İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də yeni “blokada” müzakirəsi hazırlığı-az qaldı...

İlk yayımlanma saatı: 01:00

ABŞ Laçın yoluna “yardım karvanı” göndərə bilər

Erməni lobbisi bütün təsir dairələrini hərəkətə gətirərək, yenidən BMT Təhlükəsizlik Şurasında “Qarabağdakı humanitar böhranla” bağlı müzakirələrin keçirilməsinə və qətnamə qəbul edilməsinə çalışır. Bu işdə ən fəal Amerika Erməni Milli Komitəsi-“Hay Dat”dır.

“Hay-Dat” “humanitar böhran”la bağlı Bayden administrasiyasına və Konqresə təzyiqləri artırıb. Erməni lobbisinin dünyada əsas mərkəzi olan “Hay Dat” ABŞ-ı BMT Təhlükəsizlik Şurasında Qarabağdakı “xristian əhalinin blokadasını” pisləyən, “Laçın dəhlizinin dərhal açılmasını tələb edən” müvafiq qətnamə qəbul etməyə çağırıb. Bildirilir ki, xüsusi elektron platformalar vasitəsilə prezident Baydenə, vitse-prezident Harrisə və ABŞ Konqresinin hər iki palatasının üzvlərinə 200 mindən çox məktub (?!) göndərilib. Erməni lobbisi ABŞ-ın Qarabağdakı erməni əhalisinə humanitar yardım karvanı göndərməsini, “blokadaya görə məsuliyyət daşıyan” Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiqini və Bakıya “digər vasitələrdən istifadə etməklə” təzyiq göstərilməsini istəyir.

Erməni lobbisinin niyə belə tələsdiyinin səbəbi aydındır. Avqust ayının 31-də Birləşmiş Ştatların Təhlükəsizlik Şurasına bir aylıq sədrliyi başa çatır. Əgər bu şans əldən buraxılsa, sentyabrda bu müzakirələri təşkil etmək çətin olacaq. Çünki sentyabrda Təhlükəsizlik Şurasına sədrlik Albaniyaya, oktyabrda Braziliyaya, noyabrda isə Çinə keçəcək. Dekabr ayı boyunca isə qurumda Ekvador sədr olacaq.

Diqqət etdinizsə, ABŞ-dan sonrakı üç sədr-ölkə son müzakirələrdə Ermənistanı narazı salan mövqe tutublar. O səbəbdən erməni lobbisi Ağ Ev administrasiyasına bütün mümkün vasitələrlə hücuma keçiblər. 

1671634440_567567_1532163320.jpg (144 KB)

Ermənipərəst konqresmen Adam Şiff isə videomüraciət yayaraq ABŞ hökumətini yenidən BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyə və Azərbaycana hərbi yardımını dayandırmağı nəzərdə tutan “907-ci düzəlişin” tətbiqinə çağırıb. Adam (olmayan) Şiff iddia edib ki, guya ABŞ Dövlət Departamenti və USAİD diplomatik yolla Prezident Əliyevin Laçın dəhlizinin “blokadası”na son qoymağa çalışıb, lakin faydası olmayıb.

Konqresin Erməni İşləri üzrə Qrupunun həmsədri Frank Pallone, Nümayəndələr Palatasının üzvləri Toni Kardenas, Cudi Çu, Raca Krişnamurfi, Set Shoper, Jim McGovern, Keti Porter, Dina Titus və Bill Cassidi də Təhlükəsizlik Şurasında qətnamə qəbul etmək çağırışına qoşulublar.

BMT-dəki məlum müzakirələrdə ABŞ-ın daimi nümayəndəsi “humanitar vəziyyəti daha da gərginləşdirən Laçın dəhlizinin bağlanmasından” narahatlığını bildirib. O, Azərbaycan hökumətini “dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə” çağırıb. 

esas foto.jpg (2.27 MB)

Ermənilər bu konteksdə Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin çıxışından narazılıqlarını hələ də davam etdirirlər. Polyanskinin çıxışını “nə şiş yansın, nə kabab” və “iki stulda oturmaq cəhdi” kimi qiymətləndiriblər. Xüsusilə Polyanskinin müzakirələrin BMT səviyyəsində deyil, Bakı və İravan arasında həllinə tərəfdar olduqlarını və Xankəndi-Ağdam yolundan istifadənin mümkünlüyü barədə dediklərini hələ də “həzm edə bilmirlər”.

Məlumdur ki, BMT Baş Assambleyadan fərqli olaraq, Təhlükəsizlik Şurası müntəzəm olaraq toplaşmır. İclas istənilən vaxt təcili olaraq çağırıla bilər. Təhlükəsizlik Şurasının üzvləri növbə ilə bir ay müddətində sədrlik edir. Növbə ingilis əlifba sırası ilə yerləşən ölkələrin adları ilə qurulur.

"Təhlükəsizlik Şurasının Müvəqqəti Prosedur Qaydaları" na əsasən, iclaslar "sədr tərəfindən zəruri hesab edilən istənilən vaxtda çağırılır, lakin onların arasındakı interval 14 gündən az olmamalıdır. Yəni ermənilər “humanitar böhran” la bağlı ikinci müzakirələrin avqustun son həftəsində gündəliyə daxil ediləcəyinə ümid edirlər. 

83292_large.jpg (27 KB)

BMT Təhlükəsizlik Şurası müzakirələrdən sonra qətnamələr qəbul edir. Sənədin qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının ən azı doqquz üzvü səs verməlidir. Eyni zamanda, beş daimi üzvdən hər hansı birinin əleyhinə səs verməklə qətnaməyə veto qoymaq hüququ var.

Beş daimi üzvün hamısı əlbəttə ki, veto hüququndan istifadə edir. Daimi üzvlərdən biri təklif olunan qətnamə ilə tam razılaşmırsa, lakin veto hüququndan istifadə etmək istəmirsə, o, səsvermədə bitərəf qala bilər. Beləliklə, zəruri doqquz səs verildiyi təqdirdə qətnamənin qəbuluna icazə verə bilər.

Ermənilər bu üzdən avqustun sonunadək Təhlükəsizlik Şurasının müzakirəsinə çalışırlar. Bəs, bu cəhd baş tutacaqmı? Bunu yaxın günlərdə mütləq biləcəyik...

 

Nazim SABİROĞLU
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR