İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovinadakı səfirimizdən Türkiyə ilə bağlı ilginc paylaşım

Vilayət Quliyev: “Nə o vaxtın Türkiyəsi indiki Türkiyə idi, nə də ki, ümumən pis adam təsiri bağışlamayan Sezer Rəcəb Tayyib Ərdoğan idi!”

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədəki şəxsi səhifəsində Türkiyədəki 14 may seçkiləri ilə bağlı çox maraqlı paylaşım edib.

Musavat.com bildirir ki, diplomat yazıb:

“Əhməd Necdət Sezer Türkiyənin 10-cu prezidenti seçiləndən az sonra, 2000-ci ilin iyul ayında Bakıya gəldi. Ardınca isə növbəti il 12-17 mart tarixlərində Azərbaycan Prezidentinin Türkiyəyə səfəri baş tutdu. Cankaya köşkündə xarici işlər nazirlərinin iştirakı ilə dövlət başçlarının türklər demiş "göz-gözə" (tet-a-tet) görüşü ərəfəsində Heydər Əliyev sanki mənim də fikrimi soruşurmuş kimi dedi: "Sezerin ağzını arayacam. Bir ilə yaxındır ki, Cümhurbaşqanıdır. Bundan əvvəl də Anayasa Məhkəməsinin sədri olub. Kifayət qədər hüquqi və dövlətçilik təcrübəsi var. Bilmək istəyirən görüm Qarabağ məsələsində mövqeyi nədir?”

Sayın Sezerin Bakı səfəri zamanı Heydər Əliyev onun cəmisi bir neçə ay əvvəl Cümhurbaşqanı seçildiyini nəzərə alıb həmkarına sadəcə Ermənistan-Azərbaycan münasibətləri və bu münasibətlərin son həddə qədər mürəkkəbləşməsində tarixi torpaqlarımıza əsassız erməni iddiaları barəsində geniş məlumat verməklə kifayətlənmişdi. Məsələ ilə bağlı hərbi-texniki əməkdaşlıqdan, qardaş Türkiyənin mümkün yardımından isə söz açmamışdı. İndi həmin söhbətin vaxtı çatmışdı.

Odur ki, xalqın tələbi və yekdil dəstəyi ilə hakimiyyətə gəldiyi, Azərbaycan vətəndaşlarının Qarabağ sorununu məhz onun çözəcəyinə inandığı, amma qonşu Ermənistan və havadarlarının destruktiv mövqeyi nəticəsində danışıqların dalana didrəndiyi haqda ətraflı danışdı. Başqa çıxış yolu qalmadığından məsələni artıq hərbi müstəviyə keçirmək qərarına gəldiyini bildirdi və savaş başlarsa qardaş Türkiyənin haqq işimizə hansı şəkildə dəstək verəcəyi ilə maraqlandı.

Cümhurbaşkanı Sezerin cavabı o qədər də ürəkaçan olmadı.

– Sayın Aliyev, – deyə o, hiss ediləcək dərəcədə rəsmi, bir az da quru və soyuq şəkildə sözə başladı. – Bildiyiniz kadarı ile Türkiyə bir NATO devleti. NATO-nun izni olmadan size bir kurşun bele veremeyiz...

Dəstək cavabı almayacağımız əvvəldən bilinsə də, Prezidentin əhvalının pozulduğu hiss edilirdi. Möhtərəm Sezer də ən azı ənənəvi şəkildə qardaş Türkiyənin həmişə Azərbaycanın yanında olacağını, haqq işimizə bütün mümkün vasitələrlə dəstək veriləcəyini deyə bilərdi. Amma görünür, belə hisslərdən uzaq idi. Nə etmək olardı? Nə o vaxtın Türkiyəsi indiki Türkiyə idi, nə də ki, ümumən pis adam təsiri bağışlamayan Sezer Rəcəb Tayyib Ərdoğan idi!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR