Onlayn ictimai-siyasi qəzet
İlahiyyatçı: “Tək İraq deyil, nüfuzlu ölkələrin də sərt addımlar atması lazımdır...”
İyulun 24-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya zamanı iki etirazçı İslamın müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb. “Danimarka Patriotları” adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıb və öz murdar əməllərini həyata keçiriblər. Onlar qrupun sosial media hesablarında aksiyanı canlı yayımlayıblar.
Qeyd etmək yerinə düşər ki, son aylarda Danimarka və İsveçdə bir neçə dəfə müqəddəs kitabımız yandırılıb. İran və İraqda kitabın yandırılmasına qarşı etirazlar keçirilib. Etirazçılar İsveçin Bağdaddakı səfirliyini yandırıblar.
Yada salaq ki, az öncə BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib. Sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən aktlar pislənilir və qəti şəkildə rədd edilir.
Belə ki, BMT-nin İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyasında səsvermə zamanı 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.
BMT-də qəbul edilən bu qətnamənin qəbulundan sonra Danimarkada növbəti hadisənin baş verməsi də təsadüfi görünmür. Bəlkə bunun başqa anlamı da var? Nəzərə alınsa ki, BMT-nin bu cür mexanizmlərin icra edilməsi ilə bağlı cəzalandırma sistemi də yoxdur, bəs o zaman nə etməli?
Çingiz Qənizadə
Yeri gəlmişkən, qəzetimizin əvvəlki sayında hüquq müdafiəçisi Çingiz Qənizadə bildirmişdi ki, BMT-nin qətnamələri əsasən tövsiyə xarakterlidir: “Ölkələri bu cür addımlardan çəkinməyə vadar edir. Əgər məcburi və imperativ olsaydı, BMT-nin 4 qətnaməsi vardı və Ermənistana 30 il müddətində hansısa bir tədbirlər görmüş olardı. Amma müqəddəs kitabların yandırılması ilə bağlı BMT-nin qəbul etdiyi qərar təbii ki, alqışlanmalıdır. Çünki bu əslində dini ədavətin qızışdırılmasına yönələn bir hərəkətdir. Dinlə bağlı ədavətin qızışdırılması da həmişə çox böyük təhlükəli nəticələrə gətirib çıxara bilər. İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı İsveç hökumətinin ciddi addımlar atmaması və bunu insan hüquqları kimi dəyərləndirməsi də təbii ki, başadüşülən deyil. Belə hesab edirəm ki, İsveçdə yerli məhkəmə və digər hüquq-mühafizə orqanları gələcəkdə BMT-nin bu qətnaməsini də rəhbər tutaraq bu cür addımların qarşısını ala bilərlər.
Bu birinci dəfə deyil ki, Avropanın mərkəzində bu cür nalayiq hərəkətlər edir, İsveçdə Qurani-Kərim, müsəlmanların müqəddəs kitabı açıq şəkildə yandırılır. Buna dini ədavətin qızışdırılmasından başqa nə ad vermək olar. Məgər bu ifadə azadlığıdır? Bəhanə edirlər ki, guya ifadə azadlığıdır. Tamamilə yanlışdır. Belə hesab edirəm ki, İsveç hökumətinin və hüquq-mühafizə orqanlarının içində olan müəyyən revanşist qüvvələr var ki, onlar milli etiqadın qızışdırılması ilə bağlı, ədavətin salınması ilə bağlı addımlar atan, hər kəsə dəstək verən sifarişləri yerinə yetirirlər. Bu da olduqca təhlükəlidir".
Kənan Rövşənoğlu
Dini mövzular üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Skandinaviya ölkələrində artıq bir neçə dəfədir ki, bu cür hadisələr baş verir: “Maraqlıdır ki, hökumət bu addımları pisləsə də, icazə verir. Bir çox ekspertlər bunu o ölkələrdə qanundakı boşluqlar, söz azadlığı hüququnun üstünlüyü ilə izah edirlər. Amma bu ehtimal ciddi deyil və ən zəif tənqid qarşısında dayana bilmir. Çünki ən demokratik ölkələrdə belə qadağan edilən hərəkətlər var. Sadəcə, müsəlmanların müqəddəs kitabı hələlik o kateqoriyaya daxil edilməyib. Buna görə də hökumət bu addımı tənqid etsə də yerli qanunlar icazə verir”.
Ekspert məsələnin digər tərəfinə toxunaraq deyib ki, bu aksiyaya məqsədli şəkildə icazə verərək həm ölkə daxilində, həm də xaricdə müsəlmanlar və Avropa arasında nifrəti artırırlar: “Bunda, əlbəttə, radikal sağçı siyasi təşkilatlar, miqrasiya əleyhinə olan qruplar və radikal xristian qruplar maraqlıdır. Müqəddəs kitabları, ümumiyyətlə, kitabı yandırmaq vandallıq, vəhşilikdir, bunu kim hansı adla edirsə-etsin. Eyni zamanda bu əmələ haqq qazandıranlar da cinayətkar və vəhşi xarakterlidirlər. Kimsə bunu etməklə müsəlmanlar arasında Quranın yandırılmasının adiləşəcəyini düşünürsə səhv edir. Ancaq təəssüf ki, müsəlman ölkələri bu məsələdə iradə nümayiş etdirə bilmir. Yalnız İraq sərt etiraz bildirib, halbuki İraq zəif, beynəlxalq nüfuzu az olan ölkədir. Digər nüfuzlu ölkələrin sərt addımlar atması, mövqe nümayiş etdirməsi lazımdır”.
HAZIRLADI: Afaq MİRAYİQ
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ