İnsanlara hürriyət, millətlərə istiqlal!

Boğulmalara səbəb Xəzərdəki zəlzələlərdir?

Əvvəlki günlərdə dənizin dayaz olan hissələri qəfil dərinləşir

Son günlər Bakıda istilər davam etsə də, Xəzər dənizində suyun hərarətinin kəskin enməsi ilə bağlı xəbərlər yayılır. Bildirilir ki, Bakıda isti adətən 30-35 dərəcə olanda, dənizdə suyun temperaturu 25-27 dərəcəyədək qızır. Amma son günlər istilərə baxmayaraq, dənizdə suyun temperaturunun kəskin düşdüyü müşahidə olunur. İddialara görə, buna səbəb Xəzərdə son bir həftədə baş vermiş zəlzələlərdir. Belə ki, zəlzələ dəniz suyunun qızmasını əngəlləyir, soyuq suyu üzə çıxarır. O da bildirilir ki, zəlzələlər dənizdə dərinliyə də ciddi təsir göstərir. Belə ki, əvvəlki günlərdə dənizin dayaz olan hissələri qəfil dərinləşir ki, bu da suda boğulmaların sayını artıra bilər. Demək olar ki, yayboyu hər 10 gündə bir dəfə boğulma, yaxud ölüm faktı qeydə alınır.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 16:05-də Xəzər dənizində zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib ki, təkanların maqnitudası 3.6, dərinliyi isə 60 km olub.

“Biosfer” İctimai Birliyinin  sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, Xəzər dənizində tez-tez zəlzələ olur: “Xəzər dağ əmələgəlmə bölgəsində yerləşir, bu da zəlzələlərlə müşahidə olunur.Təbii ki, zəlzələ nəticəsində dənizin dibindəki sərin su səthə qalxır.Dəniz suyunun sırf bu səbəbdən soyuması isə absurd iddiadır. Xəzər dənizinin müxtəlif hissələrində 3-5 dərəcə fərq var. Hazırda dəniz suyunun hərarəti 27 dərəcədən aşağı deyil”.

Qorxmaz İbrahimli "REAL" sədrinə səsləndi: "Siz nə danışırsınız?!"

Qorxmaz İbrahimli

Ekspert qeyd etdi ki, 7 bal (və ya daha çox) gücündə zəlzələ baş verərsə, nəinki sahil xətti dəyişə bilər, başqa dəyişikliklər də ola bilər: “Adətən Xəzərdə 2-3 bal gücündə zəlzələlər baş verir. Buna görə də sahil xəttinə heç bir təsiri yoxdur. Şelf bölgəsində qumlu sahillər var. Güclü külək zamanı dalğalar sahil xəttini deformasiya edir. Abşeron rayonu yüksək ballı zəlzələ zonasında yerləşmir. Samur-Abşeron ovalığının payı olsa da, qumsal platforma üzərində yerləşir. Yəni bu halda titrəşim zəif olur”.

Q.İbrahimli boğulmaların birinci səbəbi kimi insanların üzmə bacarığının olmamasını göstərdi: “Çox istərdim ki, boğulmaların qarşısını almaq üçün təbliğat genişləndirilsin. Dənizə girməmək çıxış yolu deyil,üzməyi öyrənmək lazımdır. Xəzər dənizinin sahilində yaşayanlar fürsətdən istifadə etsinlər. Bölgələrdə yaşayanlar isə üzməyi çaylarda öyrənə bilərlər.Təhlükəsizlik qaydalarına riayət etməklə hər kəs üzməyi bacarmalıdır. Gənclər ayağı yerə dəyməyəndə həyəcandan boğulub ölürlər. Dünyanın bir çox ölkələrində sahillərdə xüsusi nəzarət yoxdur, yalnız ehtiyac olduqda xilasedicilər cəlb olunur. Azərbaycanda batma halı çoxdur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR