Onlayn ictimai-siyasi qəzet
22 yaşadək boksçulardan ibarət milli komanda Azərbaycan tarixində yeni səhifə açmaqda davam edir. Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında yarımfinala yığmanın 4 üzvünün vəsiqə qazanması ilə medal sayında rekord təkrarlanmışdısa, bir gün öncə daha bir uğurlu seriya davam etdirilib.
Boksçularımızdan Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) yarımfinal döyüşlərini də qələbə ilə başa vuraraq, finala vəsiqə qazanıblar. Onlar uğurlu çıxış sayəsində həm çempionluğa bir addım yaxınlaşıb, həm də Azərbaycan xalqına və bokssevərlərə əsl Novruz bayramı hədiyyəsi ediblər. Növbəti döyüş hər iki təmsilçimiz üçün xüsusi önəm daşıyacaq. Onların hər ikisi çıxışını qələbə ilə başa vuracaqları halda, U-22-lərin Avropa çempionatında ilk dəfə 2 qızıl medala sahib olacağıq. Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək.
Komandamız artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar.
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə döyüşəcək.
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ