İnsanlara hürriyət, millətlərə istiqlal!

Biznes kreditlərinin portfel payı artır

Kiçik və orta sahibkarların kredit problemi həll olunurmu?

Azərbaycanda biznesin maliyyə resurslarına əlçatanlığı uzun illərdir problem olaraq qalır. Xüsusilə kiçik və orta sahibkarların kredit əldə etməsi sahəsində problemlər, demək olar ki, dəyişməz qalır. Baxmayaraq ki, dövlət Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi qurumlar vasitəsilə kiçik və orta sahibkarlığın kreditləşməsi üçün güzəştli mexanizmlər yaradıb, bu mexanizmlərdən yararlana bilən sahibkarların sayı çox məhduddur.

Rəsmi statistikaya əsasən, son illərdə ölkə üzrə bank kreditlərinin tərkibində biznes kreditlərinin payı artır. Mərkəzi Bankın məlumatına əsasən 2022-ci ildə bankların verdiyi biznes kreditlərinin həcmi 11,4 faiz artmaqla 10 milyard 855,06 milyon manata çatıb.

2022-ci ilin sonuna bankların kredit portfelinin strukturunda 55,4 faiz biznes kreditləri, 29,4 faiz istehlak kreditləri, 15,2 faiz ipoteka kreditinin payına düşüb. Məlumata əsasən, 2022-ci ildə sənaye sahəsinə verilən kreditlər istisna olmaqla biznes portfelinin bütün sahələri üzrə artım müşahidə edilib. Xüsusilə biznes portfelində ticarət və xidmət sektorlarına verilmiş kreditlər daha yüksək paya malikdir (48 faiz).

Biznes portfelinin artımının əsas drayverləri kimi isə ticarət (545 milyon manat), kənd təsərrüfatı (255 milyon manat), xidmət və digər qeyri-istehsalat (220 milyon manat) sahələrinə verilmiş kreditlər çıxış edib.

2022-ci ildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 28 faiz artaraq 5.7 milyard manata çatıb. Nəticədə, onlara verilmiş kreditlərin biznes portfelində payı 50 faizi ötüb.

AMB-nin məlumatına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı da artmaqdadır. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35 faiz (1.3 milyard manat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına belə subyektlərə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 faiz bəndi artaraq 89 faiz olub

2023-cü ilin yanvar-mart aylarında biznes kreditlərinin artımı davam edib. Mərkəzi Bankın məlumatına görə, 31 mart 2023-cü il tarixinə bankların ümumi kredit portfeli 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2,3 faiz artaraq 20 milyard 38,59 milyon manat təşkil edib. Bu zaman biznes kreditləri portfeli 1,1 faiz artaraq - 10 milyard 971,39 milyon manata çatıb və bütün kredit portfelinin 54,8 faizinə bərabər olub.  Bazarın əsas payçısı “PAŞA Bank” ASC-dir. Ümumi biznes krediti portfelinin 21.6 faizi, yaxud 2 milyard 368.79 milyon manatı bu bankın payına düşür. İkinci sırada 1 milyard 573.55 milyon manatla ABB və üçüncü sırada 1 milyard 226.62 milyon manatla “Xalq Bank” ASC dayanır. Bu üç bank bazarın 47.12 faizini əlində cəmləyir.

S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə görə, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2025-ci ilə kimi artacaq. Agentlik hesab edir ki, Azərbaycan banklarının özəl sektora kredit qoyuluşu 2022-ci ildəki 2,7 faiz azalmadan sonra, bu il 2,8 faiz, 2024-cü ildə isə 2,1 faiz artacaq.

“Standard & Poor’s” həmçinin, bankların özəl sektora kredit qoyuşulunun ümumdaxili məhsulda (ÜDM) payının artacağını proqnozlaşdırıb. Agentlik bankların sektora kredit qoyuluşunun ÜDM-ə nisbətinin 2022-ci ildə 15,6 faizdən 2023-cü ildə 18,5 faizə, 2024-cü ildə isə 20,5 faizə qədər artacağını gözləyir.

Reytinq agentliyi bundan əlavə, Azərbaycanda həm istehlak kreditləri, həm də biznes kreditləri portfelinin ÜDM-ə nisbətinin artacağını açıqlayıb. S&P-yə görə, bankların istehlak kreditləri portfelinin ÜDM-də payı 2022-ci ildəki 8,8 faizdən 2023-cü ildə 10,2 faizə, 2024-cü ildə isə 11,9 faizə yüksələcək. Sektorun biznes kreditləri isə 2023-cü ildə ÜDM-in 8,3 faiz, 2024-cü ildə isə 8,7 faizinə qədər artacaq. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 6,9 faiz təşkil edib.

Natiq Cəfərli: "Qiymət artımının dövlətin aldığı qərarlarla heç bir əlaqəsi  yoxdur"

Natiq Cəfərli

Biznes kreditlərinin artım dinamikası, ölkə biznesi üçün yetərlidirmi? Kiçik və orta sahibkarlar xüsusilə dövlətin güzəştli kredit mexanizmlərindən yetərincə bəhrələnə bilirlərmi? İqtisadçı-ekspert Natiq Cəfərli Sahibkarlığın İnkişafı Fondunun hesabatı əsasında kiçik və orta sahibkarların dövləti  güzəştli kreditlərinə əlçatanlığının çox aşağı olduğunu deyir: “Fond son hesabatını açıqlayıb: 946 milyon 58 min manat cəmi kredit portfelinin 704 milyon 173 min manatını və ya 74,4 faizini iri həcmli kreditlər (1 milyon 1 manat - 10 milyon manat civarında olan), 137 milyon 517 min manatını və ya 14,5 faizini orta həcmli kreditlər (50 min 1 manat - 1 milyon manat civarında), 104 milyon 368 min manatını və ya 11,1 faizini kiçik həcmli kreditlər (50 min manatadək) təşkil edib. Görünən odur ki, kiçik sahibkarlıq yaddan çıxıb, amma dərd bu da deyil - Fondun verdiyi kreditlərin 26,3 faizi, və ya 255 milyon 664 min manatı problemli kreditlərdir. İri həcmli kredilərin 24,8 faizi, orta həcmli kreditlərin 19,2 faizi və kiçik həcmli kredilərin isə 44 faizi problemli kreditlər təşkil edir. Yən  problemli kreditlərdə faiz nisbətində ən çox kiçik kreditlər göünsə də (44 faiz), məbləğ olaraq cəmi 45,9 milyon manatdır. Problemli kreditlərin 174 milyon 380 min manatı 1-10 milyon manat arası olan kreditlərdir”.

Əksər ekspertlər hesab edirlər ki, kiçik və orta sahibkarların kredit probleminin arxasında inhisarlaşmanın yüksək səviyyəsi, məmurların biznes fəaliyyətinin hələ də davam etməsi dayanır. Bundan əlavə, Azərbaycanda real sektorda risklər yüksək olduğuna görə banklar biznesi, xüsusilə kiçik və orta biznesi maliyyələşdirmək istəmir, yaxud riskləri sığortalamaq üçün yüksək faiz və dəyəri kredit məbləğindən də artıq olan girov tətbiq edirlər.

Yazını hazırladı: Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR