İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznes və kənd təsərrüfatına kreditlər artacaqmı - tələblər yumşaldılır, amma...

Ekspert: “Burada ən böyük risklər mülkiyyət, müqavilə hüququnun qorunmaması, rəqabətin olmamasıdır”

Azərbaycan Mərkəzi Bankı (AMB) real sektorun və kənd təsərrüfatının kreditləşməsi ilə bağlı tənzimləyici aktlarında dəyişikliklər edib. Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, dəyişikliklərlə iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilib. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilib. AMB-dən bildirildiyinə görə, bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcək.

Dəyişikliklərlə həmçinin  ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılıb.

İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılıb. Eyni zamanda bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilib: “Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsaitlərinin iqtisadi artımda effektiv rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır”.

Mərkəzi Bank həmçinin kənd təsərrüfatı kreditləri və digər məsələlərlə bağlı tənzimləyici aktlarda da dəyişikliklər edib. Dəyişikliklər “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydası, “Bank kapitalının və onun adekvatlığının hesablanması” Qaydaları, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qayda və “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydasında aqrar sahənin xüsusiyyətləri və potensial risklərinin minimallaşdırılması ilə bağlı tələbləri özündə əks etdirən aşağıdakı istiqamətləri əhatə edir:

- Kənd təsərrüfatı sahəsinin kreditləşməsini dəstəkləyən requlyativ çərçivəyə “kənd təsərrüfatı krediti” anlayışı və borcalanlar üzrə meyarlar daxil edilib. Kənd təsərrüfatı məhsullarının istehsal prosesini əhatə edən xərclərin, istehsal avadanlıqlarının alınması və kənd təsərrüfatı sahəsində inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə verilmiş kreditlər “kənd təsərrüfatı krediti” anlayışına aid edilib. Məhsul istehsalçısı özü olmayıb, yalnız emal və ticarətlə məşğul olan şəxslərə verilmiş kreditlər isə kənd təsərrüfatı krediti deyil, standart biznes kreditləri kimi təsnifləşdiriləcək. Əlavə olaraq, anlayışa aid edilməsi üçün kənd təsərrüfatı subyektinə müvafiq elektron informasiya sistemində qeydiyyatının və bu sahədə müəyyən təcrübəsinin olması kimi meyarlar müəyyənləşdirilib. Eyni zamanda kənd təsərrüfatı kreditləri üzrə borcalanlar sırasına ailə kəndli təsərrüfatları da daxil edilib;

- Kənd təsərrüfatı kreditlərinin xüsusiyyətləri, o cümlədən mövsümilik faktoru nəzərə alınaraq onlara münasibətdə daha yumşaq ehtiyatlanma tələbləri tətbiq edilib.

- Kənd təsərrüfatı kreditləri üzrə kapital tələbləri müəyyənləşdirilib. Mikrosahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri 75 faizli risk qrupuna, ailə kəndli təsərrüfatlarına verilmiş kənd təsərrüfatı kreditləri 100 faizli risk qrupuna aid edilib. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara verilmiş kənd təsərrüfatı kreditləri isə 50 faiz mövcud risk qrupunda saxlanılıb. Eyni zamanda dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin onun yerinə yetirilməsinə zəmanət verən fondların zəmanətinin qeyd-şərtsiz təmin olunmuş hissəsi 20 faizli risk qrupuna aid edilib. Bu da öz növbəsində, digər kreditlərlə yanaşı fondların hər hansı biri üzrə zəmanəti olan kənd təsərrüfatı kreditlərinə də bankların marağını artıracaq;

- Kənd təsərrüfatı kreditləri üzrə xüsusi anderraytinq, restrukturizasiya, monitorinq və kredit inzibatçılığı tələbləri müəyyənləşdirilib. Bu növ kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əlavə tələblər (aqrar sığortanın olması) və kredit dosyesi üçün əlavə sənədlər, restrukturizasiya olunmuş kənd təsərrüfatı kreditləri üzrə təsnifləşdirmə tələbləri müəyyən edilib. Kredit inzibatçılığı ilə bağlı bu növ kreditlər üzrə ödəniş cədvəlində sahibkarlıq subyektinin fəaliyyət sikli və mövsümi xüsusiyyətlərinin nəzərə alınması, bankın kredit risklərinin idarə edilməsi siyasətində kənd təsərrüfatı kreditlərinin maliyyələşdirilməsi tələblərinin əhatə edilməsi və bu kreditlərin monitorinqi üzrə tələblər təyin edilib.

Mərkəzi Bankda hesab edirlər ki, tətbiq edilən dəyişikliklər bankları kənd təsərrüfatı sektorunun kreditləşməsində aktiv iştiraka təşviq edəcək.

Göründüyü kimi, Mərkəzi Bank etdiyi dəyişiklikləri iki istiqamətdə - biznes və kənd təsərrüfatında kreditləşmənin həcmini artırmaq məqsədi ilə əsaslandırır. Hər iki sahə Azərbaycanda maliyyə əlçatanlığı baxımından böyük çətinliklər yaşayır.

AMB-nin rəsmi məlumatına əsasən bu ilin avqust ayında bankların kredit portfeli 2.1 faiz və ya 442.2 milyon manat artaraq 21 milyard 814.2 milyon manata yüksəlib. Bu zaman kredit portfelinin strukturunun 54.2 faizi (11 milyard 821.8 milyon manat) biznes kreditlərinin, 29.9 faizi (6 milyard 532.5 milyon manat) istehlak kreditlərinin, 15.9 faizi (3 milyard 459.9 milyon manat) isə ipoteka kreditlərinin payına düşüb. Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 milyon manat, istehlak kreditləri 156.5 milyon manat, ipoteka kreditləri isə 86.6 milyon manat artıb.

AMB-nin Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, biznes kreditlərində kənd təsərrüfatı sahəsinə verilən kreditlərin həcmi əvvəlki illərə nisbətən artaraq 2022-ci ilin sonuna 22,5 faizə çatıb. Ümumilikdə, aqrar sektora verilən biznes kreditlərinin təxminən üçdə ikisi kommersiya banklarının vəsaiti, qalan hissəsi müxtəlif dövlət fondlarının iştirakı ilə formalaşıb.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2022-ci il ərzində aqrar sektorda fəaliyyət göstərən 4702 fiziki və hüquqi şəxsə 74,4 milyon manat məbləğində güzəştli kredit verilib. 2021-ci ilin göstəricisi ilə müqayisədə güzəştli kredit alanların sayı 159 nəfər, kreditin həcmi isə 2,9 milyon manat və ya 4 faiz artıb.

Ötən il təqdim edilən kredit məbləğinin 42,8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 670 min manatı güzəştli kreditlər, 30,9 milyon manatı mikrokreditlər, 10 min manatı isə damazlıq heyvan alışı üçün kreditlər olub.

Bununla yanaşı ötən il AKİA tərəfindən 12 458 baş damazlıq heyvan alışına 28,8 milyon manat, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün isə 89,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

2023-cü ilin yanvar-avqustunda isə AKİA tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Həmçinin 8 ayda  aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb. Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Kreditlərin 59,8 faizi kənd təsərrüfatı, 23,9 faizi sənaye məhsullarının istehsalı və emalı, 6,5 faizi turizm, 9,9 faizi isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib.

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”  - 06.08.2021, Sputnik Azərbaycan

Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Mərkəzi Bankın əsas məqsədi maliyyə sabitliyini qorumaqdır: “Banklar biznesdən, əhalidən əmanət şəklində pulu qəbul edir sonra onu kredit verirlər. Mərkəzi Bank çalışır ki, banklar verdikləri kreditləri geri alsınlar və əhali, biznes qarşısında öhdəliklərini icra etsinlər. Buna görə də bankların verdikləri kreditləri müəyyən risk  əmsalları ilə əmsallaşdırır ki, ona uyğun ehtiyatlar yaradılsın, dəqiq təsnifləşdirmə aparır və sair. Mərkəzi Bank həmçinin istehlak kreditlərinə olan tələbləri sərtləşdirir ki, banklar real sektora daha çox kredit ayırsınlar. Bir qayda olaraq, qısa müddətə və yüksək faizlə verilən istehlak kreditləri banklar üçün uzun müddətə və aşağı faizlə verilən biznes kreditindən daha cəlbedici gəlir. Bu da banklarımızın uzunmüddətli hədəflərlə işləməmələrindən irəli gəlir: iqtisadiyyatın qanunudur ki, böyük və uzunmüddətli layihələr gələcək dövr üçün daha çox gəlir gətirir. Biznes inkişaf edir, daha çox müəssisələr yaradılır, daha çox insan əmək haqqı alır və banklar üçün daha geniş və etibarlı müştəri bazası formalaşır. Bizim banklar belə uzunmüddətli perspektivə deyil, qısamüddətli qazanca üstünlük verirlər. İndi Mərkəzi Bank uzunmüddətli və böyük layihələrin maliyyələşdirilməsi üçün tələbləri yumşaldır ki, banklar belə layihələrə daha çox kredit ayırsınlar”.

Ə.Həsənov qeyd edir ki, Mərkəzi Bankın tələbləri yumşaltması ilə əslində biznes, yaxud kənd təsərrüfatı kreditlərinin risk dərəcəsi azalmır: “Sadəcə, banka bu kreditlər üzrə daha az ehtiyat tələbi qoyulur. Düzünü deyim, hətta bu yumşalmaların da indiki şərtlərlə bankların vəsaitlərini daha çox biznesə və kənd təsərrüfatına yönəltməsinə gətirib çıxaracağını düşünmürəm. Çünki real sektorun kreditləşməsini çox riskli edən amillər arasında Mərkəzi Bankın tələbləri sonuncu yerdədir. Burada ən böyük risklər mülkiyyət hüququnun, müqavilə hüququnun qorunmaması, rəqabətin olmaması və sairdir. Mərkəzi Bankın dəyişiklikləri onları aradan qaldırmır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR