Onlayn ictimai-siyasi qəzet
BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub.
Musavat.com xəbər verir ki, “Ermənistan silahlı qüvvələri tərəfindən “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə BQXK-nin Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır.
Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib.
2021-ci ilin 17 fevralında Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.
İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb.
Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri Orxan Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.
Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.
Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilib. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olub.
2021-ci ilin sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bu məsələni diqqətə çatdıraraq deyib:
“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.
Şahanə Rəhimli
Musavat.com
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ