İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən İrəvana tərs şapalaq - düşmənin arzusu gözündə qaldı

Fransa prezidentinin təşəbbüsü ilə müzakirə olunan Ermənistan-Azərbaycan gərginliyi ermənilər üçün "0" nəticə ilə bitdi; KTMT-nin "yox" cavabından sonra Təhlükəsizlik Şurası da rəsmi İrəvana dirsək göstərdi

Fransa Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-də gecə başlayan döyüşlərlə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını çağırdı və 15 sentyabrda iki ölkənin hələ dəqiqləşməyən sərhədindəki eskalasiya müzakirə edildi. Lakin Ermənistanın və Fransanın gözləntiləri baş tutmadı. Belə ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı hər hansı qətnamə qəbul etmədi, yalnız iclas tövsiyə xarakterli çıxışlar və açıqlamalarla yadda qaldı.

Xüsusilə Rusiya və Çinin mövqeyi nəticəsində TŞ Azərbaycana qarşı hər hansı qətnamə qəbul edə bilmədi. Bununla da Ermənistanın, konkret olaraq, Nikol Paşinyanın Azərbaycanı beynəlxalq müstəvilərdə və diplomatik ünvanlarda təkləmək taktikası baş tutmadı. Report xəbər verir ki, iclasda BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Ermənistanın BMT yanında Daimi Nümayəndəsi Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin, o cümlədən Çin, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və sair dövlətlərin nümayəndələri iştirak ediblər. İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb. İclasda çıxış edən ölkələrin nümayəndələri qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında erməni tərəfinin davamlı dezinformasiyasından danışıb. AZƏRTAC xəbər verir ki, Y.Əliyev erməni sosial şəbəkələrinin guya Ermənistan ərazisində məhv edilmiş mülki obyektlərin fotoşəkilləri ilə dolu olduğunu bildirib. Deyib ki, əslində, bunlar 2020-ci ilin payızında müharibə dövründə Ermənistan silahlı qüvvələrinin raket zərbələri ilə dağıdılmış Azərbaycan mülki obyektlərinin, xüsusən həmin il oktyabrın 28-də şiddətli raket atəşinə məruz qalmış Bərdə şəhərinin fotoşəkilləridir, həmin zərbələr nəticəsində 21 nəfər dinc sakin həlak olub, 70-dən çox sakin yaralanıb.  Daimi nümayəndə qeyd edib: “Bizim beynəlxalq tərəfdaşlarımızın müraciətləri nəzərə alınmaqla sentyabrın 13-də Bakı vaxtı ilə səhər saat 9-dan başlayaraq atəşkəs haqqında razılıq əldə edilib. Lakin Ermənistan silahlı qüvvələri beynəlxalq birliyin diqqətindən siyasi manipulyasiya məqsədilə istifadə edərək böhranı daha da genişləndirmək kimi ağılsız cəhd göstərərək artilleriyadan və digər ağır silahlardan atəş açıb, sərhədyanı rayonlarda hücumları və təxribatları davam etdirib. Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması nəticəsində Azərbaycan hərbi qulluqçuları arasında əlavə itkilər olub. Bundan əlavə, iki dinc sakin ağır yaralanıb”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Polkovnikdən sensasion açıqlama: “Dövriyyəyə daha böyük güclər girirlər”

Xatırladaq ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə etmişdi. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırmışdı. Həmçinin dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırmışdı. Proses Azərbaycanın istəyinə uyğun şəkildə sonuclandı və Ermənistan KTMT-dən aldığı “yox” cavabının ardınca BMT TŞ-dən də tərs şapalaq yedi. Beləliklə, Ermənistanın Azərbaycanı hərbi müstəvi və formatlarda sıxışdırmaq cəhdləri də alınmadı. Düzdür, KTMT formatında da şikayətləri dinlənildi, lakin nəticə olmadı. “Rus NATO”sunun təmsilçiləri İrəvandadırlar və son hadisələri araşdırırlar. Ancaq bu araşdırmalar da Azərbaycana hər hansı təhlükə vəd etmir, çünki qurum Azərbaycanla münasibətləri korlamaq marağında deyil. Beləliklə, Ermənistan öz günahı ucbatından növbəti bir beynəlxalq fiasko yaşamış oldu. KTMT-nin bölgəyə hərbi qüvvələr göndərilməsi təklifinə verdiyi “yox” cavabından sonra Təhlükəsizlik Şurası da rəsmi İrəvana dirsək göstərdi. BMT TŞ onun 4 qətnaməsini 30 il icra etməyən quruma “yaşıl işıq” yandırsa, özünü də gözdən və nüfuzdan salardı...

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, bu gün Ermənistanın, onun siyasi-hərbi cameəsinin, bütövlükdə cəmiyyətinin yaşadığı gərgin, əsəbi və stress vəziyyətinin səbəbini özlərində axtarmalıdırlar: “Bir dövlət və xalq nə vaxta kimi kimlərinsə əlində alət olacaq, öz qonşusuna və qonşularına qarşı bu qədər aqressiv davranış nümayiş etdirəcək? Necə deyərlər, yetər artıq! Sadə insanından tutmuş dövlət idarəçiliyinə kimi hamı yalanı, riyakarlığı özünə yaşayış tərzi seçib. Və indi etdiyi katastrofik siyasi və hərbi səhvi aradan qaldırmaq üçün az qala dünyanın yarısına yalvarmaq zorundadır. Böyük və kiçik dövlətlər artıq Ermənistanın bir dövlət olaraq özünə və sözünə son dərəcə sayğısız yanaşdıqlarını görür və ona uyğun addım atır, qərar verirlər”.

Ü.Cəfərov bildirdi ki, ermənilərin ən son ümid yerləri kimi demək olar ki, formal bir təşkilat olan KTMT-yə üz tutması ilə nəticələndi: “Hər kəs əmin ola bilər ki, bu təşkilat da ermənilərin avantürasına dəstək verməyəcək. Ora gələn balaca bir qrup da sadəcə vaxt udmaq və formal olaraq özünün varlığını necəsə göstərmək cəhdidir. Ermənistan baş nazirinin son günlər ardıcıl etdiyi çıxışlar, tez-tələsik, yanlış bəyanatlar onların vəziyyətinin necə ağır olmasını açıq büruzə verir”. Polkovnik qeyd etdi ki, yaxın bir neçə günə biz bir qədər də maraqlı hadisələrin şahidi olacağıq: “Dövriyyəyə daha böyük güclər girirlər. Onların biri Paşinyanın hakimiyyətdən getməsini istəyirsə, okeanın o tayından Paşinyanı faktiki xilas etmək üçün çabalar göstərirlər. Bu arada Ermənistan cəmiyyəti də daha da ciddi və hətta vəziyyəti nəzarətdən çıxara biləcək nöqtəyə gəlib çıxa bilər. Hadisələr də onu göstərir ki, vəziyyət get-gedə daha da mürəkkəbləşir və dramatikləşəcək”.

BMT və KTMT-də uğursuzluğa düçar olan Ermənistan indi də Avropa İnsan Haqları Məhkəməsinə ümid bağlayır. On illər boyunca Azərbaycanın yüz minlərlə insanının işğal nəticəsində pozulmuş hüquqlarına məhəl qoymayan Avropanın bu institutu indi Bakıda həbsdə olan erməni terrorçuların halına yanmağa başlayıb ki, bu da təəssüf doğurur. Amma şübhəmiz yoxdur ki, ermənilər bu dəfə də sadəcə, “kabab iyi”nə gedirlər, nəticəni görəcəklər...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR