İnsanlara hürriyət, millətlərə istiqlal!

Boş qalan 9 deputat yeri - Gürcüstan nümunəsi bizdə də mümkündürmü...

“Hakimiyyət bu gündən proseslərə start versə...”

Ötən həftə qonşu Gürcüstanda hakim “Gürcüstan arzusu - Demokratik Gürcüstan” partiyasının namizədi parlamentdə boş qalmış deputat yeri üzrə aralıq seçkilərdə qalib gəlib. Səsvermə ilk dəfə olaraq elektron formatda aparılıb.

Məlumdur ki, deputat Qənirə Paşayevanın vəfatından sonra parlamentdə boş qalan deputat yerlərinin sayı 9-a çatıb. Bu il iyulun 14-də isə 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev vəfat edib. Həmçinin ötən il Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir. Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, E.Səlimovun deputat mandatına xitam verilib.

Həmçinin 2020-ci il avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov dünyasını dəyişib. Bundan əlavə, 2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı MSK baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.

Gürcüstandakı kimi bizdə də boş qalmış deputat yerlərinə aralıq seçkilərin keçirilməsi mümkünmü? 9 deputat yeri ilə bağlı hansı qərar ola bilər, yoxsa növbəti parlament seçkilərinədək (2025) onlar boş qalacaq? Qanun nə deyir?

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı yeni parlament seçkilərinin keçirilməsini, hətta deputat yerlərinin sayının artırılmasını zəruri hesab edir: “Qanunda qeyd olunub ki, boş qalmış yerlərə seçkilər keçirilməlidir. Amma Azərbaycanda deputatsız qalan 9 dairənin qanunvericiliyə xüsusi təsiri olmadığı üçün iqtidar bu yerlərdə seçkilər keçirməkdə maraqlı deyil. Görünür, iqtidar hazırkı məqamda siyasi aktivliyin tərəfdarı deyil. Çünki istər-istəməz müxalifətin, siyasi fiqurların bu seçkilərdə iştirak edəcəyini və bunun da siyasi proseslərdə aktivliyin artmasına gətirib çıxaracağını hesablamamış deyil. Ola bilsin ki, hakimiyyətə daxili stabillik daha önəmlidir, nəinki 9 yerə seçkilərin keçirilməsi. Bizim hələ 2020-ci il seçkilərində ləğv olunan 4 dairə ilə bağlı tələbimiz o idi ki, bu yerlərə mütləq seçkilər keçirilməlidir. Zatən Azərbaycanda əhali sayına düşən deputatların sayı azdır. Deputatlar əhalini təmsil etmə baxımından çatdırmırlar. 10 milyon əhaliyə 125 deputat təmsilçiliyi çox aşağıdır. 9 deputat yerinin boş qalmasını ortalama 50 mindən götürsək, 450 min seçicinin deputatsız qalması deməkdir. Qanunverici prosesdə bu qədər seçici təmsilçisiz qalır. Təbii ki, biz 9 yerə seçkilərin keçirilməsini çox istəyirik. Amma ümumilikdə götürəndə mənə elə gəlir ki, bu parlamentin böyük əksəriyyəti xalq, media arasında xüsusi fəaliyyəti ilə fərqlənmir. Onun üçün də bu parlament buraxılmalı və yeni parlament seçkiləri keçirilməlidir. Yeni siyasi reallıqları nəzərə alan və yeni Azərbaycana uyğun parlament formalaşdırılmalıdır. Mənə elə gəlir ki, qalib Azərbaycanla, yəni Qarabağı azad edərək, torpaqlarının bütövlüyünü təmin edən bir qalib ölkə ilə torpaqları işğal altında olan zaman seçkilərlə formalaşmış Milli Məclis ayaqlaşa bilmir. Odur ki, gələn il yaz və ya yay fəslində seçkilərin keçirilməsi məqsədəuyğundur, tək 9 yerə deyil, bütövlükdə 125 yerə. Yox, əgər 2025-ci ilə saxlamaq niyyətləri varsa, o zaman mütləqdir ki, bu 9 yerə seçkilər keçirilsin. Düşünürəm ki, parlament seçkilərindən öncə referendum keçirilməlidir. Konstitusiya dəyişikliyi ilə qanunverici orqandakı deputatların sayı artırılmalıdır. Eyni zamanda proporsional seçki sistemi qismən olsa da təmin edilməlidir. Qarışıq və ya tam proporsional seçki sisteminə keçid lazımdır. Bundan sonra da təbii ki, Seçki Məcəlləsi ona uyğun olaraq dəyişdirilməlidir. Belə götürəndə iqtidar qarşısında xeyli ağır proseslər var. İndidən başlasalar ancaq çatdıra bilərlər. Çünki üzümüzə gələn iki il ərzində 4 seçki keçirilməlidir. Bu dörd seçki də çox ağır seçkilərdir, yəni referendum, parlament, bələdiyyə və prezident seçkiləri. Bu dəyişiklikdən irəli gələn qanun dəyişiklikləri olmalıdır. Bunu çatdırmaq üçün hakimiyyət bu gündən bu proseslərə start versə, daha məqsəduyğun olar”. 

Həmin zaman sülhməramlılarla toqquşma həddinə gəlmişdik" - Elşad Musayev  GİZLİNLƏRİ açdı

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə boş qalmış deputat yerləri ilə bağlı seçkilərin keçirilməsini gözləmirik. Çünki bütövlükdə baxanda seçkilərin keçirilməsi vaxtına 1 il 4 ay qalır. Ya həmin vaxt, ya da gələn ilin yayından sonra seçkilər keçirilə bilər: "Boş qalan deputat yerlərinə seçkilərin baş tutacağı ilə əlaqədar bir gözləntimiz yoxdur. İndi Gürcüstan və başqa təcrübələr öz yerindədir. Reallıq onu deməyə əsas verir ki, hər hansı bir gözlənti gündəmdə deyil. Xüsusilə boş qalan dairələrlə üzrə seçkilərlə bağlı. Parlament seçkilərinə təbii ki, hər zaman hazırlıqlı olmaq lazımdır. Çünki ən gec halda seçkilərin keçirilməsinə onsuz da 1 il 4 ay müddət qalır". 

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap  olunacaq | 1news.az | Xəbərlər

Mikayıl Rəhimov

MSK-nın da məsələ ilə bağlı mövqeyini öyrəndik. Qurumun katibi Mikayıl Rəhimov bunarı dedi: “Diqqətinizə çatdırım ki, Milli Məclisə seçkiləri istər əlavə, istərsə də təkrar olsun, onu təyin edən orqan Mərkəzi Seçki Komissiyası deyil. Seçki günü təyin olunduqdan sonra sadəcə MSK vəzifəsini icra edir. Biz, əlbəttə, MSK olaraq, nə zaman qərar verilsə ki, təkrar, yaxud əlavə seçkilər keçirilsin, biz onun icrasını təmin etmiş orqan olacağıq. Amma nə zaman, necə olacaq, onu biz müəyyən edə bilmərik. Ona görə də bu barədə danışmağımız doğru olmazdı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR