələ 7 il də öz kürsüsünü əldən verməyən Brejnev bütün bu pərdəarxası mübarizələrdən xəbərdar olub. Baş katib qeyri-səmimi siyasətçilərin vəzifə ehtirasını yaxşı hiss edib. “Yumşaq” görünən Brejnev zaman-zaman sərt tədbirlərini həyata keçirib, Kreml oyunlarına hakimlik etməyi bacarıb, rəqiblərini zərərsizləşdirə bilib.
Məsələn, Andropovun fəaliyyətini nəzarətdə saxlamaq üçün o, öz yaxın adamı olan Semyon Sviqunu DTK-a sədrinə birinci müavin təyin edib. Güc strukturlarının birləşməməsi, qruplaşmaması üçün Brejnev Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Komitələrini, onların rəhbərləri olan Şelokovla Andropovu böyük peşəkarlıqla üz-üzə qoyub, düşmən edib.
Kosıgini zərərsizləşdirmək üçün Brejnev hökumətə partiya nəzarətini gücləndirmək məqsədilə Mərkəzi Komitənin katiblərinin sayını artırıb.
Brejnev müttəfiq respublikaların birinci katiblərinə birbaşa onun özü ilə görüşmək imkanı yaradıb ki, bununla da bütün qərarların qəbulu birbaşa baş katibdən gəlib. Həmçinin respublikaların birinci katiblərinin fəaliyyəti haqqında informasiyalar almaq üçün baş katib qapılarını diyar və vilayət Partiya Komitələrinin birinci katibləri üçün də açıq qoyub.
Leonid Brejnevin Mərkəzi Komitədə ən çox inandığı adam isə yuxarıda qeyd etdiyimiz kimi Mixail Suslov olub. Baş katib ona vəzifəsindən də artıq səlahiyyətlər verib. Ölkə üçün mühüm və vacib olan sənədlər Brejnevə təqdim olunanda, o, “görək Suslov bu məsələyə nə deyəcək” deyə, onunla məsləhətləşməyi vacib sayıb.
Beləliklə, Brejnev bu mübarizələrin içində düz 18 il SSRİ-nin sükanını saxlamağa nail olub.
İlham Cəmiloğlu, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ